Hindistanın paytaxtı Dehlidə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Paşayevin İraq türkmanlarının ədəbi-mədəni irsinə həsr olunmuş “Iraqi-Turkmen Folklore” (“İraq-türkman folkloru”) adlı yeni kitabı ingilis dilində nəşr edilib.
Əsər alimin uzun illər ərzində apardığı araşdırmaların nəticəsi olmaqla, İraq türkmanlarının zəngin folklor irsinin müxtəlif janrlarını əhatə edir. 226 səhifədən ibarət monoqrafiyada İraq türkmanlarının folkloru nəzəri və elmi baxımdan sistemli şəkildə araşdırılır.
Üç fəsildən ibarət olan kitabın birinci fəslində ilkin folklor janrları, mərasimlər və havalar, ikinci fəslində lirik janrlar, bayatılar, xalq mahnıları, laylalar və tapmacalı bayatılar, üçüncü fəslində isə dastan və digər epik janrlar, atalar sözləri və aforizmlər, tapmacalar, lətifələr və eposlar tədqiq olunur.
Nəşrin redaktoru Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur. Akademik Rafael Hüseynov kitabda “İraq türkmanlarının tarixinə, dilinə və folkloruna yüyrək bir baxış” adlı geniş müqəddimənin də müəllifidir.
Qeyd edək ki, kitabda İraq türkman folklorunun indiyədək müxtəlif illərdə Bakı, Bağdad, İstanbul və Tehranda nəşr edilmiş tədqiqatlarının davamı və daha sistemli elmi təqdimatı öz əksini tapıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.