AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin oktyabr ayında növbəti nömrəsi çapdan çıxıb.
Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib” başlıqlı icmal və M.C.Mərdanovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı yer alıb.
Nəşrin səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə “AMEA-da Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlayıb” başlıqlı Rəyasət Heyətinin iclasına, Azərbaycanın zəngin tarixi-mədəni irsinə həsr olunmuş kitabların təqdimatına, "Kəlağayım millidir, butalıdır, güllüdür" adlı elmi sessiyaya, AMEA-nın müxbir üzvü Misir Mərdanovun 80 illik yubileyinə həsr olunmuş tədbirə, eləcə də "Anadolu Məktəbi" layihəsinin iştirakçıları ilə görüşə dair yazılar təqdim edilib.
Bu sayda Pakistanın Müslim İnstitutunun direktorunun AMEA prezidentinə məktubu və akademik Rasim Əliquliyevin milli süni intellekt modellərinin yaradılmasının elmi əsaslarına dair fikirləri oxucuların diqqətinə çatdırılıb. Həmçinin İraq türkmanları və Misir nümayəndələri ilə qarşılıqlı əlaqələrin müzakirəsinə və akademik İsmayıl Hacıyevin Ərzurumda keçirilən konfransda çıxışına dair materiallar yer alıb.
Bundan əlavə, nəşrdə “Zəngin elmi irs”, “Xocalı-Gədəbəy mədəniyyəti və Qafqaz Albaniyasının tarixi varisliyi”, “Tarixi təcrübədən innovativ gələcəyə addımlayan Azərbaycan gəncliyi” başlıqlı məqalələr, eləcə də Akademiyanın ictimai həyatını əks etdirən xəbərlər, yeni nəşrlər və Nobel həftəsində mükafatı alan laureatların adları təqdim olunub.
Qəzetin rus və ingilis dili bölmələrində AMEA-da ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.