İspaniyanın Anaquel de Estudios Arabes jurnalında (Madrid Universitetinin nəşri) AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi əməkdaşları — biologiya üzrə fəlsəfə doktoru Mehdi Əlinin, Rüstəm Hüseynovun, həmçinin, İspaniyanın tanınmış orta əsr tarixçisi, ərəbşünası, arxeoloqu və epiqrafı Virgilio Martínez Enamoradonun və Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent, Əhməd Niyazovun Şamaxının Şaxəndan qəbiristanlığındakı sufi simvolikası haqqında birgə məqalələri işıq üzü görüb.
İngilis dilində dərc edilmiş bu tədqiqatda ilk dəfə olaraq Azərbaycanın Şamaxı şəhərində yerləşən Şaxəndan qəbiristanlığının islam dəfn abidələrinin kompleks arxeoloji, ikonoqrafik və epiqrafik təhlili təqdim olunur. Tədqiqatda əsas diqqət türbə və onun ətrafındakı sufi dəfnlərinə yönəldilmişdir. Orta əsrlərin son dövründə Şaxəndan qəbiristanlığı sufi qardaşlıqları ilə sıx bağlı olmuş, hazırda isə Şamaxının ən nüfuzlu şəhər qəbiristanlığı hesab edilir.
Tədqiqat 2025-ci ildə aparılmış çöl araşdırmalarına əsaslanır və səkkizguşəli türbə ilə nekropolun cənub hissəsində yerləşən dəfnlərin memarlıq xüsusiyyətlərinin, simvolik proqramlarının və qəbirüstü kitabələrinin sənədləşdirilməsini əhatə edir. GPS xəritələşdirməsi, yüksək keyfiyyətli fotoçəkiliş, qumdaşı ilə əhəngdaşını fərqləndirmək üçün petroqrafik analiz, eləcə də ərəb, fars və türk dillərindəki kitabələrin transliterasiyası əsasında dəfn abidələrinin ətraflı tipologiyası hazırlanmışdır. Bundan əlavə, onların dekorativ motivlərində əks olunan mədəni, dini və doktrinal məna qatları araşdırılmışdır.
Məqalədə aparılmış müqayisəli təhlil göstərir ki, tədqiq olunan abidələr Şirvanın sufi ənənəsi ilə sıx bağlıdır. Burada kosmoloji, bitki və həndəsi motivlər tarixən dəfn simvolikasının dilində əsas rol oynamışdır. Türbədən kənarda günəş şüaları, stilizə olunmuş mehrablar, nilūfar motivləri, «Səlcuq zənciri» ornamentləri təsvir olunan əlavə stelalar, həmçinin uşaq dəfnləri aşkar edilmişdir. Bu faktlar ehtimal ki, hörmət edilən bir sufi şeyxinin məzarı ətrafında formalaşmış mürəkkəb iyerarxik ritual məkanını əks etdirir. Türbənin daxilində qiblə istiqamətindən nəzərəçarpacaq dərəcədə yayınan iki dəfn yerləşir. Bu hal dəfn normalarının tarixi dəyişməsini və ya daha qədim dəfn planının mövcudluğunu göstərə bilər. Həmin qəbirlərin stelalarında islamdan əvvəlki günəş simvolikası, konsentrik təkərşəkilli rozetlər, sərv ağacı təsvirləri, nilufər çiçəyi tacları, kitab və rəhal simvolları, damla və kasa motivləri, eləcə də abdān tipli taxçalar bir araya gətirilmiş mürəkkəb ikonoqrafik kompozisiyalar əks olunmuşdur. Bütün bu elementlər İlahi Nur, mənəvi yüksəliş, zikr dövrləri, mistik bilik və vəfat etmiş şəxsin metafizik statusu ilə əlaqələndirilən vahid sufi simvolik proqramı kimi şərh edilir.
Nekropolun cənub hissəsində XVIII əsrin sonu – XX əsrin əvvəllərinə aid epiqrafik materiallar qəbiristanlığın fasiləsiz istifadə olunduğunu və onun dini ənənəsinin tədricən transformasiyaya uğradığını göstərir. Zaman keçdikcə sufi dəfnləri özünəməxsus xüsusiyyətlərini tədricən itirmiş, onların yerini sufi qardaşlıqları ilə bağlı olmayan insanların dəfnləri tutmuşdur. Bununla belə, əvvəlki qəbirüstü abidə tipləri getdikcə sadələşdirilmiş formada qorunub saxlanmışdır. Aparılmış tədqiqat göstərir ki, müasir dövrdə sufi dəfn ənənəsi tədricən tənəzzülə uğramış, onun mistik simvolikası isə sovet dövründə adi dekorativ qəbirüstü elementlərə çevrilmişdir. Əldə olunan nəticələr Şaxəndan qəbiristanlığını memarlıq formalarının, ornamentlərin və epiqrafik mətnlərin birlikdə sufi kosmologiyasını, kollektiv yaddaşı və islam dəfn mədəniyyətinin regional xüsusiyyətlərini əks etdirdiyi çoxqatlı sakral kompleks kimi qiymətləndirməyə imkan verir.
Qeyd edək ki, Anaquel de Estudios Árabes (Ərəb Tədqiqatları Məcmuəsi) nəşri İspaniyanın və Avropanın ən qədim və ən nüfuzlu dövlət universitetlərindən biri olan Komplutense Universitetinin (isp. Universidad Complutense de Madrid, qısaca UCM) ərəbşünaslıq və islamşünaslıq sahəsində dünyanın tanınmış elmi jurnallarından biridir. 1990-cı ildən ispan, ingilis və fransız dillərində nəşr olunan jurnal Scopus, Web of Science, Emerging Sources Citation Index (ESCI), Journal Citation Reports (JCR), DOAJ (Directory of Open Access Journals), ERIH PLUS, Index Islamicus, MLA, Dialnet və digər beynəlxalq bazalarda indeksləşir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.