Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

“Türk Dünyası Həftəsi”nin ardından: tarixi günlərdən təəssüratlarım
09.07.2026 12:40
  • A-
  • A
  • A+

“Türk Dünyası Həftəsi”nin ardından: tarixi günlərdən təəssüratlarım

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan "Türk Dünyası Həftəsi"nin yüksək səviyyədə keçirilməsi müasir dövrdə Türk dünyasının elmi, mədəni və humanitar inteqrasiyası istiqamətində atılmış ən mühüm addımlardan biri kimi tarixə yazıldı.

1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının ortaq elmi düşüncəsinin, dil birliyinin və mədəni həmrəyliyinin təməl daşlarından biri olmuşdur. Bir əsr sonra həmin tarixi hadisənin dövlət səviyyəsində böyük ehtiramla qeyd edilməsi Azərbaycanın öz tarixi missiyasına, türk dünyasının ortaq dəyərlərinə və gələcəyinə verdiyi böyük önəmin parlaq ifadəsidir.

Möhtərəm Prezident İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixində "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" imzaladığı Sərəncamı və tədbir iştirakçılarına ünvanladığı müraciət bir daha göstərdi ki, Azərbaycan Türk dünyasının həm siyasi, həm də elmi-mədəni inteqrasiyasının aparıcı mərkəzlərindən biridir. Dövlət başçısının vurğuladığı kimi, Birinci Türkoloji Qurultayın ideyaları bu gün də öz aktuallığını qoruyur və türk dövlətləri arasında humanitar əməkdaşlığın möhkəmləndirilməsində mühüm ideoloji əsas rolunu oynayır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin uzaqgörən və ardıcıl siyasəti nəticəsində Türk dünyasının birliyinə xidmət edən bütün mühüm təşəbbüslərin ön sırasında dayanır. Ortaq tariximizin, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəvi dəyərlərimizin qorunması istiqamətində həyata keçirilən siyasət yalnız Azərbaycanın deyil, bütövlükdə Türk dünyasının gələcəyinə hesablanmış strateji baxışın təzahürüdür.

"Türk Dünyası Həftəsi" çərçivəsində keçirilən beynəlxalq elmi konfranslar, panel iclasları, sərgilər, kitab təqdimatları, sənədli filmlər, süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlanmış innovativ layihələr və zəngin mədəni proqramlar tədbirlərin məzmununa xüsusi dəyər qazandırdı. Dünyanın müxtəlif ölkələrindən alimlərin, türkologiya üzrə tanınmış mütəxəssislərin, dövlət xadimlərinin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı bu mötəbər tədbirin qlobal elmi əhəmiyyətini bir daha nümayiş etdirdi.

Xüsusilə Birinci Türkoloji Qurultayın yeni stenoqrafik materiallarının nəşri, indiyədək müxtəlif səbəblərdən elmi dövriyyəyə daxil edilməmiş məruzə və çıxışların ictimaiyyətə təqdim olunması türkologiya elmi üçün mühüm hadisə oldu. Bu nəşrlər gələcək tədqiqatlar üçün zəngin mənbə olmaqla yanaşı, Qurultayın elmi irsinin daha dolğun şəkildə bərpasına xidmət edir.

Bu baxımdan "Türk Dünyası Həftəsi" çərçivəsində təqdim olunan fundamental nəşrlər arasında "Birinci Türkoloji Qurultay" kitabı xüsusi yer tutur. Kitabın müəllifləri - Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və filologiya elmləri doktoru Aysel Qəribli Birinci Türkoloji Qurultayın yaranma tarixini, onun keçirildiyi ictimai-siyasi mühiti, qəbul edilmiş qərarların elmi əhəmiyyətini və türkoloji fikrin inkişafındakı rolunu zəngin arxiv materialları və elmi mənbələr əsasında hərtərəfli araşdırmışlar. Əsərdə Qurultayın yalnız tarixi hadisə kimi deyil, həm də müasir Türk dünyasının elmi inteqrasiyasına istiqamət verən böyük ideya məktəbi olduğu əsaslandırılır. Bu sanballı tədqiqat Qurultayın zəngin elmi irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin "1926-cı il I Türkoloji Qurultay: tarixi zəmində, arxiv sənədlərində, milli mətbuatda" adlı fundamental əsəri "Türk Dünyası Həftəsi"nin ən mühüm elmi nəşrlərindən biri kimi xüsusi diqqət çəkir. Zəngin arxiv sənədləri və dövrün milli mətbuat materialları əsasında hazırlanan bu kitab Birinci Türkoloji Qurultayın tarixi, elmi və ictimai əhəmiyyətini obyektiv şəkildə işıqlandırmaqla yanaşı, onun zəngin irsinin gələcək nəsillərə çatdırılması və türkologiya elminin yeni tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm elmi töhfədir.

"Türk Dünyası Həftəsi"nin ən mühüm yekun sənədi olan Xankəndi Bəyannaməsinin qəbul edilməsi isə elm, təhsil, dil siyasəti, mədəni irsin qorunması və ortaq tarixi yaddaşın yaşadılması istiqamətində türk dövlətlərinin gələcək fəaliyyət proqramını müəyyənləşdirən mühüm sənəd kimi xüsusi əhəmiyyət daşıyır.

Belə möhtəşəm beynəlxalq tədbirin yüksək peşəkarlıqla hazırlanaraq uğurla həyata keçirilməsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin fəaliyyəti xüsusi təqdirəlayiqdir. Nazirlik tərəfindən həyata keçirilən məqsədyönlü təşkilati işlər nəticəsində "Türk Dünyası Həftəsi" həm məzmun, həm də təşkilati baxımdan ən yüksək beynəlxalq standartlara uyğun şəkildə reallaşdırıldı və Azərbaycanın mədəni diplomatiyasının növbəti uğurlu nümunəsinə çevrildi.

Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi altında görülən işlər xüsusi minnətdarlıqla qeyd edilməlidir. Akademik İsa Həbibbəylinin peşəkar elmi təşkilatçılığı, uzaqgörən rəhbərliyi və türkologiya elminin inkişafına göstərdiyi ardıcıl diqqət nəticəsində yubiley tədbirləri yüksək elmi məzmun və beynəlxalq nüfuz qazandı. AMEA-nın alimləri Birinci Türkoloji Qurultayın irsinin yenidən araşdırılması, yeni elmi nəşrlərin hazırlanması və türkoloji elmin aktual istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində mühüm nailiyyətlər əldə etdilər.

"Türk Dünyası Həftəsi" bir daha sübut etdi ki, yüz il əvvəl Bakıda qəbul edilən elmi ideyalar bu gün də yaşayır, inkişaf edir və türk xalqlarını ortaq məqsədlər ətrafında birləşdirən güclü mənəvi dayağa çevrilir. Azərbaycan isə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu tarixi missiyanı uğurla davam etdirərək Türk dünyasının elmi, mədəni və humanitar inteqrasiyasının əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir.

Bu möhtəşəm tədbirlər silsiləsi göstərdi ki, Azərbaycanın həyata keçirdiyi siyasətin mərkəzində yalnız milli maraqlar deyil, eyni zamanda bütün Türk dünyasının ortaq gələcəyi, ortaq elmi düşüncəsi, ortaq mədəni irsi və ortaq mənəvi dəyərləri dayanır. Məhz buna görə də "Türk Dünyası Həftəsi" təkcə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması deyil, həm də Türk dünyasının gələcək inkişaf strategiyasını müəyyənləşdirən tarixi hadisə kimi qiymətləndirilməlidir.

Aynel MƏŞƏDİYEVA, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: