AR Elm və Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin tabeliyində Polimer Materialları İnstitutu, Azərbaycan Tibb Universiteti və Kimya İnstitunun əməkdaşlarının birgə məqaləsi nüfuzlu jurnalda dərc olunub. Polimer Materialları İnstitutunun sabiq dissertantı, Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimyası kafedrasının baş müəllimi Şəhanə Quliyeva, institutun Makromonomer əsaslı polimer materialları laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Aygün Əlixanova, laboratoriyanın müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Aynurə Məmmədova və digərlərinin həmmüəllifləri olduqları məqalə Q1 kvartilinə daxil olan “SPE Polymers” jurnalında (2026, Volume 7, Issue 4, pp. e70078) dərc edilib.
“Çoxfunksiyalı malein anhidridi-stirol-N-karboksifenilmaleinimid üçkomponentli polimerləri: sintezi, molekulyar dizaynı, termiki davamlılığı və sinergetik antioksidant-antimikrob aktivliyi” (Multifunctional Maleic Anhydride-Styrene-N-Carboxyphenylmaleimide Terpolymers: Synthesis, Molecular Design, Thermal Robustness, and Synergistic Antioxidant-Antimicrobial Activity) adlı məqalədə N-karboksifenilmaleinimidlərin (o-, m- və p-izomerlər) malein anhidridi və stirolla terpolimerləşmə reaksiyaları, izomer quruluşunun monomer reaktivliyinə və polimer xassələrinə təsiri təqdim olunub. Alınan terpolimerlərin quruluşu (İQ və UB spektroskopiya), reoloji və termiki xassələri, həmçinin antioksidant və antimikrob aktivliyi ətraflı tədqiq edilib.
Qeyd edək ki, 2025-ci il üzrə impakt faktor göstəricisi 6.4, Scopus CiteScore göstəricisi isə 7.8 təşkil edən jurnal John Wiley and Sons (Wiley) nəşriyyat platformasında yayımlanır, Web of Science və Scopus kimi beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxildir.