Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qubadlı Azərbaycanın inkişafında özünəməxsus yer tutacaq
26.10.2026 14:08
  • A-
  • A
  • A+

Qubadlı Azərbaycanın inkişafında özünəməxsus yer tutacaq

44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticələrlə yadda qaldı. Müharibə nəticəsində Qarabağla yanaşı, işğal altında olan yeddi rayonumuz da azad edildi. Bu, Azərbaycan xalqının son dövrlərdə qazandığı ən böyük uğurlardan biridir. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, əhalinin doğma yurdlarına qayıdışı ölkəmizin inkişafında yeni mərhələnin əsasını qoyur. Qubadlı bu prosesdə mühüm yer tutur.

Bu fikirləri açıqlamasında AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli bildirib.

Onun sözlərinə görə, Qubadlının işğaldan azad edilməsi Azərbaycanın suverenliyinin təmin olunması və ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır. "Qubadlının azadlığı Vətən müharibəsinin gedişinə və nəticələrinə təsir göstərən strateji hadisələrdən biri olub. Ermənistanla sərhəddə yerləşən rayonun işğaldan azad edilməsi Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, eləcə də Laçın və Şuşanın azad olunması istiqamətində mühüm rol oynayıb. Bu gün Qubadlıda aparılan genişmiqyaslı quruculuq işləri diqqətəlayiqdir. Həm Qubadlı şəhərində, həm də rayonun kəndlərində bərpa və yenidənqurma istiqamətində mühüm irəliləyişlər əldə olunur. Eyni zamanda, sakinlərin doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam edir. İnsanların öz torpaqlarında yenidən məskunlaşması işğaldan azad edilmiş ərazilərdə həyatın bərpasının və normal yaşayış şəraitinin yaradılmasının əsas göstəricilərindəndir".

Faiq Ələkbərli bildirib ki, Qubadlının əvvəlki həyatına qayıtması yalnız dağıdılmış yaşayış məntəqələrinin bərpası ilə məhdudlaşmır. Burada müasir tələblərə uyğun, yeni imkanlara əsaslanan şəhər və kənd mühitinin formalaşması prosesi gedir:"Bu mənada qarşıya qoyulan məqsəd təkcə keçmişi bərpa etmək deyil, həm də gələcək inkişaf üçün daha müasir və dayanıqlı yaşayış modeli yaratmaqdır. Qubadlıda görülən işlər rayonun tarixən formalaşmış simasının qorunması ilə yanaşı, yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da əhəmiyyətlidir.

Qubadlının Ermənistanla sərhəddə yerləşməsi onun strateji əhəmiyyətini daha da artırır. Buna görə rayonda əhalinin təhlükəsiz və davamlı məskunlaşmasının təmin edilməsi, müvafiq təhlükəsizlik sisteminin qurulması və infrastrukturun inkişafı xüsusi diqqət tələb edir. Bu istiqamətlərdə həyata keçirilən tədbirlər sakinlərin doğma torpaqlarında rahat yaşaması və rayonun uzunmüddətli inkişafı üçün mühüm əsas yaradır".

O vurğulayıb ki, Qubadlıda məskunlaşma siyasətinin ardıcıl şəkildə həyata keçirilməsi, insanların öz şəhər və kəndlərinə qayıdaraq dinc və təhlükəsiz şəraitdə yaşamağa başlaması böyük əhəmiyyət daşıyır:"Böyük Qayıdış prosesi yalnız əhalinin əvvəlki yaşayış yerlərinə köçürülməsi deyil, həm də sosial həyatın, iqtisadi fəaliyyətin və yerli icmaların yenidən formalaşması deməkdir. Bu baxımdan yaşayış məntəqələrinin bərpası ilə yanaşı, insanların gündəlik ehtiyaclarının qarşılanması və davamlı həyat şəraitinin yaradılması da mühüm vəzifələrdəndir".

Faiq Ələkbərli əminliyini ifadə edərək bildirib ki, Qubadlı Azərbaycanın inkişafında özünəməxsus yer tutacaq:"Rayonun tarixi inkişaf yolunun davam etdirilməsi, əhalinin doğma yurdlarında məskunlaşması və müasir infrastrukturun yaradılması Qubadlının gələcək potensialını artırır. Qubadlı təkcə işğaldan azad edilmiş ərazi kimi deyil, Azərbaycanın suverenliyinin, bərpa-quruculuq siyasətinin və yeni inkişaf mərhələsinin mühüm nümunələrindən biri kimi öz sözünü deyəcək".

AzərTac

  • Paylaş: