Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.10.2026 16:15
  • A-
  • A
  • A+

AMEA və TÜBİTAK-ın birgə layihəsi çərçivəsində Türkiyədə sahə tədqiqatları aparılıb

AMEA və TÜBİTAK-ın birgə layihəsi çərçivəsində Türkiyədə sahə tədqiqatları aparılıb

AMEA və TÜBİTAK-ın “Türkiyə və Azərbaycanda Türk mədəniyyətinin ən qədim izlərinin müəyyənləşdirilməsi” beynəlxalq elmi layihəsi çərçivəsində 26 avqust–25 sentyabr 2026-cı il tarixlərində Türkiyənin bir sıra bölgələrində sahə tədqiqatları aparılıb. Samsundan başlayaraq Ordu, Rize, Artvin, Kars, Ərzurum, Ərzincan və Ankara istiqamətlərini əhatə edən ekspedisiya zamanı arxeoloji və tarixi-mədəni abidələr araşdırılıb, maddi irs nümunələri sənədləşdirilib, folklor materialları toplanıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) birgə həyata keçirdiyi ikiillik beynəlxalq elmi layihənin əsas məqsədi Azərbaycan və Türkiyə ərazilərində Türk mədəniyyətinin qədim izlərini müəyyənləşdirmək, mövcud elmi məlumatları sistemləşdirmək və iki ölkənin ortaq tarixi-mədəni irsini müqayisəli şəkildə araşdırmaqdır.

Layihə çərçivəsində tarix, arxeologiya, etnoqrafiya, coğrafiya və folklorşünaslıq istiqamətləri üzrə tədqiqatlar bir-biri ilə əlaqəli şəkildə aparılır. Bu yanaşma qədim maddi mədəniyyət nümunələrinin yalnız fiziki xüsusiyyətlərinin deyil, onların tarixi-mədəni kontekstinin və xalq yaddaşında qorunan izlərinin də araşdırılmasına imkan verir.

Ekspedisiyanın marşrutu və tədqiqat istiqamətləri

Layihənin Türkiyə mərhələsi 26 avqust–25 sentyabr 2026-cı il tarixlərini əhatə edib. Bir ay davam edən ekspedisiya Samsun şəhərindən başlayaraq Ordu, Rize, Artvin, Kars, Ərzurum, Ərzincan və Ankara istiqamətlərində həyata keçirilib.

Sahə tədqiqatları zamanı qayaüstü təsvirlər, qədim yaşayış məskənləri, arxeoloji abidələr, kurqanlar, balballar, daş heykəllər, qədim simvollar, işarələr, damğalar və digər maddi mədəniyyət nümunələri araşdırılaraq sənədləşdirilib. Müxtəlif bölgələrdə muzeylərə elmi səfərlər təşkil olunub, arxeoloji materiallar və tarixi artefaktlar öyrənilib. Bununla yanaşı, yerli əhalinin yaddaşında qorunan folklor nümunələrinin toplanmasına da xüsusi diqqət yetirilib.

Ordu–Mesudiye istiqamətində tarixi-mədəni izlər və mümkün arxeoloji obyektlər yerində araşdırılıb. Ordu Muzeyində bölgənin arxeoloji və tarixi-mədəni irsinə dair materiallarla tanışlıq aparılıb.

Rize–İkizdere və Çamlıhemşin bölgələrində ərazilərin tarixi-mədəni xüsusiyyətləri öyrənilib. Anzer yaylasında mövsümi rituallar və ənənəvi mərasimlərlə bağlı folklor materialları toplanıb. Demirkapı (Arılı) qayaüstü təsvirləri yerində tədqiq edilərək onların motivləri və yerləşmə xüsusiyyətləri sənədləşdirilib.

Artvin mərhələsində regionun arxeoloji, etnoqrafik və tarixi-mədəni irsinə dair materiallar araşdırılıb, qədim mədəni əlaqələrin öyrənilməsi baxımından əhəmiyyətli məlumatlar qeydə alınıb.

Kars istiqamətində Camuşlu qayaüstü təsvirləri və Ani arxeoloji ərazisi tədqiqat proqramına daxil edilib. Eyni zamanda, yerli əhalinin ata-babalarının İrəvandan köçü ilə bağlı xatirələri və folklor materialları toplanıb. Bu mərhələdə bölgənin maddi irsi ilə yanaşı, kollektiv yaddaşda qorunan köç təcrübələrinin də sənədləşdirilməsinə diqqət yetirilib.

Ərzurum və Ərzincan ərazilərində tarixi-mədəni məkanlar və muzey materialları tədqiq olunub. Ərzincanın Eğin (Kemaliye) bölgəsində yerli əhalinin yaddaşında qorunan bayatı nümunələri toplanıb. Bu materiallar bölgənin şifahi ənənələrinin və folklor xüsusiyyətlərinin araşdırılması baxımından əhəmiyyət daşıyır.

Ekspedisiyanın Ankara–Güdül mərhələsində Anadolu Mədəniyyətləri Muzeyində qədim Anadolu sivilizasiyalarına aid materiallar öyrənilib, Salihlər qayaüstü yazıları yerində tədqiq edilərək foto-sənədləşdirmə aparılıb və müvafiq elmi məlumatlar qeydə alınıb.

