Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da Qafqaz Albaniyasının tarixi, mədəniyyəti və arxeologiyasının tədqiqinə dair araşdırmalar genişləndirilir
23.10.2026 10:30
  • A-
  • A
  • A+

AMEA-da Qafqaz Albaniyasının tarixi, mədəniyyəti və arxeologiyasının tədqiqinə dair araşdırmalar genişləndirilir

AMEA-nın Rəyasət Heyətinin növbəti iclasında Qafqaz Albaniyasının tarixi, mədəniyyəti və arxeologiyasının tədqiqinə dair AMEA-nın Tədbirlər planının təsdiq edilməsi məsələsinə də baxılıb.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, AMEA-da Qafqaz Albaniyasının tarixinin və mədəni irsinin öyrənilməsi istiqamətində ardıcıl və sistemli tədqiqatlar aparılır. Həmçinin bu günlərdə AMEA-da “Azərbaycanın Qarabağ ərazisində Alban abidələri: tarixi reallıq və erməni saxtakarlığı” mövzusunda elmi konfransın keçirildiyini, AMEA-nın Rəyasət Heyətinin iclasında elmi məruzənin dinlənildiyini xatırladıb.

AMEA-nın Rəyasət Heyəti tərəfindən bu istiqamətdə 1 oktyabr 2026-cı il tarixli qərar qəbul edildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli sənədin 2-ci bəndində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutuna, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutuna və Memarlıq və İncəsənət İnstitutuna Qafqaz Albaniyasının tarixi-mədəni irsinin arxeoloji, tarixi və memarlıq baxımından kompleks şəkildə tədqiqi ilə bağlı təkliflərini hazırlayaraq 15 oktyabr 2026-cı il tarixinədək aidiyyəti üzrə AMEA-nın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə təqdim etmələrinin tapşırıldığını söyləyib.

Vurğulayıb ki, ötən müddət ərzində təqdim olunmuş müvafiq təkliflər əsasında AMEA-nın İctimai Elmlər Bölməsi tərəfindən “Qafqaz Albaniyasının tarixi, mədəniyyəti və arxeologiyasının tədqiqinə dair AMEA-nın Tədbirlər planı”nın layihəsi hazırlanaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edilib.

O, həmçinin cari ilin sonunda Qafqaz Albaniyasının tədqiqi ilə məşğul olan alimlərin iştirakı ilə geniş tədbirin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.

Daha sonra AMEA-nın akademik-katibi akademik Arif Həşimov Tədbirlər planını diqqətə çatdırıb.

Tədbirlər planında Qafqaz Albaniyasının tarixinə və maddi-mədəni irsinə dair respublika mediasında, radio və televiziyalarda populyar məqalələr ilə çıxışların edilməsi, elmi həqiqətlərin geniş oxucu kütləsinə, tamaşaçı və dinləyici auditoriyasına çatdırılması, Qafqaz Albaniyasının tarixi-coğrafiyasına dair müasir tələblərə cavab verən kartoqrafik materialların hazırlanması, Qafqaz Albaniyasının tarixinə və etnologiyasına dair epiqrafik və etnoqrafik materialların toplanılması üçün növbəti ildən etibarən tarixi-etnoqrafik ekspedisiyaların təşkil edilməsi, Qafqaz Albaniyasının irsinə aid arxeoloji tədqiqatların multidissiplinar modeldə təşkili və arxeoloji ekspedisiyaların genişləndirilməsi və digər bəndlər yer alıb.

Geniş müzakirələrdən sonra müvafiq qərar qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: