Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.10.2026 10:09
  • A-
  • A
  • A+

Hikmət Quliyev: “Folklor mədəniyyətlərarası dialoqun həm yaddaşı, həm də gələcəyə açılan körpüsüdür”

Hikmət Quliyev: “Folklor mədəniyyətlərarası dialoqun həm yaddaşı, həm də gələcəyə açılan körpüsüdür”

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-UNITWIN Akademik Forumunda AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev “Mədəniyyətlərarası dialoqda folklor: kollektiv yaddaşdan rəqəmsal körpülərə” mövzusunda məruzə ilə çıxış edib.

“Mədəniyyətlərarası anlaşma və humanitar elmlərin missiyası” panelində təqdim olunan məruzədə folklorun kollektiv yaddaşın qorunması, milli kimliyin formalaşması və fərqli mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın inkişafındakı rolu müasir nəzəri yanaşmalar və Azərbaycan təcrübəsi əsasında təhlil olunub.

Hikmət Quliyev qeyd edib ki, qloballaşma və rəqəmsal texnologiyalar insanları əvvəlkindən daha sıx əlaqələndirsə də, bu, heç də həmişə öz-özlüyündə qarşılıqlı anlaşma yaratmır. Texnoloji ünsiyyət imkanlarının genişlənməsi mədəni fərqlərin aradan qalxması demək deyil. Əksinə, fərqli dünyagörüşlərinin, yaddaş təcrübələrinin və kimlik təsəvvürlərinin necə qarşılıqlı əlaqəyə girdiyini anlamaq humanitar elmlərin qarşısında yeni vəzifələr qoyur.

Məruzədə folklor yalnız keçmişdən qorunub saxlanılan ənənələr toplusu kimi deyil, cəmiyyətin özünü dərk etməsinə, təcrübəsini mənalandırmasına və başqaları ilə münasibətlərini qurmasına imkan verən dinamik mədəni sistem kimi təqdim olunub. Folklorşünas alimin fikrincə, kollektiv yaddaş keçmiş hadisələri sadəcə xatırlamır, onları hər yeni dövrdə yenidən mənalandırır. Bu prosesdə folklor həm ortaq dəyərləri möhkəmləndirir, həm də “biz” və “başqaları” arasındakı sərhədlərin qurulmasında iştirak edir. Buna görə də folklor mədəniyyətlərarası dialoqun imkanlarını açmaqla yanaşı, stereotiplərin yaranmasını və ötürülməsini də müşayiət edə bilər.

Çıxışda Azərbaycan təcrübəsinə xüsusi diqqət yetirilib. Hikmət Quliyev ölkəmizdə müxtəlif etnik və mədəni qrupların birgəyaşayış ənənələrinin mədəniyyətlərarası dialoq baxımından əhəmiyyətini vurğulayıb. Bu kontekstdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsinin dövlətin multikulturalizm siyasətinin mühüm göstəricilərindən biri olduğu qeyd olunub. O bildirib ki, multikulturalizmin dayanıqlı ictimai təcrübə kimi öyrənilməsi yalnız fərqli mədəniyyətlərin mövcudluğunu təsvir etməklə məhdudlaşmamalı, onların yaddaş, ənənə, mərasim və gündəlik ünsiyyət vasitəsilə qarşılıqlı əlaqəsini də araşdırmalıdır.

AMEA Folklor İnstitutunun bu istiqamətdəki fəaliyyəti də məruzənin əsas məqamlarından olub. İnstitutun “Azsaylı xalqların folkloru” seriyası üzrə nəşrləri müxtəlif icmaların şifahi irsinin qeydə alınması, tədqiqi və ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyət daşıyır. Seriyanın səkkiz cildlik nəşr irsi Azərbaycanın mədəni müxtəlifliyinin folklor materialları əsasında öyrənilməsinə töhfə verir.

Hikmət Quliyev vurğulayıb ki, folklorşünaslığın müasir missiyası ənənələri yalnız toplamaq və qorumaq deyil, onların cəmiyyətin sosial və mədəni həyatında hansı mənaları yaratdığını da üzə çıxarmaqdır. Bu yanaşma folklorun filoloji tədqiqat çərçivəsindən sosial-antropoloji istiqamətə doğru genişlənməsini, mədəni hadisələrin insan münasibətləri və ictimai proseslərlə əlaqəli şəkildə öyrənilməsini zəruri edir.

Məruzədə rəqəmsal mühitdə folklorun transformasiyası ayrıca təhlil olunub. Sosial şəbəkələrdə yayılan memlər, şayiələr, zarafatlar və kollektiv qorxu narrativləri ənənəvi folklorun yeni texnoloji şəraitdə davam edən məna yaratma formaları kimi səciyyələndirilib. Alqoritmlər bu məzmunların yayılmasını sürətləndirərək onların ictimai təsir dairəsini genişləndirə bilir. Bununla belə, rəqəmsal əlaqələrin çoxalması mədəniyyətlərarası anlaşmanın avtomatik şəkildə dərinləşməsi demək deyil.

Bundan əlavə, Hikmət Quliyev 2012-ci il dekabrın 21-i ilə bağlı dünyanın sonu gözləntilərini və COVID-19 pandemiyası dövründə yayılan rəqəmsal folklor nümunələrini müqayisə edərək göstərib ki, qeyri-müəyyənlik və kollektiv qorxu şəraitində insanlar hadisələri folklorik narrativlər vasitəsilə izah etməyə çalışırlar. Eyni məzmunun müxtəlif cəmiyyətlərdə fərqli qarşılanması isə kollektiv yaddaşın, sosial təcrübənin və mədəni kontekstin əhəmiyyətini üzə çıxarır.

Rəqəmsal folklorun öyrənilməsinin aktuallığını nəzərə alan AMEA Folklor İnstitutunda bu istiqamətdə elmi fəaliyyətin genişləndirilməsi, o cümlədən “Rəqəmsal folklor və süni intellekt” istiqamətinin inkişafı nəzərdə tutulur. Bu sahədə aparılan tədqiqatlar ənənəvi folklor formalarının virtual mühitdə dəyişməsini, alqoritmlərin məzmunun yayılmasına təsirini və süni intellektlə əlaqəli yeni folklorik hadisələri araşdırmağa imkan yaradır.

Hikmət Quliyev məruzəsində folklorun dayanıqlı inkişaf məqsədləri ilə əlaqəsinə də toxunub. Onun fikrincə, mədəni irsin qorunması və mədəni müxtəlifliyə hörmət dayanıqlı gələcəyin mühüm şərtlərindəndir. Folklor fərqli icmaların dünyagörüşünü, tarixi təcrübəsini və mənəvi dəyərlərini anlamağa imkan verməklə bu prosesə töhfə verə bilər. Lakin bunun üçün folklor nümunələrinə yalnız milli özünəməxsusluğun ifadəsi kimi deyil, həm də mədəniyyətlərarası münasibətlərin öyrənilməsi üçün elmi mənbə kimi yanaşılmalıdır.

Məruzənin sonunda bildirilib ki, humanitar elmlərin vəzifəsi mədəni fərqləri aradan qaldırmaq deyil, onların mənasını anlamağa və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşmasına töhfə verməkdir. Folklor bu baxımdan həm kollektiv yaddaşın daşıyıcısı, həm də mədəniyyətlər arasında dialoq imkanlarını genişləndirən vasitədir. Müasir dövrdə bu imkanların reallaşması ənənəvi irsin elmi şəkildə öyrənilməsini, rəqəmsal mühitdə baş verən dəyişikliklərin izlənilməsini və beynəlxalq elmi əməkdaşlığın gücləndirilməsini tələb edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: