Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.06.2026 16:42
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana ilə Türkiyənin “Mirakıl” verilənlər emalı şirkəti arasında onlayn görüş keçirilib

Mərkəzi Elmi Kitabxana ilə Türkiyənin “Mirakıl” verilənlər emalı şirkəti arasında onlayn görüş keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Türkiyənin “Mirakıl” verilənlər emalı şirkəti arasında əməkdaşlıq perspektivlərinin müzakirəsinə həsr olunmuş onlayn görüş keçirilib.

Görüşdə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov və “Mirakıl” verilənlər emalı şirkətinin direktoru Rumeysa Çölden arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Hüseyn Hüseynov rəhbərlik etdiyi kitabxananın fəaliyyəti, xidmətləri və rəqəmsal imkanları barədə məlumat verib. Direktor bildirib ki, müasir kitabxanalar oxucu məmnunluğunu təmin etmək, eləcə də informasiya məkanında mövqe tutmaq üçün innovativ texnoloji həllərdən geniş istifadə etməlidirlər.

Daha sonra Rumeysa Çölden rəhbərlik etdiyi şirkətin fəaliyyəti, tətbiq etdiyi informasiya texnologiyaları həlləri və həyata keçirdikləri beynəlxalq layihələr barədə ətraflı məlumat verib.

Görüş zamanı şirkətin nümayəndəsi Mehmet Faruk Akgül KOHA Avtomatlaşdırılmış Kitabxana İdarəetmə Sistemi və onun funksional imkanları haqqında danışıb. Bildirib ki, sistem Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən 2 mindən çox kitabxanada tətbiq olunur və “Mirakıl” şirkəti onun texniki və proqram təminatı üzrə dəstəyini həyata keçirir. Təqdimat zamanı KOHA sisteminin modulları, həmçinin korporativ kitabxana şəbəkələrinin qurulmasındakı rolu diqqətə çatdırılıb.

Müzakirələr zamanı KOHA sisteminin digər proqram təminatları ilə inteqrasiyası, xüsusilə İRBİS proqramı ilə biblioqrafik məlumat mübadiləsi imkanları, eləcə də tələb olunan texniki avadanlıqlarla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Görüş çərçivəsində KOHA sisteminin onlayn qeydiyyat platformaları ilə inteqrasiyasının texniki aspektləri də müzakirə olunub.

Sonda tərəflər müzakirələrin əhəmiyyətini vurğulayaraq, bu görüşün gələcək əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaratdığını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: