Türkmən ədəbiyyatının klassiki Məhtimqulu Fəraqinin yaradıcılığı Azərbaycanda geniş tədqiq olunub. Hazırda Azərbaycanın bir sıra ali təhsil müəssisələrində şairin ədəbi irsi tədris olunur, elmi-tədqiqat institutlarında isə onun poetik yaradıcılığı hərtərəfli araşdırılır.
Bu barədə açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nəşriyyat şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Töhfə Talıbova məlumat verib. O bildirib ki, Azərbaycanda Məhtimqulu Fəraqi yaradıcılığının tədqiqi ilə məşğul olan alimlər sırasında professor Pənah Xəlilov, İsmayıl Vəliyev, professorlar Ramiz Əskər, Firüzə Ağayeva, Əbülfəz Quliyev, Paşa Əlioğlu, Elman Quliyev, professor Məmməd Əliyev və dosent İsmixan Osmanlının adlarını qeyd etmək olar. Ədəbiyyat İnstitutunda “Görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin yaradıcılığı Azərbaycan ədəbiyyatşünaslığında” adlı elmi-tədqiqat məqalələri toplusu işıq üzü görüb.
“Alimlərimiz tərəfindən Məhtimqulu Fəraqi yaradıcılığı hərtərəfli öyrənilib, onun yaradıcılığına dair Azərbaycan mətbuatında bir sıra elmi məqalələr dərc olunub, əsərləri kitab şəklində nəşr edilib”, - deyə Töhfə Talıbova bildirib. Onun sözlərinə görə, akademik İsa Həbibbəylinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna rəhbərlik etdiyi dövrdən Azərbaycan-Türkmənistan ədəbi əlaqələrinin inkişafı istiqamətində mühüm addımlar atılıb, Məhtimqulu Fəraqinin həyat və yaradıcılığının daha dərindən öyrənilməsinə diqqət artırılıb. İsa Həbibbəylinin redaktorluğu və təşəbbüsü ilə “Azərbaycanda Məhtimqulu Fəraqinin ədəbi irsinin nəşri və tədqiqi biblioqrafiyası” hazırlanaraq nəşr olunub.
Müsahibimiz bildirib ki, Ədəbiyyat İnstitutunun əməkdaşı dosent İsmixan Osmanlı və professor Ramiz Əskərin tərtibçiliyi ilə Məhtimqulu Fəraqinin “Seçilmiş əsərləri” kitabı nəşr edilib. Dosent İsmixan Osmanlının AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Məhtimqulu Fəraqinin indiyədək elmə məlum olmayan bir divanının daşbasma əlyazma nüsxəsini aşkar etməsi də mühüm elmi hadisə kimi qiymətləndirilir. Divan akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə nəşr olunub. Kitabda akademik İsa Həbibbəylinin “Böyük türkmən şairi Məhtimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” adlı geniş məqaləsi də yer alıb.
Hazırda Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi yaradıcılığı ilə bağlı tədqiqatların davam etdirildiyini bildirən alim şairin ədəbi irsinin Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsinin iki qardaş xalq arasında mənəvi və ədəbi bağların daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.