Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

09.09.2026 09:38
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli: “Nobel mükafatı laureatı Əziz Səncərin “Şöhrət” ordeni ilə təltif edilməsi Türk dünyasında və Azərbaycanda onun davamçılarının hazırlanmasına açılan yol deməkdir”

Akademik İsa Həbibbəyli: “Nobel mükafatı laureatı Əziz Səncərin “Şöhrət” ordeni ilə təltif edilməsi Türk dünyasında və Azərbaycanda onun davamçılarının hazırlanmasına açılan yol deməkdir”

Professor Əziz Səncərin DNT kodlarının açılması, xüsusən də DNT-nin təmiri kimi dünyada təkrarı olmayan bir elmi istiqamətdə əldə etdiyi elmi kəşflər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. 2015-ci ildə alimin Nobel mükafatı ilə təltif olunması onun illər uzunu, hələ İstanbul Universitetində ikən düşündüyü, Texas Universitetində, Yel Universitetində keçdiyi yolların, apardığı axtarışların və cəsarətli nəticələrin beynəlxalq elmi ictimaiyyətə təqdim olunması deməkdir.

Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclas zalında AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı, professor Əziz Səncərin 80 illik yubileyinə həsr edilmiş elmi konfransda çıxışı zamanı deyib.

Akademik İsa Həbibbəyli Nobel mükafatı laureatı, Şimali Karolina Universitetinin professoru, görkəmli türk alimi Əziz Səncəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilməsi münasibətilə Azərbaycan elmi ictimaiyyəti və Akademiya kollektivi adından ürəkdən təbrik edib.

Akademik İsa Həbibbəyli bildirib ki, dövlət başçısının türk oğlu Əziz Səncərin fəaliyyətinə verdiyi bu yüksək qiymət həm Azərbaycan-Türkiyə elmi əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edən əhəmiyyətli hadisədir, həm də dünya şöhrətli alim Əziz Səncərin timsalında Azərbaycan elminin dünyaya inteqrasiyası baxımından dövlətimizin açdığı üfüqləri əyani şəkildə nümayiş etdirir.

AMEA rəhbəri qeyd edib ki, bu təltif, bütövlükdə Əziz Səncərin Türk dünyasında və Azərbaycanda davamçılarının, bu böyük yolun fədakar nümayəndələrinin yetişdirilməsinə və hazırlanmasına açılan yol deməkdir. Akademik vurğulayıb ki, bütün bunlara görə Azərbaycan elminin təmsilçiləri, Azərbaycan elmi ictimaiyyətinin nümayəndələri Azərbaycan Prezidenti cənab İlham Əliyevə Türk dünyasının qüruru sayılan Əziz Səncərin fəaliyyətinə göstərdiyi bu yüksək qiymətə görə dərindən minnətdarlıqlarını bildirirlər.

Akademik İsa Həbibbəyli qeyd edib ki, dünyanın ən böyük bəlalarından biri olan xərçəng xəstəliyinin müalicəsi ilə bağlı indiyə qədər müxtəlif metodologiyalar təqdim edilib. Vurğulayıb ki, Əziz Səncər həmin ixtira və kəşfləri təkrar etməyərək xərçəng xəstəliyinin biokimyəvi üsullarla müalicəsinin tam yeni bir elmi istiqamətini açıb.

Akademik İsa Həbibbəyli qeyd edib ki, 2024-cü ildə professor Əziz Səncər Akademiyanın dəvətini qəbul edərək Azərbaycana gəlib və həmin vaxt bir həftə ərzində “Əziz Səncər həftəsi” kimi çox unudulmaz günlər yaşanıb. Bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən görüşlər və müzakirələr, Naxçıvan Muxtar Respublikasına Əziz Səncərlə birgə edilən səfər yaddaqalan hadisələr olub. Natiq vurğulayıb ki, həmin həftə ərzində Bakı Dövlət Universitetində, UNEC-də, ADA Universitetində, Azərbaycan Tibb Universitetində və gigər yerlərdə keçirilən görüşlər Azərbaycan elminin, sözün əsl mənasında, irəli getməsinə böyük türk oğlu Əziz Səncərın göstərdiyi böyük xidmətin əməli ifadəsi olub.

Eyni zamanda AMEA-nın Böyük akt zalında ölkə ictimaiyyətinin nümayəndələri qarşısında Əziz Səncərin etdiyi “Türk dünyasının elm siyasəti: reallıqlar və çağırışlar” mövzusundakı məruzə Azərbaycan elminin, Türk dünyası elminin prioritetlərini, bundan sonrakı gələcək inkişafının yollarını aydın şəkildə göstərib. Akademik vurğulayıb ki, Çin Xalq Respublikası ilə, orada gedən elmi proseslərlə Türk dünyasını bir yerdə, bütün potensialını nəzərə alaraq müqayisə etmək və Çin modelini türk dünyasının elmi inkişafı üçün nümunə kimi əyani misallarla, rəqəmlərlə göstərmək elm adamları üçün öz fəaliyyətlərini yenidən qurmağın böyük başlanğıcına çevrilib.

Akademik İsa Həbibbəyli qeyd edib ki, Əziz Səncərin fikrincə, Türk dünyasının alimləri inteqrasiya edərək, ortaq layihələr üzərində çalışaraq, birləşərək XXI əsrin elmini, elmin inkişafında Türk dünyasının yerini və mövqeyini qüvvətləndirərək Çin nümunəsində inkişaf edə bilər. Bildirib ki, bu, Türk dünyasının inkişaf etdirilməsinin Əziz Səncər konsepsiyası, Əziz Səncər modelidir.

Diqqətə çatdırıb ki, bu gün AMEA-nın qardaş Türkiyə ilə, Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla, Türkmənistanla, Kərküklə çox yaxın əlaqələri vardır. Akademik bildirib ki, Türk dünyası ölkələrinin akademik qurumları ilə, elmi-tədqiqat müəssisələri ilə əlaqələr hər gün inkişaf edir. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu, Əziz Səncərin açdığı, onun müəyyən etdiyi yola Azərbaycan elminin də ürəkdən xidmət etməsinin bir nümunəsidir.

Akademik İsa Həbibbəyli Azərbaycan elmi ictimaiyyəti adından ABŞ-ın Şimali Karolina Universitetinin professoru, qardaş Türkiyənin yetirməsi, öz ölkəsinə və dilinə, bütün türk dünyasına sonsuz hörmətini göstərən Nobel mükafatı laureatı Əziz Səncəri anadan olmasının 80 illiyi və dövlət başçısı tərəfindən “Şöhrət” ordeni ilə təltif olunması münasibətilə ürəkdən təbrik edib, ona cansağlığı arzulayıb.

Daha sonra akademik İsa Həbibbəyli ölkə başçısının Əziz Səncərin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: