Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.10.2026 14:26
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun nəşrləri XII Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur

Əlyazmalar İnstitutunun nəşrləri XII Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “XII Bakı Beynəlxalq Kitab Sərgisi”nin açılış mərasimi keçirilib. “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi ilə təşkil olunmuş, 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisələrin təmsil olunduğu sərgidə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşrləri də yer alıb.

Azərbaycan Milli Elmlər Akademiyası üçün ayrılmış xüsusi zonada – P1-083 nömrəli stenddə Əlyazmalar İnstitutunun 40-a yaxın 2025-2026-cı il nəşrləri sərgilənir ki, onların içərisində monoqrafiya, klassiklərin elmi-tənqidi mətnləri, çapa hazırlanmış əsərləri, institut materiallarının tərcümə və ya transfoneliterasiya olunmuş nüsxələri, o cümlədən elmi məqalələr, toplular, dördcildlik nəşrlər, biblioqrafik göstərici və kataloqlar öz əksini tapıb.

Sərgidə həmçinin Əlyazmaların gigiyena və bərpası laboratoriyasının qədim əlyazmaların və nadir nəşrlərin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması istiqamətində gördüyü işlər də nümayiş etdirilib.

Respublikanın görkəmli ziyalıları, mədəniyyət xadimləri, Xalq yazıçı və şairləri, gənc qələm sahibləri, Türkiyə, ABŞ, Norveç, Böyük Britaniya, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrdən tanınmış alim və müəlliflərin, o cümlədən ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən sərgi 28 oktyabr tarixinə kimi davam edəcək.

Qeyd edək ki, sərgini ziyarətçilərə İnstitut Kitabxanasının əməkdaşları təqdim edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: