AMEA-nın Rəyasət Heyətinin iclasında AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin “Qarabağın Alban abidələrinin arxeoloji tədqiqi: yekunlar və vəzifələr” mövzusunda məruzəsi dinlənilib.
Fərhad Quliyev bildirib ki, son dövrlərdə Qafqaz Albaniyası mövzusunun aktuallığı artıb və bu istiqamətdə aparılan tədqiqatların elmi əsaslara söykənməsi olduqca vacibdir. Onun sözlərinə görə, Qafqaz Albaniyası ilə bağlı elmi məsələlərin qeyri-mütəxəssislər tərəfindən sosial şəbəkələrdə müxtəlif və ziddiyyətli şəkildə təqdim edilməsi yolverilməzdir.
Məruzəçi qeyd edib ki, Tarix və Etnologiya İnstitutu Qafqaz Albaniyasının xəritəsini hazırlayıb və onun tarixini yazılı mənbələr əsasında öyrənir, Arxeologiya və Antropologiya İnstitutu isə maddi-mədəni irsini tədqiq edir. O diqqətə çatdırıb ki, Arxeologiya və Antropologiya İnstitutu tərəfindən Qafqaz Albaniyasına aid kilsə kompleksləri, nekropollar və digər arxeoloji abidələr araşdırılır və radiokarbon analizi vasitəsilə abidələrin tarixini dəqiqləşdirmək mümkündür. Fərhad Quliyev bu istiqamətdə arxeogenetik tədqiqatların da mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
İnstitut direktoru Qarabağ və Şərqi Zəngəzurda aparılan arxeoloji tədqiqatlardan da danışıb, Ağdam rayonunda yerləşən Şahbulaq kompleksində aparılan qazıntılar barədə məlumat verib.
Fərhad Quliyev Qəbələdə yerləşən Kilsədağ kilsə kompleksində aparılan tədqiqatlara da toxunub. O qeyd edib ki, 2024-cü ildən burada arxeoloji qazıntılar davam etdirilir. Kilsədağ kompleksinin antik dövrə aid ola biləcəyi ilə bağlı ilkin ehtimalların olduğunu bildirən alim bu fikrin tədqiqatların nəticələri ilə dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb. Məruzəçi bildirib ki, Kilsədağ kompleksində ibadət məkanı ilə yanaşı, insanların yaşaması ilə bağlı izlərin və qəbirlərin də aşkar olunması abidənin daha geniş şəkildə araşdırılmasına imkan verir.
Diqqətə çatdırıb ki, Mədəniyyət Nazirliyi tərəfindən Qarabağda, Şərqi Zəngəzurda bütün xristian dövrünə aid kilsələr, əsasən də Qafqaz Albaniyasının tarixi ilə bağlı olan məbədlər, kilsələr artıq qeydiyyata alınır.
İnstitut direktoru Qəbələnin Səlbir ərazisində, Qax rayonundakı Torpaqqala qədim yaşayış yerində, eləcə də Kürmük məbədində aparılan tədqiqatları da diqqətə çatdırıb. O qeyd edib ki, Kürmük məbədinin daha qədim dövrü Qafqaz Albaniyasının maddi mədəniyyəti ilə bağlıdır və burada daha əvvəlki dövrə aid tikili qalıqları bunu göstərir.
Məruzəçi Kəlbəcərdə Xudavəng kompleksində aparılan tədqiqatların xüsusi əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, Xudavəng və Gəncəsər komplekslərində uzunmüddətli və məqsədyönlü arxeoloji tədqiqatların həyata keçirilməsi nəzərdə tutulur.
Fərhad Quliyev Gədəbəy rayonunda Xarxar nekropolunda “AzerGold”un dəstəyi ilə aparılan tədqiqatların da maraqlı nəticələr verdiyini, arxeoloji qazıntıların nəticələrinin ərazinin qədim əhalisinin öyrənilməsi baxımından əhəmiyyətli olduğunu deyib.
Alim Qafqaz Albaniyası ilə bağlı tədqiqatların nəticələrinin məqalələr və monoqrafiyalar şəklində işıq üzü gördüyünü söyləyib.
İnstitut direktoru Qafqaz Albaniyası irsinin öyrənilməsində birgə əməkdaşlığın və gənc kadrların hazırlanmasının vacibliyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.