AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçisi Könül Sadıqova Gürcüstanın Tiflis şəhərində keçirilmiş “Gürcüstan və Qafqaz: Keçmişi, bu günü, gələcəyi” (“Georgia and the Caucasus: Past, Present, Future”) adlı V Beynəlxalq Elmi Konfransda onlayn qaydada iştirak edib.
Qafqazşünaslıq və kartvelologiya sahəsində tədqiqat aparan yerli və xarici alimləri, tədqiqatçı və mütəxəssisləri bir araya gətirən bu mühüm akademik platformada əməkdaşımız “Ərəbdilli əlyazmalardan biri kimi “Miratuz-zaman fi təvarixi-l ə'yan” əsərində Naxçıvan tarixi” mövzusunda məruzə edib. Təqdim olunan məruzə orta əsr ərəbdilli yazılı mənbələrindən biri olan Sibt ibn əl-Cövzinin “Mirʾat al-Zaman” əsərində Naxçıvanın tarixinə dair məlumatların araşdırılmasına həsr olunub.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb. K.Sadıqova ətraflı və dolğun çıxışına görə təşkilatçı qurumların sertifikatına layiq görülüb.
Qeyd edək ki, beynəlxalq elmi konfrans Gürcüstan Universiteti Tamaz Beradze adına Gürcüstanşünaslıq (Kartvelologiya) İnstitutu, Frankfurt Höte Universitetinin Kartvelologiya Mərkəzi və Gürcüstanşünaslığa Dəstək Fondunun birgə təşkilatçılığı ilə baş tutub. Konfrans Gürcüstanın və Qafqaz regionunun tarixi, mədəniyyəti, dili və müasir inkişaf istiqamətləri haqqında multidissiplinar və hərtərəfli elmi müzakirələrin aparılması məqsədilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.