Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.01.2014 00:00
  • A-
  • A
  • A+

20 Yanvar şəhidləri AMEA Şərqşünaslıq İnstitutunda anılıb

20 Yanvar şəhidləri AMEA Şərqşünaslıq İnstitutunda anılıb

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçirilib.

Tədbirdə çıxış edən institutun direktoru, filologiya üzrə elmlər doktoru, professor Gövhər Baxşəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixi olduğunu qeyd edib: “Həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxdı. Böyük imperiyanın hərbi maşını Azərbaycana təcavüz etmişdi. Həmin gün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olundu”.

G.Baxşəliyeva bildirdi ki, həmin yanvar günlərində xalqımızın ümummilli lideri Heydər Əliyev ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedib mətbuat konfransında başda Mixail Qorbaçov olmaqla, Sovet rəhbərliyini tənqid edən bəyanat verdi və Azərbaycan xalqının səsini bütün dünyaya çatdırdı. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət də məhz ümummilli liderin yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra verildi. Ulu öndərin hakimiyyətdə olduğu dövrdə 20 Yanvar şəhidlərinin xatirəsinin anılması ilə bağlı verilən fərman və sərəncamlar həmin hadisənin qurbanlarının anılması, onların ailə üzvlərinə, eləcə də həmin hadisələrdə yaralananlara dövlət tərəfindən qayğının göstərilməsi istiqamətində mühüm addımlar oldu.

G.Baxşəliyeva, həmçinin Şərqşünaslıq İnstitutunda xalqımızın mübarizə tarixinin şərəfli səhifələrinə həsr olunmuş əsərlərin çap olunduğunu, bu əsərlərin müxtəlif dillərə tərcümə olunaraq bütün dünyaya yayıldığını qeyd edib və bu istiqamətdə institutun öncül yerlərdən birini tutduğunu vurğulayıb.

Tədbirdə çıxış edən institutun “Ərəb filologiyası” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov həmin günlər paytaxtımızda baş verən qanlı hadisələrin canlı şahidi olduğunu qeyd edərək, sovet ordusunun törətdiyi cinayətlərdən danışıb. V.Cəfərov həmin hadisələrdə Şərqşünaslıq İnstitutunun əməkdaşı Mənsur Əliyevin də yaralandığını yada salıb.

İnstitutun Həmkarlar təşkilatının sədri, hüquq üzrə fəlsəfə doktoru Soltanəli Mirzəzadə 1990-cı ilin 20 Yanvar faciəsinin dəhşətlərindən söz açaraq, bu hadisələrin qurbanlarının tək Azərbaycan Respublikasında deyil, Cənubi Azərbaycanda da ürək ağrısı ilə anıldığını qeyd edib. S.Mirzəzadə təbrizli şair Bəhruz İmaninin 20 Yanvar şəhidlərinə həsr etdiyi şeri mərasim iştirakçılarının nəzərinə çatdırıb.

Tədbirə yekun vuran Gövhər Baxşəliyeva bir daha vurğulayıb ki, xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü deyil, eyni zamanda tariximizin şərəfli səhifəsi olmaqla, mübarizlik və qəhrəmanlıq nümunəsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: