Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.06.2026 15:02
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli gündəlikdə yer alan elmi və elmi-təşkilati məsələlər barədə ətraflı məlumat verib.

Tədbirdə müzakirəyə çıxarılan ilk mövzu ​AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmə və mərkəzlərinin 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatlarının icra vəziyyəti haqqında  olub.

Akademik İsa Həbibbəyli artıq bir neçə ildir ki, AMEA-nın elmi müəssisə və təşkilatlarında yarımillik hesabatların keçirildiyini qeyd edərək, bu prosesin Akademiyanın elmi potensialının səfərbər olunmasına, fəaliyyətin səmərəliliyinin yüksəldilməsinə və qarşıda duran vəzifələrin daha aydın müəyyənləşdirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Akademik İsa Həbibbəyli Rəyasət Heyəti nümayəndələrinin hesabatlarda ekspert qismində iştirakının elmi müəssisələr arasında məsuliyyət və koordinasiyanın daha da gücləndirilməsi istiqamətində mühüm addım olduğunu bildirib. Qeyd edib ki, əldə olunan nəticələr həm müstəqil ekspertlərin rəyi, həm də institutların geniş təqdimatı sayəsində daha obyektiv və şəffaf müstəvidə dəyərləndirilir.

Sonda AMEA rəhbəri cari ilin iyul ayında keçiriləcək Rəyasət Heyətinin iclasında yarımillik hesabatların geniş müzakirəsinin təşkil olunmasını tövsiyə edib.

Məsələ ilə bağlı çıxış edən Rəyasət Heyətinin Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Sərxan Xavəri AMEA-nın Rəyasət Heyətinin 1 iyun 2026-cı il tarixli qərarına uyğun olaraq Akademiyanın elmi müəssisə və təşkilatlarında, regional elmi bölmə və mərkəzlərində 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair hesabatların müəyyən edilmiş qrafik əsasında 10 iyundan başlayaraq, 3 iyul tarixinədək keçirilməsinin nəzərdə tutulduğunu bildirib.

Qeyd edib ki, son illərdə Akademiyada həyata keçirilən islahatların əsas istiqamətlərindən biri elmi fəaliyyətin nəticəyönümlülüyünün artırılması, hesabatlılıq və şəffaflıq mexanizmlərinin gücləndirilməsi, elmi idarəetmədə müasir yanaşmaların tətbiqidir. Bu baxımdan yarımillik hesabatlar yalnız inzibati xarakter daşıyan tədbirlər deyil, həm də elmi müəssisələrin fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi və inkişaf perspektivlərinin müzakirəsi üçün zəruridir.

Sərxan Xavəri əlavə edib ki, AMEA Rəyasət Heyəti Aparatının və elmi bölmələrin məsul əməkdaşlarının hesabat iclaslarında iştirakı hesabatların daha obyektiv qiymətləndirilməsinə, elmi müəssisələrlə Rəyasət Heyəti arasında əlaqələrin möhkəmləndirilməsinə, həmçinin yerli problemlərin və inkişaf imkanlarının birbaşa öyrənilməsinə şərait yaradır.

Şöbə müdiri qeyd edib ki, cari hesabat dövrünün digər mühüm yeniliyi isə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda pilot layihə kimi hesabatların bal sistemi əsasında aparılmasının nəzərdə tutulmasıdır. Bu mexanizmin tətbiqində məqsədin elmi fəaliyyətin qiymətləndirilməsində obyektivliyin artırılması, əldə olunan nəticələrin ölçülə bilən göstəricilər əsasında təhlili olduğunu qeyd edərək, pilot layihənin nəticələrinin gələcəkdə Akademiyanın digər elmi müəssisələrində də qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi üçün faydalı təcrübə rolunu oynaya biləcəyini vurğulayıb.

Gündəlikdə növbəti məsələ AMEA-nın elmi tədqiqat institutlarında elmi fəaliyyətin nominasiyalar üzrə bal sistemi ilə qiymətləndirilməsi haqqında olub.

Akademik İsa Həbibbəyli AMEA-nın elmi-tədqiqat müəssisələrində elmi fəaliyyətinin müvafiq nominasiyalar üzrə bal sistemi vasitəsilə qiymətləndirilməsini nəzərdə tutan yeni layihə barədə ətraflı məlumat verib.  AMEA rəhbəri hələ ki hazırlıq mərhələsində olan modelin akademiyada sağlam rəqabət mühiti yaradacağını, elmi fəaliyyətin keyfiyyətini yüksəldəcəyini və hər bir alimin əməyinə fərdi, obyektiv qiymət verilməsinə zəmin yaradacağını vurğulayıb.

Məsələ ilə bağlı çıxış edən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər, rəqəmsal inkişaf süni intellekt üzrə direktor müavini Mehman Həsənli elmi fəaliyyətin bal sistemi ilə ölçülməsinin əsas istiqamətləri barədə ətraflı məlumat verərək bildirib ki, qiymətləndirmə sistemi bir sıra meyarlar əsasında qruplaşdırılıb.

Məsələ ətrafında AMEA-nın vitse-prezidentləri – akademik İbrahim Quliyev, akademik Dilqəm Tağıyev, akademik Rasim Əliquliyev, akademik Gövhər Baxşəliyeva, həmçinin akademik-katib, akademik Arif Həşimov,  AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, tarix elmləri doktoru Eynulla Mədətli, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərova və başqaları çıxış edərək yeni modelin təkmilləşdirilməsini nəzərdə tutan təkliflər veriblər.

İclasda Naxçıvan Muxtar Respublikasında tapılmış "İlandağ kitabəsi"nin Urartu mixi yazıları kontekstində araşdırılması haqqında da məsələyə baxılıb.

Akademik İsa Həbibbəyli Naxçıvanda, İlandağda mühüm elmi əhəmiyyətə malik olan mixi yazının yenidən tədqiqata cəlb edilməsinin vacibliyini bildirib və müvafiq tapşırıqlar verib.

Sonra Akademik İsa Həbibbəyli Albaniya Elmlər Akademiyasının prezidenti, akademik Skender Gjinushinin rəhbərlik etdiyi nümayəndə heyətinin AMEA-ya reallaşan rəsmi səfəri ilə bağlı məsələyə toxunub. Səfər çərçivəsində iki ölkənin elmi qurumları arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, müştərək tədqiqatların və layihələrin həyata keçirilməsinin perspektiv imkanlarını qiymətləndirdiyini diqqətə çatdırıb.

İclasda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Finlandiya Respublikasının Helsinki şəhərində keçirilmiş TNC-2026 beynəlxalq sammitində iştirakının yekunları haqqında çıxış edib. Bildirib ki, Sammit çərçivəsində 70-dən artıq ölkənin nümayəndələrinin iştirak etdiyi genişmiqyaslı tədbirlərdə müasir elmdə gedən qlobal proseslərdə süni intellektin rolu, gətirdiyi innovativ imkanlar və rəqəmsal transformasiya meyilləri ətraflı şəkildə müzakirə olunub.

Sözügedən beynəlxalq tədbirdə geniş məruzə ilə çıxış etdiyini bildirən akademik Rasim Əliquliyev "GEANT və Şərq Tərəfdaşlığı təşəbbüsü" çərçivəsində Azərbaycanın qlobal elmi mühitə inteqrasiyası, milli elmi-tədqiqat platformalarının inkişafı və müasir rəqəmsal infrastrukturun qurulması istiqamətində ölkəmizdə görülən mühüm işləri və əldə olunan nailiyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İclasın yekununda gündəlikdə nəzərdə tutulan digər məsələlərə dair AMEA Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: