Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

09.07.2026 12:50
  • A-
  • A
  • A+

Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlara baxış keçirilib

Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlara baxış keçirilib

Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində aparılan tədqiqat işlərinə baxış keçirilib.

Baxışda AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev, Bölmə əməkdaşları və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı iştirak edib.

Tədqiqat işləri AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin rəhbərliyi ilə Bülövqaya arxeoloji ekspedisiyası tərəfindən aparılır.

Baxış zamanı ekspedisiyanın rəhbəri Vəli Baxşəliyev Bülövqaya yaşayış yeri və orada aparılan qazıntılar barədə ətraflı məlumat verib. Professor bildirib ki, Sarısu çayının sol sahilində, strateji cəhətdən əlverişli mövqedə yerləşən bu məskən Erkən Eneolit dövrünün (eramızdan əvvəl VI-V minillik) regional xüsusiyyətlərini öyrənmək üçün unikal abidədir. Yaşayış yeri Naxçıvanın qədim tarixinin, köçmə maldarlıqla məşğul olan tayfaların mədəniyyətinin və regionun Yaxın Şərqlə, xüsusilə Urmiya hövzəsi və Şimali Mesopotamiya ilə iqtisadi-mədəni əlaqələrinin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət daşıyır.

Aparılan tədqiqatlar göstərir ki, Bülövqaya yaşayış yerinin mədəni təbəqəsi relyefə uyğun olaraq fərqli qalınlıqda toplanmışdır. Evlər yarımqazma tipli olub yüngül konstruksiyalı, dördkünc formalıdır və təsərrüfat həyətlərinin ətrafında salınıb. Arxeoloji qazıntılar zamanı buradan Erkən Eneolit dövrü üçün xarakterik saman qarışıqlı və boyalı keramika nümunələri, dəvəgözü (obsidian) və çaxmaqdaşından hazırlanan əmək alətləri, eləcə də sümük alətlər aşkarlanıb. Bu tapıntılar Naxçıvanın Cənubi Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu sübut edir.

Akademik İsmayıl Hacıyev ərazidə aparılan tədqiqat işlərinin gedişatını yüksək qiymətləndirib. Vurğulanıb ki, bu cür arxeoloji qazıntılar bölgənin qədim dövr tarixinə işıq salmaqla yanaşı, Azərbaycanın zəngin maddi-mədəni irsinin beynəlxalq miqyasda tanıdılması üçün mühüm rol oynayır.

Sonda abidənin gələcək tədqiqat perspektivləri müzakirə olunub və bu istiqamətində müvafiq tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: