Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Səadət Yusifova: “Mədəni müxtəlifliyin qorunması və dialoq siyasətinin səmərəliliyinin qiymətləndirilməsi istiqamətində yeni elmi əməkdaşlıq modellərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır”
27.10.2026 18:40
  • A-
  • A
  • A+

Səadət Yusifova: “Mədəni müxtəlifliyin qorunması və dialoq siyasətinin səmərəliliyinin qiymətləndirilməsi istiqamətində yeni elmi əməkdaşlıq modellərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır”

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” (Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu) müxtəlif ölkələri, beynəlxalq təşkilatları və elmi ictimaiyyəti qarşılıqlı anlaşma və əməkdaşlıq ətrafında birləşdirən mühüm platformadır. “Bakı Prosesi”nin təcrübəsinin akademik müstəvidə daha sistemli şəkildə araşdırılması, nəticələrinin elmi əsaslarla qiymətləndirilməsi və beynəlxalq tədqiqatlarda geniş işıqlandırılması vacibdir.

Bu sözləri Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova oktyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyasında VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən Akademik Forumun açılış mərasimində deyib.

Səadət Yusifova hazırda dünyada qütbləşmə, münaqişələr və qarşılıqlı etimad böhranının artdığı bir şəraitdə mədəniyyətlərarası dialoqun əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, dialoqun inkişafı üçün siyasi və diplomatik təşəbbüslərlə yanaşı, elmi tədqiqatlara da xüsusi önəm verilməlidir. O, humanitar və sosial elmlərin cəmiyyətlərarası münasibətlərin öyrənilməsinə, stereotiplərin aradan qaldırılmasına və sosial etimadın möhkəmləndirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Çıxışında rəqəmsal transformasiya proseslərinin mədəniyyətlərarası dialoq üçün yaratdığı imkanlar və çağırışları da qeyd edən Səadət Yusifova bildirib ki, texnologiyalar mədəni irsin qorunmasına və biliklərin yayılmasına xidmət etməli, eyni zamanda az təmsil olunan dillərin və mədəniyyətlərin rəqəmsal mühitdə görünürlüyünün artırılmasına dəstək verməlidir. O, bu istiqamətdə universitetlərin, tədqiqatçıların və dövlət qurumlarının əməkdaşlığının vacibliyini qeyd edib.

Azərbaycanın UNESCO ilə tərəfdaşlığına toxunan nazir müavini UNESCO-UNITWIN Şəbəkəsinin beynəlxalq elmi əməkdaşlığın, bilik mübadiləsinin və birgə tədqiqatların genişləndirilməsi üçün mühüm imkanlar yaratdığını bildirib. Onun sözlərinə görə, mədəniyyətlərarası və dinlərarası dialoq, mədəni müxtəlifliyin qorunması və dialoq siyasətinin səmərəliliyinin qiymətləndirilməsi istiqamətində yeni elmi əməkdaşlıq modellərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Səadət Yusifova çıxışının sonunda Forumun nəticələrinin konkret təşəbbüslərə, birgə tədqiqatlara və yeni tərəfdaşlıqlara çevriləcəyinə, elmi müzakirələrin dövlət siyasətində və təhsil proqramlarında əksini taparaq cəmiyyətin davamlı inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, tədbirin işinə uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: