Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

05.08.2026 17:42
  • A-
  • A
  • A+

Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb

Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb

Sumqayıt Dövlət Universiteti tabeliyindəki Polimer Materialları İnstitutunun Polimerlərin mexaniki-kimyəvi modifikasiyası və emalı laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Fatimə Mustafayeva və laboratoriyanın müdiri kimya elmləri doktoru, professor Nəcəf Qəhrəmanovun məqaləsi Scopus-da kvartil kateqoriyası Q4 olan “Journal of the Serbian Chemical Society – JSCS” jurnalında dərc olunub.

“Qabaqcıl polipropilen random birgə polimer nanokompozitləri: təbii bentonit gilinin və alüminium hidroksidin morfologiya və xassələrə təsiri” adlı məqalədə təbii bentonit mineralı və alüminium hidroksid nanohissəciklərinin kompatibilizə olunan polipropilen random birgə polimeri əsasında olan nanokompozitlərin xassələrinə təsiri kompleks şəkildə araşdırılıb.

Kompatibilizator olaraq malein anhidridi ilə modifikasiya edilən etilen və propilenin random birgə polimeri istifadə edilib. Alınan kompozit materialların quruluş, morfoloji, fiziki-mexaniki, termiki və odadavamlılıq xassələri tədqiq edilib. Termoqravimetrik analiz nəticələri bentonitin əlavə edilməsi ilə kompozitlərin termiki stabilliyinin artdığını və kütlə itkisi sürətinin azaldığını göstərib. Alüminium hidroksid və bentonitin əlavə edilməsi ilə kompozitlərin istismar göstəricilərinin yaxşılaşdırılması müəyyən edilib. Bu tədqiqat işi termiki davamlılıq, odadavamlılıq və həmçinin yaxşılaşdırılan emal xüsusiyyətlərinə malik yeni nanokompozit materialların sənayedə tətbiqi üçün geniş imkanlar açır. Müəlliflərin əldə etdiyi nəticələr polimerlərin modifikasiyası sahəsində çalışan mütəxəssislər üçün mühüm elmi mənbə rolunu oynayır.

Qeyd edək ki, jurnal beynəlxalq xülasələndirmə və indeksləmə bazasına daxildir.

AzərTac

  • Paylaş: