Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Tarixi təcrübədən innovativ gələcəyə addımlayan Azərbaycan gəncliyi
03.10.2026 17:50
  • A-
  • A
  • A+

Tarixi təcrübədən innovativ gələcəyə addımlayan Azərbaycan gəncliyi

Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səslənən mesajlar və gələcəyə baxış

2026-cı il oktyabrın 2-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi diqqət çəkdi. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin çıxışı ölkənin keçdiyi tarixi inkişaf yoluna nəzər salmaqla yanaşı, gələcəyə ünvanlanmış və strateji istiqamətləri müəyyən edən konseptual fikirlərlə də yadda qaldı.

Dövlət başçısının bu çıxışı yalnız siyasi təşkilatın fəaliyyəti ilə bağlı məsələləri əhatə etmirdi. Mövzu və məzmun daha geniş, məntiqli və qətiyyətli idi. Ölkənin gələcək sosial-iqtisadi və siyasi inkişafı üçün proqram xarakterli bu çıxışda gənc nəsillərin qarşısında duran mühüm vəzifələrin tezisləri aydın görünürdü. Bir gənc kimi, anlayırıq ki, hər bir ölkənin gələcəyi yalnız əldə olunan yekun nəticələrlə deyil, eyni zamanda bu  nəticələr estafetinin gələcək nəsillərə necə ötürülməsi və uğurlarla davam etdirilməsi  ilə də ölçülür.

Azərbaycan gəncliyi ölkənin ictimai həyatında mühüm rol oynayan sosial qüvvələrdən biridir. Müasir dövrdə gənclərin dövlət idarəçiliyində, elm və təhsildə, innovasiyalarda, sahibkarlıqda, mədəniyyət və digər sahələrdə fəal iştirakı gələcək inkişaf üçün mühüm amil kimi qiymətləndirilir.

Prezident İlham Əliyevin çıxışında Yeni Azərbaycan Partiyasının yaranması və Azərbaycanın müasir siyasi tarixində Ulu Öndər Heydər Əliyevin rolu ilə bağlı fikirlər səsləndirdi. Yeni Azərbaycan Partiyasının yaradılmasının zamanın və xalqın tələbi olduğunu vurğuladı.

Ölkə rəhbəri Partiyanın zəngin tarixi təcrübəsinin təməlləri üzərindən bugünkü gənc nəslə  yönələn mənəvi və siyasi körpülərin yaradılması istiqamətində görüşlərin keçirildiyini xüsusi qeyd etdi.

Gənc nəsil üçün tarixi yaddaşı yaşatmaq, onun dərslərini, ictimai-siyasi uğurlarını, sosial-iqtisadi nailiyyətlərini, Zəfər səhifələrini qorumaq xüsusilə əhəmiyyətlidir. Keçmişin yaddaş səhifələrini, tarixi prosesləri öyrənmədən müasir Azərbaycanın inkişaf mərhələlərini, bu inkişafın indiki vüsətini  tam şəkildə anlamaq çətindir. Bu baxımdan, yaşlı nəsillərin təcrübəsi və bilikləri ilə gənclərin yeni düşüncə və texnoloji imkanlarının birləşdirilməsi mühüm  və vacib olan məsələdir.

Bu yanaşma mənə görə Vətəndaş mövqeyinə, xalqına, yurduna, onun milli mənəvi, maddi dəylərinə dəyər verən insanların nəsillərarası dialoqunun zəruriliyini bir daha təsdiq edir. Tarixi təcrübə gələcək üçün istiqamət verə, gənclərin yeni baxışları isə həmin təcrübənin müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsinə imkanlar yarada bilər.