Maddi və qeyri-maddi irs qarşılıqlı əlaqədə araşdırılıb

Layihənin mühüm istiqamətlərindən biri arxeoloji və maddi mədəniyyət nümunələrinin folklor materialları ilə əlaqəli şəkildə öyrənilməsidir. Qayaüstü təsvirlər, daş abidələr, qədim simvollar və digər tarixi-mədəni nümunələrlə bağlı yerli əhalinin yaddaşında qorunan rəvayətlər, mifoloji təsəvvürlər, inanclar və mərasim ənənələri tədqiqatın əhəmiyyətli mənbələrini təşkil edir.

Sahə araşdırmaları zamanı tarixi-mədəni məkanlarla bağlı şifahi məlumatların toplanması, toponimik materialların qeydə alınması və ənənəvi dünyagörüşü elementlərinin öyrənilməsi də nəzərdə tutulan tədqiqat istiqamətlərinə daxil olub.

Folklor materiallarının arxeoloji və etnoqrafik məlumatlarla müqayisəli təhlili maddi irs nümunələrinin daha geniş tarixi-mədəni kontekstdə araşdırılması üçün imkan yaradır. Bu yanaşma həm ortaq mədəni xüsusiyyətlərin, həm də ayrı-ayrı bölgələrə məxsus yerli ənənələrin elmi baxımdan qiymətləndirilməsinə şərait yaradır.

Türkiyə mərhələsində arxeoloji və tarixi abidələrin sənədləşdirilməsi, muzey materiallarının öyrənilməsi və folklor nümunələrinin toplanması paralel şəkildə həyata keçirilib. Əldə olunan materiallar Azərbaycan və Türkiyə ərazilərinin qədim tarixi-mədəni əlaqələrinin müqayisəli tədqiqi üçün elmi baza formalaşdırır.

Tədqiqatlar Azərbaycanda davam etdiriləcək

Layihənin növbəti mərhələsində analoji araşdırmalar Azərbaycanın qədim tarixə və zəngin mədəni irsə malik bölgələrində davam etdiriləcək. Sahə tədqiqatlarının Bakı, Qobustan, Şamaxı, Şəki, Qəbələ, Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı, Qarabağ və Naxçıvan istiqamətlərini əhatə etməsi nəzərdə tutulur.

Bu ərazilərdə qayaüstü təsvirlərin, qədim yaşayış məskənlərinin, arxeoloji abidələrin, kurqanların, balbalların, daş heykəllərin, qədim simvolların və digər maddi mədəniyyət nümunələrinin araşdırılması planlaşdırılır. Eyni zamanda, yerli əhalinin yaddaşında qorunan əfsanələrin, rəvayətlərin, mifoloji təsəvvürlərin, inancların, mərasimlərin, toponimik məlumatların və digər folklor nümunələrinin toplanması nəzərdə tutulur.

Azərbaycan mərhələsində əldə ediləcək materialların Türkiyədə toplanmış məlumatlarla müqayisəli təhlili iki ölkənin ortaq tarixi-mədəni irsindəki oxşar və fərqli xüsusiyyətlərin müəyyənləşdirilməsinə, qədim mədəni əlaqələrin araşdırılmasına və elmi nəticələrin sistemləşdirilməsinə imkan verəcək.

İradə Məmmədova: Azərbaycan və Anadolu ortaq tarixi-mədəni irsin mühüm tədqiqat coğrafiyalarıdır

Layihənin Azərbaycan tərəfindən rəhbəri, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent İradə Məmmədovanın fikrincə, layihənin əsas istiqamətlərindən biri Azərbaycan və Anadolu ərazilərindəki qayaüstü təsvirləri, qədim simvolları, kurqanları, balbalları, daş heykəlləri və digər maddi mədəniyyət nümunələrini müəyyənləşdirmək, onların ortaq, oxşar və fərqli xüsusiyyətlərini müqayisəli təhlil əsasında araşdırmaqdır. Bu materialların elmi əsaslarla qiymətləndirilməsi qədim mədəni əlaqələrin öyrənilməsi, eləcə də Türkiyə ərazisində miladdan əvvəl Türk varlığının mövcudluğu məsələsinin araşdırılması üçün yeni tədqiqat imkanları yaradır.

Aynur İbrahimova: Folklor maddi irsin semantik qatlarının öyrənilməsində mühüm mənbədir

Layihənin tədqiqat qrupunda yer alan AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova qayaüstü təsvirlərdə, daş abidələrdə və digər maddi irs nümunələrində müşahidə olunan motivlərin xalqın şifahi yaradıcılığında qorunan obraz və təsəvvürlərlə müqayisəli şəkildə araşdırılmasının həmin nümunələrin daha geniş tarixi-mədəni kontekstdə dərk edilməsinə imkan yaratdığını qeyd edib. O, folklor materiallarının maddi irs nümunələri ilə əlaqəli şəkildə araşdırılmasının qədim mədəniyyət izlərinin daha dolğun və əsaslandırılmış elmi şərhinə imkan verdiyini bildirib.

AMEA və TÜBİTAK-ın birgə layihəsi maddi və qeyri-maddi mədəni irsin kompleks şəkildə öyrənilməsinə, sahə materiallarının elmi dövriyyəyə daxil edilməsinə və Azərbaycan-Türkiyə elmi əməkdaşlığının inkişafına xidmət edir. Türkiyədə aparılmış tədqiqatların Azərbaycanda davam etdirilməsi iki ölkənin ortaq tarixi-mədəni irsinin müqayisəli araşdırılması baxımından layihənin növbəti mühüm mərhələsini təşkil edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: