AMEA Arxeologiya və Antropologiya İnstitutunun ingilisdilli “Tempus Pontem: Azerbaijan Journal of Archaeology and Anthropology” (“Zaman körpüsü: Azərbaycan Arxeologiya və Antropologiya Jurnalı”) adlı beynəlxalq elmi resenziyalı dövrü dərgisinin üçüncü sayı çapdan çıxıb.
Redaksiya heyətində Azərbaycanın, Türkiyənin, Özbəkistanın, Yaponiyanın, İtaliyanın, ABŞ-ın, Almaniyanın və Fransanın tanınmış arxeoloqları və antropoloqları təmsil olunan jurnalın cari sayında Azərbaycanda arxeologiya sahəsi üzrə tədqiqatların nəticələri barədə məqalələr dərc edilib. Məqalələrin müəllifləri sırasında azərbaycanlı tədqiqatçılar ilə yanaşı Yaponiya, Almaniya, Albaniya və İran İslam Respublikası tədqiqatçıları yer almışlar.
AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru, Almaniya Arxeologiya İnstitutunun müxbir-üzvü t.ü.f.d., dosent Fərhad Quliyev baş redaktoru olduğu elmi jurnalın cari sayının Ön sözündə dərgidə əks olunmuş məqalələrin maraqlı məqamlarına toxunmuşdur.
Fərhad Quliyev göstərmişdir ki, jurnalın bu sayında Azərbaycan və onun qonşu bölgələrinin arxeoloji irsinin öyrənilməsinə həsr olunmuş müxtəlif mövzuları əhatə edən məqalələr toplanıb. Nəşr Paleolit dövründən son orta əsrlərə qədər geniş xronoloji diapazonu əhatə edir. Məqalələrdə həm yeni arxeoloji qazıntıların nəticələri, həm də müasir metodoloji yanaşmalardan istifadə etməklə əldə edilən elmi nəticələr əks edilib.
Fərhad Quliyevə görə, Tağlar Mağarasında davam edən beynəlxalq layihənin 2025-ci il mövsümünün nəticələri Cənubi Qafqazda Neandertal icmalarının yayılma və uyğunlaşma strategiyalarının öyrənilməsi üçün böyük əhəmiyyət kəsb edir. Hüseynqulutəpə qədim yaşayış məskənində aparılan tədqiqatlar Orta Kür hövzəsindəki Neolit proseslərinin və yerli Şomutəpə mədəniyyətinin daha dərindən başa düşülməsinə töhfə verir.
Ağalıqtəpə Dəmir dövrünə aid ərazidə aparılan qazıntılar Şimal-Qərbi Azərbaycanda qədim yaşayış məskənlərinin inkişaf dinamikası haqqında yeni məlumatlar verir. Şərifan şəhər yerində aparılan tədqiqatlar orta əsr şəhər həyatının iqtisadi və istehsal aspektləri ilə bağlı mühüm bilgiləri ortaya qoyur. Xaraba Gilan arxeoloji ərazisində davam edən tədqiqatlar Naxçıvanın dağlıq bölgələrində şəhərsalma və urbanizasiya proseslərinə işıq salır.
Bu saya daxil olan numizmatik tədqiqat Şamaxı bölgəsindəki Dəmirçi kəndi yaxınlığındakı Atbatan nekropolundan çıxarılan Sasani gümüş draxmalarını təhlil edir və Şirvan bölgəsinin son antik və erkən orta əsrlər tarixinin öyrənilməsinə yeni materiallar əlavə edir.
F.Quliyev xüsusi olaraq vurğulayır ki, jurnal beynəlxalq əməkdaşlığa və müqayisəli tədqiqatlara diqqət yetirir. Xəzər dənizinin cənub-qərb sahilində Tunc dövründən Dəmir dövrünə keçidi araşdıran məqalə İranın Gilan bölgəsində baş verən mədəni dəyişikliklərə yeni bir perspektiv təqdim edir. Albaniyanın Durrös bölgəsində məsafədən zondlama və aero-foto çəkilişlərin təhlilinə əsaslanan məqalədə isə, qeyri-invaziv arxeoloji metodların potensialı nümayiş etdirilir.
İngilisdilli jurnalın onlayn platforması olan ajaa.az rəsmi vebsaytında jurnalın bu sayındakı PDF formatında məqalələr OJS platformasının verdiyi imkanlar çərçivəsində CrossRef, Google Scholar, ORCID və s. axtarış, data sistemi və indeksləşmə bazalarına inteqrasiya olunmuş və beynəlxalq oxucu kütləsi üçün açıq əlçatarlıqdadırlar (open access).
Qeyd edək ki, elmi jurnal müasir dünya standartlarına uyğun jurnal metadataları (Journal metadata), dərc detalları (Publication details), identifikatorlar (Journal identifiers: ISSN, DOI və d.) və müasir jurnal xüsusiyyətləri (Journal specifications) ilə təmin edilmişdir. Məqalələr sosial və davranış elmləri üçün qəbul edilmiş, Amerika Psixoloqlar Assosiasiyasının (APA) tövsiyə və qaydaları üzrə tərtib olunublar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.