Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

27 Sentyabr – Anım Günü: Milli yaddaş, dövlətçilik və gənclik
27.09.2026 15:10
  • A-
  • A
  • A+

27 Sentyabr – Anım Günü: Milli yaddaş, dövlətçilik və gənclik

27 Sentyabr Azərbaycan xalqının yaddaşında yalnız bir təqvim günü deyil. Bu tarix müasir Azərbaycan dövlətçiliyinin, milli iradənin, hərbi-siyasi mübarizənin və tarixi ədalətin bərpası prosesinin mühüm mərhələlərindən biridir. Bu baxımdan 27 Sentyabr hadisələrini yalnız hərbi qarşıdurma kontekstində deyil, həm də tarix, beynəlxalq münasibətlər, dövlətçilik, milli yaddaş və ictimai-siyasi inkişaf baxımından tədqiq etmək mühüm elmi əhəmiyyət daşıyır.

İlk növbədə qeyd etmək lazımdır ki, 27 Sentyabr 2020-ci ildə başlayan hadisələr uzun illər davam edən mürəkkəb tarixi-siyasi proseslərin nəticəsi idi. Azərbaycan torpaqlarının işğalı, yüz minlərlə insanın doğma yurdlarından məcburi köçkün vəziyyətinə düşməsi, yaşayış məntəqələrinin, tarixi-mədəni abidələrin və infrastrukturun dağıdılması xalqımızın yaddaşında dərin iz buraxmışdır.

Bu proses Azərbaycan cəmiyyətində yalnız sosial və humanitar problem yaratmamış, eyni zamanda dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycanın diplomatik fəaliyyəti, beynəlxalq təşkilatlar çərçivəsində apardığı siyasət, iqtisadi və hərbi potensialının gücləndirilməsi, milli həmrəyliyin qorunması və müdafiə qabiliyyətinin artırılması sonrakı proseslərin mühüm əsaslarını formalaşdırmışdır.

27 Sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi isə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın ərazi bütövlüyünün böyük hissəsi bərpa edildi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılması rəsmiləşdirildi.

Lakin hər bir tarixi hadisənin yalnız nəticəsini deyil, həmin nəticəyə gətirib çıxaran amilləri də elmi baxımdan araşdırmaq lazımdır.Bu baxımdan Vətən müharibəsinin öyrənilməsi bir neçə istiqaməti əhatə edir.

Birinci istiqamət hərbi tarix və hərbi strategiyadır.

Müasir müharibələrin xarakteri son onilliklərdə ciddi şəkildə dəyişmişdir. Pilotsuz uçuş aparatları, elektron müharibə vasitələri, dəqiq zərbə imkanları, kəşfiyyat və informasiya texnologiyaları hərbi əməliyyatların mahiyyətinə əhəmiyyətli təsir göstərir. 2020-ci il müharibəsi də müasir hərbi texnologiyaların və yeni döyüş konsepsiyalarının tətbiqi baxımından dünya hərbi elminin diqqətini cəlb edən hadisələrdən biri olmuşdur. Bu məqam Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müharibədən sonrakı çıxışlarında da xüsusi vurğulanmışdır. Prezident İlham Əliyev müharibə zamanı Azərbaycanın həyata keçirdiyi işlər aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənildiyini və xarici tərəfdaşların verdiyi məlumata əsasən, Azərbaycanın döyüş taktikası və əməliyyatları həmin məktəblərdə tədqiq olunduğunu qeyd etmiş və bunu “XXI əsrin müharibəsi” kontekstində qiymətləndirmişdir.

İkinci mühüm istiqamət beynəlxalq münasibətlər və diplomatiyadır.

Azərbaycanın ərazi bütövlüyü məsələsi uzun illər beynəlxalq gündəmdə olmuşdur. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyünə və işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasına dair müddəalar öz əksini tapmışdı. Bu sənədlərin öyrənilməsi bizə bir mühüm həqiqəti göstərir: beynəlxalq hüquq normalarının mövcudluğu ilə onların praktiki şəkildə həyata keçirilməsi arasında bəzən ciddi fərq yarana bilir. Buna görə də müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin siyasi, diplomatik, iqtisadi və hərbi imkanlarının qarşılıqlı əlaqəsinin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır.

Üçüncü istiqamət milli yaddaş və tarixşünaslıqdır.

Şəhidlik anlayışı Azərbaycan xalqının tarixi yaddaşında xüsusi yer tutur. Şəhidlərimizin xatirəsinin yaşadılması yalnız onların adlarının yad edilməsi ilə məhdudlaşmamalıdır. Burada əsas məsələlərdən biri şəhidlik tarixinin elmi şəkildə sənədləşdirilməsi, arxiv materiallarının toplanması, bioqrafik məlumatların sistemləşdirilməsi və gələcək nəsillərə etibarlı mənbələr əsasında çatdırılmasıdır.

Məhz burada gənc alimlərin üzərinə böyük məsuliyyət düşür.

Gənc alim və mütəxəssislər yalnız hazırkı elmi biliklərin daşıyıcısı deyil, həm də gələcək elmi yaddaşın formalaşdırıcılarıdır. Biz Vətən müharibəsi və onun nəticələri ilə bağlı hadisələri emosional yaddaşdan akademik yaddaşa keçirməliyik.

Bu, o deməkdir ki, hadisələr müxtəlif mənbələr əsasında araşdırılmalı, ilkin sənədlər toplanmalı, şahid ifadələri sistemləşdirilməli, xəritələr, fotoşəkillər, video materiallar, diplomatik sənədlər və digər tarixi mənbələr elmi dövriyyəyə daxil edilməlidir. Çünki tarix yalnız xatırlamaq deyil, həm də sənədləşdirməkdir.

Xüsusi vurğulamaq istədiyim məqamlardan biri də gənclərin roludur. Vətən müharibəsində Azərbaycan gəncləri həm hərbi, həm də ictimai baxımdan mühüm rol oynadılar. Minlərlə gənc Vətənin müdafiəsinə qalxdı. Onların arasında müxtəlif peşə və ixtisas sahibləri — hərbçilər, mühəndislər, həkimlər, müəllimlər, alimlər, tələbələr və digər peşə sahibləri vardı.Bu fakt Azərbaycan gəncliyinin dövlətçilik və vətənpərvərlik anlayışlarına münasibətinin mühüm göstəricilərindən biridir. Lakin müharibədən sonrakı dövrdə gənclərin qarşısında başqa bir vəzifə dayanır: əldə edilmiş tarixi nəticələri elmi, intellektual və institusional nailiyyətlərlə möhkəmləndirmək.

Bu baxımdan bizim vəzifəmiz yalnız keçmişi xatırlamaq deyil. Biz həm də gələcəyi qurmalıyıq. İşğaldan azad edilmiş ərazilərin bərpası, Qarabağ və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafı, mədəni irsin qorunması, ekoloji problemlərin araşdırılması, mina təhlükəsinin aradan qaldırılması, yeni nəqliyyat və kommunikasiya infrastrukturlarının yaradılması çoxsaylı elmi istiqamətləri əhatə edir.

Burada müxtəlif elm sahələrinin əməkdaşlığı zəruridir.

Tarixçi və şərqşünas üçün bu ərazilərin tarixi və mədəni irsi, hüquqşünas üçün beynəlxalq hüquq və postmünaqişə hüququ, iqtisadçı üçün regional inkişaf, coğrafiyaşünas üçün məkan və ekoloji dəyişikliklər, mühəndis üçün infrastruktur və bərpa, politoloq üçün regional geosiyasi proseslər, sosioloq üçün cəmiyyətin postmüharibə transformasiyası tədqiqat mövzusudur.

Deməli, Vətən müharibəsinin nəticələri yalnız hərbi tarixə aid deyil. Bu nəticələr Azərbaycanın elmi gündəliyində çoxşaxəli və uzunmüddətli tədqiqat istiqamətləri yaradır.

Eyni zamanda, biz şəhidlərimizin xatirəsinə yalnız sözlə deyil, əməli fəaliyyətlə də ehtiram göstərməliyik.

Şəhidlərimizin bizə miras qoyduğu ən böyük dəyərlərdən biri azad və suveren Azərbaycan ideyasıdır. Bu ideyanı gələcək nəsillərə çatdırmağın ən mühüm yollarından biri isə savadlı, peşəkar, məsuliyyətli və milli maraqları dərk edən gənc nəsil yetişdirməkdir.

Gənc alim olaraq bizim fəaliyyətimizin əsas məqsədlərindən biri də məhz budur.

Biz elmi obyektivliyi, akademik dürüstlüyü və milli yaddaşı bir-birindən ayırmamalıyıq. Tarixi hadisələrə münasibətdə emosional yanaşma təbii və insani olsa da, elm bizdən faktlara, mənbələrə və metodologiyaya əsaslanmağı tələb edir. Çünki gələcək nəsillər bu gün yaşadığımız hadisələri bizim yazdığımız əsərlərdən, topladığımız arxivlərdən və yaratdığımız elmi tədqiqatlardan öyrənəcəklər. Bu mənada hər bir gənc alim qarşısında məsuliyyət daşıyır.

Bizim nəsil Vətən müharibəsini yaşadı və onun nəticələrinə şahid oldu. Qarşıdakı nəsillər isə bu hadisələri tarix kimi öyrənəcəklər. Onların əldə edəcəyi məlumatların dəqiqliyi, obyektivliyi və elmi əsaslandırılması isə bu gün bizim gördüyümüz işdən asılıdır.

27 Sentyabr Anım Günü bizə həm də bunu xatırladır: dövlətlərin tarixində elə hadisələr olur ki, onların təsiri bir neçə il və ya bir neçə onilliklə məhdudlaşmır. Bu hadisələr milli yaddaşı, dövlətçilik düşüncəsini və gələcək inkişaf istiqamətlərini formalaşdırır.

Bu gün biz 27 Sentyabrda başlayan Vətən müharibəsində və sonrakı proseslərdə həyatını itirmiş bütün şəhidlərimizin qarşısında baş əyirik. Onların hər birinin həyat hekayəsi ayrıca bir tarixdir. Onların xatirəsi yalnız ailələrinin deyil, bütün Azərbaycan xalqının mənəvi sərvətidir.

Bizim borcumuz isə bu xatirəni yaşatmaqla yanaşı, onların uğrunda mübarizə apardıqları dəyərləri — dövlətçiliyi, suverenliyi, ərazi bütövlüyünü, milli həmrəyliyi və gələcəyə inamı qorumaqdır.

Bu gün Azərbaycan yeni bir mərhələyə qədəm qoyub. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu mərhələdə artıq yalnız hərbi güc deyil, elmi potensial, intellektual kapital, innovasiya və insan resursları dövlətimizin inkişafının əsas dayaqlarından olacaq. Ona görə də gənc alimlərin qarşısında böyük məsuliyyət dayanır.

Biz öz sahəmizdə nə qədər peşəkar olsaq, nə qədər yeni tədqiqatlar aparsaq, nə qədər elmi əsərlər yaratsaq və Azərbaycan elminin beynəlxalq səviyyədə tanınmasına töhfə versək, şəhidlərimizin bizə əmanət etdiyi Azərbaycanın gələcəyinə bir o qədər böyük töhfə vermiş olarıq.

Bir daha bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirəm. Onların həyatını itirməsi bizim üçün yalnız keçmişin faciəsi deyil, həm də gələcəyə qarşı məsuliyyətdir. Qoy onların xatirəsi daim yaşasın. Qoy Azərbaycan elmi, Azərbaycan gəncliyi və Azərbaycan dövləti daha böyük nailiyyətlərlə onların müqəddəs xatirəsinə layiq olduğunu nümayiş etdirsin.

Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Nazim MƏNSİMOV, AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: