Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

22 iyul - Milli Mətbuat Günü: sözə sədaqət, elmə xidmət
21.07.2026 15:42
  • A-
  • A
  • A+

22 iyul - Milli Mətbuat Günü: sözə sədaqət, elmə xidmət

Azərbaycan milli mətbuatının tarixi xalqımızın maarifçilik düşüncəsinin, azad sözə, həqiqətə və milli oyanış ideyalarına olan ehtiyacının parlaq ifadəsidir. Bu şərəfli yolun başlanğıcı 1875-ci il iyulun 22-də böyük maarifçi Həsən bəy Zərdabinin nəşr etdirdiyi Əkinçi qəzeti ilə qoyulmuşdur. Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, Əkinçi Azərbaycan milli mətbuatının bünövrəsini yaratmış, xalqın maariflənməsi, ana dilinin inkişafı, milli özünüdərk və ictimai düşüncənin formalaşması istiqamətində misilsiz xidmətlər göstərmişdir. Həmin gündən etibarən Azərbaycan mətbuatı cəmiyyətin aynasına, ictimai fikrin tribunası və milli dəyərlərin daşıyıcısına çevrilmişdir.

Zaman keçdikcə Əkinçinin ideyaları yeni nəsil jurnalistlər tərəfindən davam etdirilmiş, Azərbaycan mətbuatı zəngin ənənələr formalaşdıraraq böyük inkişaf yolu keçmişdir. Bu yolun ən parlaq simalarından biri, heç şübhəsiz, görkəmli jurnalist, publisist, pedaqoq və ictimai xadim Nəsir İmanquliyev olmuşdur.

1911-ci ildə Bakıda anadan olan Nəsir İmanquliyev ömrünü Azərbaycan mətbuatının inkişafına həsr etmiş, sözə məsuliyyətlə yanaşmağın, jurnalist etikasının və peşəkar fəaliyyətin canlı simvoluna çevrilmişdir. Azərbaycan SSR Əməkdar jurnalisti və Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi fəxri adlarına layiq görülən Nəsir müəllim yalnız qəzet redaktoru deyildi. O, bütöv bir jurnalistika məktəbi yaratmış, yüzlərlə gənc qələm sahibinin peşəkar və mənəvi formalaşmasına rəhbərlik etmiş böyük müəllim idi.

Onun rəhbərliyi ilə 1958-ci ildə fəaliyyətə başlayan Bakı axşam qəzeti və sonralar nəşr olunan rusdilli Baku qəzeti uzun illər Azərbaycan jurnalistikasının ən nüfuzlu mətbuat orqanlarından biri olmuşdur. Bu qəzetlər yalnız gündəlik xəbərlərin yayımı ilə kifayətlənmir, cəmiyyətin problemlərini, insanların taleyini, mədəni həyatı, sosial məsələləri və ictimai prosesləri peşəkarlıqla işıqlandırırdı.

Nəsir İmanquliyevin rəhbərlik etdiyi redaksiyada operativlik, obyektivlik, dəqiqlik, faktlara hörmət, ana dilinin saflığı və yüksək peşə etikası əsas prinsiplər hesab olunurdu. O, jurnalistdən yalnız gözəl yazı yazmağı deyil, vicdanlı olmağı, cəmiyyət qarşısında məsuliyyət daşımağı, insan taleyinə biganə qalmamağı tələb edirdi. Məhz buna görə də Nəsir İmanquliyevin adı bu gün də Azərbaycan jurnalistikasında peşəkarlığın, obyektivliyin və mənəvi saflığın rəmzi kimi hörmətlə anılır.

Onun ən böyük xidmətlərindən biri də jurnalist kadrlarının yetişdirilməsi olmuşdur. Nəsir müəllim gənc qələm sahiblərinə peşənin yalnız texniki tərəflərini deyil, sözün müqəddəsliyini, həqiqətə sədaqəti, faktın düzgünlüyünü və oxucu qarşısında məsuliyyəti öyrədirdi. Onun redaksiyasından keçən hər bir jurnalist bu böyük məktəbin mənəvi irsini sonrakı fəaliyyətində də yaşatmışdır.

Bu böyük jurnalistika məktəbinin layiqli yetirmələrindən biri də mənim atam - Tərəqqi medallı, Qızıl qələm mükafatı laureatı, tanınmış jurnalist Ənvər Məşədiyevdir. O, əmək fəaliyyətinə məhz Nəsir İmanquliyevin xeyir-duası ilə Bakı qəzetində başlamış, müxbirlikdən şöbə müdirliyinə, daha sonra baş redaktor müavini vəzifəsinə qədər yüksələn atam yarım əsrə yaxın müddətdə jurnalistika peşəsinə vicdanla xidmət göstərməkdədir.