VIII Qurultayın mühüm hadisə kimi dəyərləndirilməsi həm də onun  Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonrakı mərhələdə keçirilməsi ilə bağlıdır. Qurultayda səslənən çıxışlarda qarşıdakı dövr üçün nəzərdə tutulan davamlı sülh, azad edilmiş ərazilərin inkişafı, iqtisadiyyatın və insan kapitalının gücləndirilməsi, sosial rifahın yüksəldilməsi və gənclər üçün yeni imkanların yaradılması kimi məsələlər ön plana çəkilmişdir. Gənc baxışından yanaşdıqda, “Qələbəni qorumaq” anlayışı yalnız hərbi nailiyyətlərin qorunması kimi başa düşülməməlidir. Bu, eyni zamanda savadlı cəmiyyət, güclü iqtisadiyyat, müasir təhsil, güclü elmi potensial, innovasiya və yüksək insan kapitalı yaratmaq deməkdir.

Bu gün Azərbaycanın gələcək inkişafında gənclərin üzərinə düşən məsuliyyətli vəzifələr məhz bu istiqamətlərdə özünü göstərir. Gənc nəsil əldə olunmuş nailiyyətlərin davamlı inkişaf modelinə çevrilməsinə səfərbər olmalı, onun aparıcı qüvvəsinə çevrilməlidir.

Müasir dünyanın əsas xüsusiyyətlərindən biri sürətli texnoloji dəyişikliklərdir. Süni intellekt, rəqəmsallaşma, böyük verilənlər, robototexnika və digər yeni texnologiyalar əmək bazarını və sosial münasibətləri dəyişdirir. Bu dəyişən dünyada yeni biliklərlə silahlanan Azərbaycan gəncliyinin öz sözü, öz yeri  olmalıdır.

Dövlətin gənclər siyasəti aydındır və işıqlı gələcəyə ünvanlanmışdır, gəncliyin inkişaf strategiyası da  bu aydınlığın və əminliyin təminatçısı kimi çıxış etməlidir. Ali  təhsili ilə kifayətlənməyərək dünyagörüşü zənginləşdirən yeni biliklər qazanmaq, xarici dil bilgilərinə yiyələnmək, rəqəmsal bacarıqları inkişaf etdirmək, elmi araşdırmalara və innovativ layihələrə qoşulmaq müasir gəncliyin gələcək uğur imkanlarını genişləndirə bilər.

VIII Qurultayın müzakirə etdiyi məsələlər fonunda gənclərin qarşısında dayanan əsas vəzifələr sırasında xüsusi əhəmiyyət kəsb edən istiqamətlər diqqətimizi cəlb edir. Bu vəzifələr, ilk növbədə, keyfiyyətli və davamlı təhsil almağı, elm və innovasiyaya marağı artırmağı, rəqəmsal və süni intellekt texnologiyalarını öyrənməyi, dövlətçilik və milli-mədəni dəyərləri qorumağı, ictimai fəallığı artırmağı, sahibkarlıq bacarıqlarını inkişaf etdirməyi və yeni ideyalar yaratmaq məharətinə yiyələnməyi, Azərbaycanın beynəlxalq əlaqələrinin və imkanlarının genişlənməsinə töhfə verməyi nəhayət, əldə olunmuş tarixi nailiyyətləri gələcək inkişafın möhtəşəm nailiyyətləri ilə zənginləşdirməyi nəzərdə tutur.

Bu vəzifələr yalnız hər hansı siyasi təşkilatın üzvlərinə deyil, bütövlükdə Azərbaycan gəncliyinə aid edilə biləcək ümumi inkişaf strategiyası kimi nəzərdən keçirilə bilər.

Gənc nəslin baxışından isə qurultayın əsas məqamlarından biri gələcəklə bağlı məsuliyyət məsələsidir. Azərbaycanın gələcəyi bugünkü gənclərin təhsilindən, dünyagörüşündən, peşəkarlığından, elmi və texnoloji bacarıqlarından çox asılıdır.  Gənclik bu günün və gələcəyin fəal vətəndaşıdır.

Möhtərəm Prezidentin çıxışı müasir Azərbaycan gəncliyi üçün iftixar mənbəyidir. Bu mənada VIII Qurultay Azərbaycan gəncliyinə yenilikçi düşüncəyə yaşıl işıq saçan tarixi hadisə kimi də qiymətləndirilir.

Könül Hüseynova, AMEA MEK Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, doktorant

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: