Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

25.05.2016 10:48
  • A-
  • A
  • A+

Azərbaycan elmi “Böyük Çöl” Birinci Beynəlxalq Humanitar Elmlər Forumunda uğurla təmsil olunub

Azərbaycan elmi “Böyük Çöl” Birinci Beynəlxalq Humanitar Elmlər Forumunda uğurla təmsil olunub

23-24 may 2016-cı il tarixlərində Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə Qazaxıstanın paytaxtı Astana şəhərindəki Nazarbayev Mərkəzində “Böyük Çöl” adlı Birinci Humanitar Elmlər Forumu keçirilib.

Türkdilli ölkələrin müstəqilliyinin 25 illiyi və Türk yazısı günü münasibətilə keçirilən Forumda Qazaxıstanın dövlət katibi Gülşara Əbdixalıkova, türkdilli dövlətlərdən, eləcə də dünyanın bir çox ölkələrindən rəsmi şəxslər, beynəlxalq təşkilatların rəhbərləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, 20 ölkədən 200-dən çox ekspert və alim iştirak edib.

Azərbaycan Milli Elmlər Akademiyasını AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Forumda türkçülük elminin inkişafında göstərdikləri xidmətlərə görə bir sıra elm xadimi Türk Akademiyası tərəfindən qızıl medalla təltif olunub.

Tədbir çərçivəsində Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu müasir ədəbiyyatın görkəmli nümayəndəsi, tanınmış ictimai xadim Oljas Süleymenova təqdim edib. Xatırladaq ki, bir neçə gün əvvəl dövlətimizin başçısı İlham Əliyev 80 illik yubileyi münasibətilə Oljas Süleymenovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyevin təbrik məktubunu oxuyan səfir Rəşad Məmmədov Oljas Süleymenovun 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı öz ictimai fəaliyyətində Azərbaycan gerçəkliklərini son dərəcə obyektiv işıqlandırdığını bildirib. Qeyd edib ki, onun antinüvə hərəkatında parlaq vətəndaş mövqeyi dünyada nüvə silahı sınaqlarının qadağan edilməsi uğrunda mübarizədə mühüm rol oynadığını bildirib.

Forumda “Avrasiya məkanında elmi əməkdaşlıq və inteqrasiya: Müasir yanaşmaların axtarışı”, “Türkologiya yeni mərhələdə: Metodoloji yanaşmalar, müasir texnologiyalar və fənlərarası aspektlər”, “Türk irsi müasir etnik-mədəni inteqrasiya kontekstində”, “Böyük Çöl sivilizasiyası: ümumi və xüsusi” mövzusunda panellərdə müzakirələr aparılıb. “Böyük Çöl”ün mədəniyyəti, həmin sivilizasiyada insanın formalaşması kimi mövzular müzakirə olunub. Həmçinin humanitar elmlərin fundamental əsaslarla öyrənilməsi üçün ideyalar və nəticələr ətrafında fikir mübadiləsi aparılıb.

Tanınmış alimlərin tarix, arxeologiya, etnoqrafiya, folklor, ədəbiyyat və incəsənət, dil və terminologiya sahələrinə, latın əlifbası məsələlərinə dair mülahizələri maraqla dinlənilıb.

Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr edilmiş “Türkologiya yeni mərhələdə: Metodoloji yanaşmalar, müasir texnologiyalar və fənlərarası aspektlər” mövzusunda keçirilən plenar iclasın sədri akademik İsa Həbibbəyli olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 90 illiyi münasibətilə imzaladığı Sərəncamın əhəmiyyətini xüsusi vurğulayan akademik İsa Həbibbəyli yubileylə bağlı digər türkdilli dövlətlərlə yanaşı, ölkəmizdə də keçirilən tədbirlərdən danışıb. “Türk dünyasında inteqrasiya prosesləri: ədəbi-tarixi ənənələr və müasir dövr” adlı məruzə ilə çıxış edən akademik İsa Həbibbəyli qurultayın tarixi və elmi əhəmiyyəti, müzakirə olunmuş məsələlər, təmsil olunan ölkələr və Birinci Türkoloji Qurultayın nümayəndələri, onların sonrakı taleyi barədə danışıb. O, Birinci Türkoloji Qurultayın 131 nəfərlik nümayəndə heyətinin ölkələr üzrə adlarını bəyan edərək görkəmli türkoloq alimlərin xatirəsini yad edib.

Akademik İsa Həbibbəylinin sədrlik etdiyi iclasda Seul Universitetinin professoru Yonq Sonq Li (Koreya), Əhməd Baytursunov adına Dilçilik İnstitutunun baş elmi işçisi Alimxan Junisbek (Qazaxıstan), Türk Dil Qurumunun prezidenti Mustafa Kaçalin (Türkiyə), Miçiqan Universitetinin professoru Timur Kocaoğlu (ABŞ), İstanbul Universitetinin professoru Osman Fikri Sərtqaya (Türkiyə) və Rusiya EA Sibir Şöbəsi Filologiya İnstitutunun direktor müavini, professor Natalya Şirobokova (Rusiya) Altay dilləri üzrə tədqiqatlar, ümumi türk əlifbası, türk ədəbi abidələri, türk dünyasının ümumi latın əlifbasına keçid məsələləri, müasir türk dünyasının tarixi əlaqələri və s. mövzularda məruzələrlə çıxış edib, fikir və mülahizələrini bildiriblər.

Beynəlxalq forum çərçivəsində Türk Dünyası Elmlər Akademiyaları Birliyinin də toplantısı keçirilib. Qurumun rəhbərliyində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin də təmsil olunduğu iclasda bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb, mühüm əhəmiyyətə malik qərarlar qəbul olunub. Birinci Türkoloji Qurultayın 90 illiyi ilə bağlı tədbirlər planından danışan akademik İsa Həbibbəyli türk dünyasında keçiriləcək yubiley tədbirlərinin koordinasiyası, əhatə dairəsi, mövzuları barədə danışıb, təkliflərini səsləndirib. Türkdilli respublikalarda qeyd olunacaq yubiley tədbirlərindən sonra akademik İsa Həbibbəylinin təklifi ilə yekun beynəlxalq elmi konfransın bu ilin noyabr ayında Bakıda keçirilməsi və tədbirin elmi istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Ümumilikdə iclasda latın əlifbası, inteqrasiya, doktorantura hazırlığı, birgə tədqiqatlar, inpakt faktorlu jurnallarla əməkdaşlıq və sairə məsələlərdən ətraflı bəhs olunub, geniş müzakirələr aparılıb.

Beynəlxalq konfransda Nəsimi adına Dilçilik İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun dil problemləri üzrə məruzəsi maraqla dinlənilib. Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovun, AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovun və başqa alimlərin də məruzələri beynəlxalq tərkibli redaksiya heyəti tərəfindən bəyənilib.

Forumda Türk Akademiyasının fəaliyyəti dövründə nəşr edilən kitablardan ibarət sərgi də nümayiş etdirilib.

Tədbir çərçivəsində bir sıra beynəlxalq elmi müəssisələrlə Türk Akademiyası arasında Memorandum imzalanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: