Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“2026-cı ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri”
23.10.2026 10:20
  • A-
  • A
  • A+

“2026-cı ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri”

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında “2026-cı ilin Nobel mükafatı və laureatları: dünya elminin prioritetləri və Azərbaycan elminin vəzifələri” mövzusunda məruzə təqdim olunub.

AMEA-nın vitse-prezidenti akademik Dilqəm Tağıyev məruzəsində bildirib ki, dünya elminin və mədəniyyətinin inkişafına, sülhün və insan hüquqlarının qorunmasına verilən görkəmli töhfələrin beynəlxalq səviyyədə tanınmasında xüsusi əhəmiyyət daşıyan Nobel mükafatının 2026-cı il üzrə laureatları müəyyən olunub. Onun sözlərinə görə, bu mükafata layiq görülmüş nailiyyətlər fundamental elmi araşdırmaların, yaradıcı düşüncənin və bəşəri dəyərlərin müasir cəmiyyətin inkişafındakı mühüm rolunu bir daha təsdiq edir.

Akademik Dilqəm Tağıyev qeyd edib ki, fiziologiya və tibb üzrə Nobel mükafatına Karl Daysserot, Peter Hegemann və Georq Nagel işıqla idarə olunan ion kanalları və optogenetika sahəsində kəşflərinə görə layiq görülüblər. Onların tədqiqatları sinir hüceyrələrinin fəaliyyətini işıq vasitəsilə idarə etməyə imkan verən üsulların inkişafına yol açıb. Bu üsullar beynin fəaliyyətinin, yaddaşın və davranışın sinir mexanizmlərinin öyrənilməsi üçün yeni imkanlar yaradıb.

Həmçinin diqqətə çatdırıb ki, fizika üzrə Nobel mükafatına Frensis Halzen “IceCube” Neytrino Rəsədxanasının yaradılması və inkişafında həlledici xidmətlərinə, astrofiziki mənşəli yüksək enerjili neytrinoların kəşfinə verdiyi töhfələrə görə layiq görülüb. Antarktida buzlarında yerləşən bu müşahidə sistemi kainatın uzaq bölgələrində baş verən yüksək enerjili proseslərin neytrinolar vasitəsilə öyrənilməsinə imkan verir. Həmin tədqiqatlar kainat haqqında biliklərin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bundan əlavə, kimya üzrə Nobel mükafatına Anri B.Kaqan və Kenso Soainin asimmetrik üzvi sintezdə qeyri-xətti effektlərin və avtokatalizin kəşfinə görə layiq görüldüyünü söyləyib. Laureatların tədqiqatları bir-birinin güzgü əksi olan molekulyar formaların yaranması və seçici alınması mexanizmlərinin anlaşılmasına mühüm töhfə verib.

Akademik Dilqəm Tağıyevin sözlərinə görə, ədəbiyyat üzrə Nobel mükafatına kanadalı şair və esseist Enn Karson klassik ədəbi ənənə ilə yaradıcı dialoq əsasında müasir ədəbiyyatda yeni ifadə formaları yaradan əsərlərinə görə layiq görülüb. Onun yaradıcılığında poeziya, esse və tərcümə bir-birini tamamlayır, antik ədəbiyyatın mövzuları müasir insanın təcrübəsi ilə əlaqələndirilir. Bu yaradıcılıq klassik irsin yenidən mənalandırılması və ədəbi janrların ifadə imkanlarının genişləndirilməsi baxımından diqqəti cəlb edir.

2026-cı ildə sülh üzrə Nobel mükafatına isə Navanethem “Navi” Pillay sülhün və beynəlxalq hüququn təşviqi istiqamətində fəaliyyətinə görə layiq görülüb. Onun insan hüquqlarının müdafiəsi və beynəlxalq ədalətin təmin olunması sahəsində fəaliyyəti sülhün qorunmasında hüquqi təsisatların və beynəlxalq əməkdaşlığın əhəmiyyətini önə çıxarıb.

Məruzədə o da qeyd olunub ki, Alfred Nobelin xatirəsinə iqtisadi elmlər üzrə İsveç Dövlət Bankının mükafatına Robert E.Holl və Maykl Vudford makroiqtisadi sabitləşdirmənin mikroiqtisadi əsaslarına dair tədqiqatlarına görə layiq görülüblər. Laureatların elmi işləri iqtisadi sabitliyin təmin olunması, iqtisadi dəyişikliklərin təsirlərinin qiymətləndirilməsi və iqtisadi siyasət qərarlarının əsaslandırılması baxımından əhəmiyyət daşıyır.

Alimin sözlərinə görə, 2026-cı ildə riyaziyyat Nobeli sayılan Abel mükafatına Qerd Faltinqs (Almaniya) hesablama həndəsəsi sahəsində Nordell və Mordell-Lenq hipotezlərinin sübutu sahəsində qabaqcıl tədqiqatlara görə, informatika sahəsində Tyurinq mükafatına isə Çarlz Bennet (İBM) və Jil Brassar (Kanada) kvant kriptoqrafiyasının əsaslarının işlənilməsi və kvant fizikasında rabitənin qorunması prinsiplərinin yaradılması sahəsində tədqiqatlara görə layiq görülüblər.

Natiq məruzəsində 1901-2026-cı illər üzrə Nobel mükafatı laureatlarının statistikasını təqdim edib, bildirib ki, Nobel mükafatına layiq görülmüş nailiyyətlərin öyrənilməsi Azərbaycan elmində aktual tədqiqat problemlərinin müəyyənləşdirilməsi, fənlərarası araşdırmaların inkişafı və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, bu istiqamətdə müzakirələrin təşkili elmi müəssisələrin fəaliyyət profilinə uyğun yeni tədqiqat imkanlarının qiymətləndirilməsinə və gənc alimlərin qabaqcıl elmi təcrübə ilə tanışlığına xidmət edir.

Məruzədə, həmçinin qeyd olunub ki, ölkəmiz 2026-cı il Qlobal İnnovasiya İndeksində 139 ölkə arasında 85-ci, elmi məhsuldarlığa görө isə 236 ölkə arasında 73-cü yerdə qərarlaşıb. Bundan əlavə, dünya elminin qarşısında duran əsas hədəflər, elm adamlarının hələ də cavab tapa bilmədiyi fundamental suallar və digər məsələləri iştirakçılara təqdim edib.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: