ADA Memarlıq Klubunun təşəbbüsü ilə ADA Universitetinin Memarlıq və dizayn fakültəsinin, eləcə də İctimai əlaqələr fakültəsinin tələbələri üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin yerləşdiyi tarixi “İsmailiyyə” binasına tanışlıq səfəri təşkil olunub. Səfər AMEA Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsi və Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tanışlıq zamanı tələbələrə Bakının memarlıq irsində xüsusi yer tutan “İsmailiyyə” binasının yaranma tarixi, tikilməsinin məqsədi, memarlıq xüsusiyyətləri və Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rol haqqında ətraflı məlumat verilib. Binanın tarixi ilə bağlı mühüm hadisələr diqqətə çatdırılıb, onun müxtəlif dövrlərdə keçdiyi inkişaf yolu və ölkənin mədəni irsindəki əhəmiyyəti izah olunub.
Tələbələr binanın memarlıq quruluşu, fasad elementləri, bədii tərtibatı və dekorativ detalları ilə tanış olub, memarlıq sənətinin incəliklərini yaxından müşahidə etmək imkanı əldə ediblər. Görüş zamanı tarixi tikililərin qorunmasının, onların ilkin memarlıq xüsusiyyətlərinin mühafizə edilməsinin və gələcək nəsillərə çatdırılmasının vacibliyi də vurğulanıb.
Səfər çərçivəsində tələbələrə hazırda binada fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyəti, elmi-təşkilati strukturu və ölkədə elmin inkişafına verdiyi töhfələr barədə də məlumat təqdim olunub. Bu baxımdan, tanışlıq səfəri tələbələrin yalnız memarlıq irsi haqqında biliklərinin genişləndirilməsinə deyil, həm də Azərbaycanın elmi mühiti və akademik ənənələri ilə yaxından tanış olmalarına xidmət edib.
Proqramın tələbələrdə xüsusi maraq doğuran hissələrindən biri də AMEA-nın Muzeyi ilə tanışlıq olub. Muzeydə nümayiş etdirilən eksponatlar, AMEA ilə əlaqədar elmi və tarixi materiallar vasitəsilə tələbələr Azərbaycanın elm tarixini, milli elmi irsini və görkəmli alimlərin fəaliyyətini əks etdirən məlumatlarla tanış olublar.
Təşkil olunan səfər tələbələrin nəzəri biliklərinin zənginləşdirilməsi, tarixi-memarlıq irsinə marağının artırılması və gənclərin elmin populyarlaşdırılması prosesinə cəlb edilməsi baxımından əhəmiyyət daşıyıb. Bu cür təşəbbüslər ali təhsil müəssisələri ilə elmi qurumlar arasında əməkdaşlığın genişləndirilməsinə, tələbələrin Azərbaycanın tarixi, mədəniyyəti və elmi nailiyyətləri haqqında məlumatlılığının artırılmasına töhfə verir.