Onun peşə fəaliyyətində ən mühüm xüsusiyyətlərdən biri insan taleyinə həssas münasibətidir. Xüsusilə məktublar şöbəsinə rəhbərlik etdiyi illərdə minlərlə vətəndaşın müraciəti diqqətlə araşdırılır, haqsızlığa məruz qalan insanların səsi qəzet vasitəsilə aidiyyəti qurumlara çatdırılırdı. O dövrdə Bakı qəzeti sadəcə informasiya mənbəyi deyil, həm də insanların ümid ünvanlarından biri idi. Atam isə həmin ümidlərin doğrulması üçün böyük məsuliyyətlə çalışan jurnalistlərdən idi.

Ənvər Məşədiyevin qələmə aldığı yazılar obyektivliyi, həyatiliyi, cəsarəti və səmimiyyəti ilə seçilir. O, cəmiyyətin problemlərini gizlətmədən, lakin peşə etikası çərçivəsində, faktlara söykənərək işıqlandırmağı jurnalistin əsas vəzifəsi hesab edir. Oxucunun etimadını qazanmaq onun üçün hər bir mükafatdan üstündür.

Tanınmış jurnalist Ənvər Məşədiyev yalnız peşəkar jurnalist kimi deyil, həm də gözəl müəllim və qayğıkeş həmkar kimi tanınır. O, gənc jurnalistlərin yetişməsinə xüsusi diqqət yetirir, öz təcrübəsini onlarla bölüşür, peşənin incəliklərini öyrədir. Onun üçün jurnalistika yalnız peşə deyil, mənəvi missiyadır.

Atamın müəllifi olduğu Bakı, axşamın xeyir! kitabı da bu mənəvi missiyanın davamıdır. Həmin əsər təkcə bir qəzetin tarixini əks etdirmir. Kitabda bütöv bir dövrün mətbuat mühiti, Nəsir İmanquliyev məktəbinin ənənələri, redaksiya həyatı, jurnalist məsuliyyəti və peşəyə sədaqət ruhu yaşayır. Bu baxımdan həmin kitab Azərbaycan mətbuat tarixinin qiymətli salnamələrindən biri hesab oluna bilər.

Bir övlad olaraq mənim üçün ən böyük sərvətlərdən biri atamın mənə miras qoyduğu mənəvi dəyərlərdir. Uşaqlıq illərimdən evimizdə qəzet qoxusu, redaksiya söhbətləri, qələmə və sözə hörmət adi həyat tərzinin ayrılmaz hissəsi idi. Mən jurnalist olmasam da, sözə ehtiramı, həqiqətə sədaqəti, insanlara vicdanla xidmət etməyin məsuliyyətini ilk dəfə məhz atamdan öyrənmişəm.

Bu gün mənim elmi fəaliyyətimin, dünyagörüşümün və vətəndaş mövqeyimin təməlində atamın mənə aşıladığı sözə ehtiram, elmə sədaqət və milli dəyərlərə bağlılıq dayanır. O dəyərlər isə öz qaynağını Nəsir İmanquliyev məktəbinin yüksək peşəkarlıq və mənəviyyat prinsiplərindən alır. Məhz bu mənəvi irs mənim Azərbaycan Milli Elmlər Akademiyasında həyata keçirdiyim elmi və təşkilati fəaliyyətə də istiqamət verir.

Jurnalistika mənim üçün sadəcə bir peşə haqqında düşüncə deyil. O, uşaqlıqdan yaşadığım bir mühit, böyüdüyüm bir məktəb olmuşdur. Buna görə də Milli Mətbuat Günü mənim üçün təkcə peşə bayramı deyil, həm də ailə yaddaşının, mənəvi irsin və böyük müəllimlərə ehtiramın təcəssümüdür.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında çalışan bir alim kimi sözün və informasiyanın məsuliyyətini daha dərindən dərk edirəm. Hesab edirəm ki, elmi nailiyyətlərin cəmiyyətə düzgün, operativ və peşəkar şəkildə çatdırılması müasir dövrdə milli mətbuatın ən mühüm missiyalarından biridir. Çünki elm yalnız laboratoriyalarda, institutlarda və elmi nəşrlərdə yaşamamalıdır. Onun nəticələri cəmiyyətə çatdırılmalı, insanlarda elmə maraq oyatmalı, ölkənin intellektual potensialını və elmi mühitini əks etdirməlidir. Bu baxımdan elmi jurnalistika milli mətbuatımızın ən məsuliyyətli və ən vacib istiqamətlərindən biridir.

Azərbaycan Milli Elmlər Akademiyasında bu missiyanın uğurla həyata keçirilməsi istiqamətində, xüsusilə AMEA-nın prezidenti, çox hörmətli akademik İsa Həbibbəylinin rəhbərliyi dövründə məqsədyönlü, sistemli və ardıcıl fəaliyyət həyata keçirilmiş, elmi nailiyyətlərin geniş ictimaiyyətə dolğun şəkildə təqdim olunması, elmin təbliği və ölkənin baş elmi müəssisəsinin nüfuzunun yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Akademiyanın mətbu orqanı olan “Elm” qəzeti ölkəmizdə elmi fikrin, akademik mühitin və alimlərimizin fəaliyyətinin təbliğində mühüm rol oynamışdır. Bu ənənə bu gün də müasir informasiya siyasəti ilə uğurla davam etdirilir.

Bu istiqamətdə uzun illər jurnalist, redaktor və təşkilatçı kimi səmərəli fəaliyyət göstərmiş, hazırda isə AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağahüseyn Şükürovun xidmətləri xüsusi qeyd olunmalıdır. O, əmək fəaliyyətinə mətbuat sahəsində başlamış, müxtəlif qəzetlərdə jurnalist kimi çalışmış, sonralar AMEA-nın Elm qəzetində müxbir, məsul katib və baş redaktorun müavini olmuş, daha sonra Akademiyanın elmi və informasiya siyasətinin formalaşdırılmasında mühüm rol oynamışdır. Ağahüseyn müəllimin jurnalist təcrübəsi, elmi fəaliyyəti və təşkilatçılıq bacarığı bu gün də Azərbaycan elminin təbliği istiqamətində uğurla davam edir.

Çox hörmətli akademik İsa Həbibbəylinin rəhbərliyi ilə AMEA-da keçirilən beynəlxalq konfranslar, elmi sessiyalar, yubiley tədbirləri, mühüm elmi layihələr, alimlərimizin nailiyyətləri, beynəlxalq əməkdaşlıqlar və digər əlamətdar hadisələr AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsi tərəfindən operativ, obyektiv və yüksək peşəkarlıqla ictimaiyyətə çatdırılır. Müasir informasiya məkanının sürətlə dəyişdiyi bir dövrdə bu operativlik və peşəkarlıq xüsusi əhəmiyyət kəsb edir. Bu, təkcə informasiya yayımı deyil, həm də elmi düşüncənin, milli intellektual irsin və akademik dəyərlərin təbliğinə xidmət edən mühüm bir missiyadır.

Bu gün Azərbaycan milli mətbuatı Həsən bəy Zərdabinin maarifçilik ideyaları, Nəsir İmanquliyevin yaratdığı peşəkarlıq məktəbi və bu məktəbin layiqli davamçılarının fəaliyyəti sayəsində öz şərəfli inkişaf yolunu davam etdirir. Bu yolun hər mərhələsində sözün gücünə, həqiqətin müdafiəsinə və cəmiyyət qarşısında məsuliyyət hissinə sadiq qalan qələm sahibləri yetişmişdir.

İnanıram ki, sözün gücü zamanın fövqündə dayanır. Bəzən bir qəzet xalqın maariflənməsinə yol açır, bəzən bir jurnalistin qələmi bir insanın haqq səsinin eşidilməsinə səbəb olur, bəzən isə bir alim haqqında hazırlanan obyektiv xəbər cəmiyyətin elmə münasibətini dəyişir. Məhz buna görə jurnalistika yalnız informasiya vasitəsi deyil, həm də milli yaddaşı yaşadan, cəmiyyətin mənəvi dəyərlərini qoruyan və gələcək nəsillərə ötürən böyük bir missiyadır.

22 iyul - Milli Mətbuat Günü münasibətilə ömrünü sözə, həqiqətə, Vətənə və xalqa xidmətə həsr etmiş bütün jurnalistləri, publisistləri, redaktorları, fotojurnalistləri, eləcə də Azərbaycan elminin təbliği naminə fədakarlıqla çalışan mətbuat xidməti əməkdaşlarını ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və yeni-yeni uğurlar arzulayıram.

Bu əlamətdar gündə milli mətbuatımızın görkəmli siması, böyük jurnalist və pedaqoq Nəsir İmanquliyevin əziz xatirəsini dərin ehtiramla yad edir, onun Azərbaycan mətbuatının inkişafı və peşəkar jurnalistika məktəbinin formalaşmasındakı misilsiz xidmətləri qarşısında baş əyirəm.

Qoy Həsən bəy Zərdabinin yandırdığı maarifçilik çırağı, Nəsir İmanquliyevin formalaşdırdığı peşəkarlıq məktəbi və bu məktəbin yetirmələrinin yaşatdığı mənəvi dəyərlər bundan sonra da Azərbaycan milli mətbuatının inkişafına işıq tutsun.

22 iyul - Milli Mətbuat Günümüz mübarək!

Aynel MƏŞƏDİYEVA, AMEA Nəsimi Adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: