XII Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan - İraq-türkman ədəbi əlaqələrinə həsr olunmuş panel keçirilib.
Paneldə Əməkdar Elm Xadimi, professor Qəzənfər Paşayev, Kərkük Kültür Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev çıxış edib.
Natiqlər Azərbaycanla İraq türkmanlarının ortaq dəyərlərindən, tarixi bağlılıqlarından və ədəbi əlaqələrin genişliyindən bəhs ediblər. Paneldə Azərbaycan və İraq-türkman ədəbi əlaqələrinin tarixinin qədim olduğu, Nizami Gəncəvinin, Xaqani Şirvaninin zamanına qədər uzandığı vurğulanıb.
Xaqaninin “Töhfətül İraqeyn” və “Mədain xərbaləri” əsərləri məhz İraqla əlaqəlidir. XVI əsrin II yarısına qədər İraq coğrafiyasında yaranan anadilli ədəbiyyat Azərbaycan ədəbiyyatının bir hissəsi olub. Sonrakı dövrdə ictimai-siyasi hadisələr fonunda İraq-türkman ədəbiyyatı Azərbaycan ədəbiyyatından ayrılıb. Ayrılığın sonu isə XX əsrin 50-60-cı illərində yenidən bərpa olub və bu günə qədər yüksələn xətt üzrə inkişaf edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.