Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

03.07.2026 16:20
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda polşalı alimlə görüş keçirilib

Şərqşünaslıq İnstitutunda polşalı alimlə görüş keçirilib

Polşanın Krakov Yagellon Universitetinin professoru Eva Şemenets Qolaş iyulun 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda şərqşünas alimlərlə görüşüb. Görüşdə Varşava Universitetinin Asiya və Afrika mədəniyyətləri fakültəsinin Azərbaycan Araşdırmaları Mərkəzinin müdiri filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova da iştirak edib.

AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva qonaqları təqdim edərək, professor Eva Şemenets Qolaşın Azərbaycan – Polşa elmi əlaqələrində xidmətlərini qeyd edib və onun Azərbaycanın tanınmış hərbi, siyasi və dövlət xadimi, Polşa elmində böyük xidmətləri olan görkəmli şərqşünas alim Sadıq bəy Ağabəyzadə ilə bağlı tədqiqatlar apardığını diqqətə çatdırıb.

Şərqşünaslıq İnstitutunun baş elmi işçisi tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi professor Eva Şemenets Qolaşın tədqiqatları barədə ətraflı məlumat verib.

Professor Eva Şemenets Qolaş görkəmli şərqşünas Sadıq bəy Ağazadə haqqında danışaraq, onun barədə apardığı araşdırmalardan geniş bəhs edib. O, Sadıq bəy Ağazadənin Şərq dillərinə həsr olunan dərslikləri barədə ətraflı məlumat verib.

Professor Eva Şemenets Qolaş yaşadığı şəhərə həsr olunmuş “Krakov” kitabını akademik Gövhər Baxşəliyevaya təqdim edib.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü polşalı alimə Azərbaycan xalqının mədəni-mənəvi irsinin öyrənilməsində, Azərbaycan–Polşa elmi əlaqələrinin inkişafında xidmətlərinə görə təşəkkür bildirib.

Daha sonra professor Eva Şemenets Qolaş şərqşünas alimlərin suallarını cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: