Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.07.2026 16:09
  • A-
  • A
  • A+

Arxeoloq alimin məqaləsi “Turkic Studies Journal”ında dərc olunub

Arxeoloq alimin məqaləsi “Turkic Studies Journal”ında dərc olunub

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin qeydiyyatı və pasportlaşdırılması şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Mikayıl Mustafayevin "Caravanserais and the Silk Road system in Azerbaijan: from Medieval trade infrastructure to contemporary geopolitical networks" ("Azərbaycanda karvansaralar və İpək Yolu sistemi: orta əsr ticarət infrastrukturundan müasir geosiyasi şəbəkələrə qədər") adlı elmi məqaləsi beynəlxalq nüfuzlu "Turkic Studies Journal"nın 2026-cı il VIII cildinin 2-ci nömrəsində dərc olunub.

Tədqiqat Azərbaycanın Böyük İpək Yolundakı tarixi rolunu yeni elmi yanaşma ilə təqdim edir. Məqalədə göstərilir ki, Azərbaycan ərazisində yerləşən karvansaralar yalnız tacirlərin gecələdiyi məkanlar deyil, həm də Avrasiya məkanında iqtisadi, siyasi, mədəni və diplomatik münasibətlərin formalaşmasına xidmət edən mühüm strateji mərkəzlər olmuşdur.

Araşdırma arxeoloji qazıntı materialları, orta əsr İslam coğrafiyaşünaslarının yazılı mənbələri, memarlıq abidələrinin müqayisəli təhlili və numizmatik materiallar əsasında hazırlanmışdır. Müəllif Azərbaycanın qədim dövrdən başlayaraq Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən əsas tranzit məkanlardan biri olduğunu elmi faktlarla əsaslandırır.

Məqalədə Bakı İçərişəhərdə yerləşən Buxara və Multani karvansaraları, Şəkinin Yuxarı və Aşağı karvansarayları, Gəncə, Səngəçal, Qaracı (Miyəcik), Qarğabazar və digər tarixi karvansara komplekslərinin memarlıq xüsusiyyətləri, funksional təyinatı və beynəlxalq ticarət əlaqələrində oynadığı rol geniş şəkildə təhlil edilir.

Tədqiqatın mühüm elmi yeniliklərindən biri Azərbaycan karvansaralarının Türkiyədəki Sultan Xan, Özbəkistandakı Rabat-i Malik kimi məşhur memarlıq abidələri ilə müqayisəli şəkildə araşdırılmasıdır. Müəllif bu abidələrin ortaq türk memarlıq ənənələrinin formalaşmasında mühüm yer tutduğunu elmi faktlarla nümayiş etdirir.

Məqalədə Böyük İpək Yolunun yalnız tarixi fenomen olmadığı, onun müasir dövrdə TRACECA layihəsi, "Virtual İpək Yolu" təşəbbüsü, Bakı–Tbilisi–Qars dəmir yolu və Zəngəzur dəhlizi kimi beynəlxalq nəqliyyat-kommunikasiya layihələri vasitəsilə yeni geosiyasi məzmun qazandığı xüsusi vurğulanır.

Araşdırmanın nəticələrinə görə, Azərbaycanın karvansara irsi təkcə milli mədəni sərvət deyil, həm də Türk dünyasının ortaq memarlıq irsi, regional əməkdaşlıq, mədəni diplomatiya və beynəlxalq inteqrasiya baxımından mühüm strateji resurs hesab olunur.

Qeyd edək ki, "Turkic Studies Journal" beynəlxalq elmi bazalarda indeksləşən və Türk dünyası üzrə fundamental tədqiqatların dərc olunduğu nüfuzlu elmi jurnallardan biridir. Məqalənin burada nəşri Azərbaycan arxeologiyası və mədəni irsinin beynəlxalq elmi ictimaiyyətə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: