Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir
08.10.2026 14:23
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

“Davamlı inkişaf siyasəti” dərsliyi ölkəmizdə davamlı inkişaf sahəsində gedən proseslərdən və əldə olunan nəticələrdən irəli gələn zərurətin məhsuludur. Kitab strukturuna, məzmununa, hədəfinə və ideyasına görə yenidir və elmi ictimaiyyət üçün mühüm əhəmiyyət daşıyır.

Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli “Davamlı inkişaf siyasəti” dərsliyinin təqdimat tədbirində çıxışı zamanı deyib.

Akademik bildirib ki, keçmiş sovet cəmiyyətində cəmiyyətin inkişaf mərhələləri marksist və ya sosialist modelinə əsasən izah olunurdu. SSRİ-nin dağılması və sosialist sisteminin süqutundan sonra bu yanaşma da öz əhəmiyyətini itirdi. Belə bir şəraitdə dünyanın və tarixi proseslərin yeni inkişaf mərhələlərini əks etdirən təsnifatın formalaşdırılması elmi və ictimai düşüncənin qarşısında duran vəzifələrdən birinə çevrildi.

“Postsovet dövründə cəmiyyətin inkişaf mərhələlərinin yeni təsnifatının “Davamlı inkişaf siyasəti” dərsliyində təqdim olunması mühüm elmi yenilikdir. Kitabda cəmiyyətin inkişafı sənayeləşməyə qədərki dövr, sənayeləşmə epoxası və postsənayeləşmə mərhələsi kimi təsnif edilir. Bu yanaşma həm dünya reallıqlarını, həm də ölkəmizin inkişaf xüsusiyyətlərini özündə əks etdirir. Dərslikdə sənaye inqilablarına da yeni yanaşmalar təqdim olunur. Birinci sənaye inqilabının əsasını təşkil edən buxar enerjisi ilə yanaşı, mexaniki istehsalın, ikinci sənaye inqilabında isə elektrik enerjisi ilə yanaşı, yeni nəqliyyat və rabitə vasitələrinin meydana gəlməsinin vurğulanması həmin proseslərin mahiyyətini daha dolğun anlamağa imkan verir. Üçüncü və dördüncü sənaye inqilablarının təsnifatına da kitabda təhlillərlə aydınlıq gətirilir. Dərsliyin mühüm yeniliklərindən biri ekosivilizasiya anlayışının elmi baxımdan təhlil edilməsidir. Bu yanaşma Azərbaycanın “Yaşıl dünya naminə həmrəylik” təşəbbüsü və COP29 kimi mühüm beynəlxalq tədbirlərin yaratdığı yeni imkanlar fonunda xüsusi əhəmiyyət kəsb edir. İnklüziv inkişaf anlayışı da kitabda aydın və sistemli şəkildə izah olunur. Burada inklüziv inkişaf sosial bərabərlik və ədalət siyasəti kimi təqdim edilir. Bununla yanaşı, gələcəksiz inkişaf, artıqsız inkişaf və ekoloji iz kimi yeni anlayışların da elmi baxımdan şərh edilməsi dərsliyin əhəmiyyətini artırır”, - deyə İsa Həbibbəyli əlavə edib.

AzərTac

  • Paylaş: