Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.10.2026 10:06
  • A-
  • A
  • A+

İtaliyada beynəlxalq elmi tədbirdə Azərbaycanın qədim qayaüstü təsvir irsi təqdim edilib

İtaliyada beynəlxalq elmi tədbirdə Azərbaycanın qədim qayaüstü təsvir irsi təqdim edilib

İtaliyanın Kassini şəhərində qayaüstü incəsənətin öyrənilməsi və qorunmasına həsr olunmuş beynəlxalq tədbir keçirilib.

“Bəşəriyyətin ilk sənətinin yenidən kəşfi” (“Rediscovering the first Art of humankind”) adlı tədbir Azərbaycan və İtaliyadan dövlət rəsmilərini, Avropanın aparıcı alim və mütəxəssislərini, muzey direktorlarını, eləcə də incəsənət, tarix, antropologiya və qayaüstü təsvirlər üzrə tədqiqatçıları bir araya gətirib.

XVII əsrə aid Palazzo Mandrilli Qalereyasında keçirilən tədbirin ilk hissəsində Avropanın müxtəlif ölkələrindən olan alimlər, muzey direktorları və mütəxəssislər qayaüstü sənət sahəsində aparılan son tədqiqatlar və elmi yeniliklər barədə məruzələrlə çıxış ediblər. Azərbaycanı qayaüstü təsvirlər üzrə mütəxəssis, tarix elmləri doktoru, AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Elmi fond və ekspozisiya” şöbəsinin böyük elmi işçisi, tarix elmləri doktoru, professor Məlahət Fərəcova təmsil edib. Tədbirin ikinci hissəsində professor Məlahət Fərəcovanın Azərbaycanın qayaüstü sənətinə həsr olunmuş “Minilliklərdən gələn mesajlar: Qobustan petroqlifləri” (“Messages Through the Millennia: Gobustan Petroglyphs”) adlı  fərdi virtual sərgisi təqdim olunub.

Yekun mərhələdə qayaüstü sənət sahəsində gələcək elmi əməkdaşlığın və birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dair beynəlxalq əməkdaşlıq Memorandumu imzalanıb.

Beynəlxalq tədbir Azərbaycanın, o cümlədən Naxçıvanın qədim qayaüstü irsinin dünya elmi və mədəni ictimaiyyətinə təqdim edilməsi baxımından əhəmiyyət daşıyıb. Təşəbbüs çərçivəsində Azərbaycan qayaüstü irsinin öyrənilməsi və qorunması, bu sahədə beynəlxalq elmi əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.

Tədbirin keçirilməsinə Sən1Sən Beyin Mərkəzi və Palazzo Mandrilli Qalereyasının təşkilatçılığı ilə və həmçinin Kassini şəhər meriyası, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu texniki dəstəyi ilə keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: