Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində keçirilən “İslam dünyasının mədəni irsində Seyyid Yəhya Bakuvi zirvəsi: mötədil dəyərlər və müasir çağırışlar” mövzusunda I beynəlxalq konfransı öz işini bu gün də davam etdirib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Türk Dövlətləri Təşkilatının, eləcə də bir sıra ölkələrin müsəlman dini idarə rəhbərləri və aidiyyəti şəxslər iştirak ediblər.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovun moderatorluğu ilə keçirilən konfransın ikinci günündə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, həmçinin Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti professor Bahrom Abdukhalimov və başqaları çıxış edərək Seyyid Yəhya Bakuvinin elmi-fəlsəfi irsinin İslam dünyasının düşüncə tarixindəki rolundan, onun təsəvvüfi-fəlsəfi görüşlərinin elmi və nəzəri əhəmiyyətindən bəhs ediblər.
Çıxışlarda alimin əsərlərinin tədqiqi, onun elmi irsinin müasir şərqşünaslıq və fəlsəfə araşdırmaları baxımından əhəmiyyəti, eləcə də irsin elmi dövriyyəyə gətirilməsi və beynəlxalq səviyyədə öyrənilməsi məsələlərinə diqqət çəkilib. Bununla yanaşı, Seyyid Yəhya Bakuvinin irsində əksini tapan mötədil dəyərlərin müasir dövrdə mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına, sülh və qarşılıqlı anlaşma mühitinin möhkəmləndirilməsinə verdiyi töhfələr vurğulanıb.
Qeyd edək ki, konfransın həmtəşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi və Türk Dövlətləri Təşkilatı ilə birgə Azərbaycan Milli Elmlər Akademiyası, İSESKO, İRSİKA, Müsəlman Ağsaqqalları Şurasıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.