Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.06.2026 15:41
  • A-
  • A
  • A+

Albaniya Elmlər Akademiyasının nümayəndə heyəti AMEA-nın Ədəbiyyat İnstitutunda olub

Albaniya Elmlər Akademiyasının nümayəndə heyəti AMEA-nın Ədəbiyyat İnstitutunda olub

Albaniya Elmlər Akademiyasının prezidenti akademik Skender Gjinushinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu ziyarət edib.

Nümayəndə heyətini AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev və Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva müşayiət ediblər.

Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli elmi müəssisənin fəaliyyət istiqamətləri, Azərbaycan ədəbiyyatının fundamental tədqiqi və dünya ədəbi əlaqələrinin araşdırılması və humanitar elmlərin inkişafına verdiyi töhfələr barədə qopnaqlara məlumat verib.

Sonra nümayəndə heyəti institutun Çin Tədqiqatları Mərkəzi ilə yaxından tanış olub.

İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri professor Bədirxan Əhmədov mərkəzin fəaliyyəti haqqında məlumat verərək Azərbaycan və Çin ədəbiyyatlarının qarşılıqlı təsiri, ortaq tarixi-mədəni əlaqələrin araşdırılması, eləcə də Çin Xalq Respublikasının müxtəlif elm və təhsil müəssisələri ilə qurulan əməkdaşlıq münasibətlərindən danışıb.

Sonra qonaqlar institutda fəaliyyət göstərən Mehmet Akif Ərsoy adına Türkiyə Ədəbiyyatı Mərkəzini də ziyarət ediblər. Mərkəzin müdiri filologiya elmləri doktoru Eşqanə Babayeva türk ədəbiyyatının tanıdılması, ortaq ədəbi-mədəni irsin öyrənilməsi və Azərbaycan-Türkiyə elmi əlaqələrinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən işlərdən bəhs edib.

Görüş zamanı humanitar elmlər sahəsində beynəlxalq əməkdaşlığın perspektivləri, ortaq elmi layihələr və akademik əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: