Oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ölkəmizin geosiyasi mövqeyinin və milli ideologiyasının mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Bu fikirləri açıqlamasında AMEA-nın Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli bildirib.
Akademik qeyd edib ki, dövlətimizin başçısının nitqində diqqətçəkən məqamlardan biri Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu oynaması və bu geosiyasi reallığın ölkəmizin milli ideologiyasının formalaşmasındakı əhəmiyyətinin vurğulanması olub. Onun sözlərinə görə, Azərbaycanın milliyyətindən, dinindən və irqindən asılı olmayaraq bütün vətəndaşlarını birləşdirən azərbaycançılıq ideologiyası ölkə daxilində milli bərabərliyin, birliyin, sosial ədalətin və davamlı inkişafın əsas təminatıdır.
T.Kərimli diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Forumdakı çıxışında səsləndirdiyi “Azərbaycan cəmiyyəti, multikulturalizm üzrə, divarların yox, körpülərin qurulması üzrə dövlət siyasəti, həqiqətən də bu mühüm hadisələrə gətirib çıxardı” fikri ölkəmizin multikulturalizm siyasətinin mahiyyətini aydın ifadə edir. Bu yanaşma Azərbaycanın tolerantlıq və mədəniyyətlərarası dialoq məkanı kimi beynəlxalq səviyyədə tanınmasına mühüm töhfə verir.
Akademikin sözlərinə görə, müasir dünyada qarşıdurmaların, ayrı-seçkiliyin və süni maneələrin artdığı bir şəraitdə Azərbaycanın müstəqil dövlətçilik, qarşılıqlı hörmət və qonşularla balanslaşdırılmış münasibətlər siyasəti xüsusi əhəmiyyət kəsb edir. Bu siyasətin ideoloji əsasını isə azərbaycançılıq məfkurəsi təşkil edir.
Teymur Kərimli vurğulayıb ki, 44 günlük Vətən müharibəsində xalqımızın “Dəmir yumruq” ətrafında birləşməsində mühüm rol oynayan azərbaycançılıq ideologiyası Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin ən qiymətli mənəvi dayaqlarındandır. Bu gün həmin ideoloji xətt Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin möhkəmləndirilməsinə və dünya birliyində layiqli yerini tutmasına xidmət edir.
O xatırladıb ki, Forumda 100-dən artıq ölkəni təmsil edən 500-dən çox qonağın iştirakı Azərbaycanın multikulturalizm modelinin beynəlxalq miqyasda təqdim olunması üçün geniş imkan yaradıb. Belə mötəbər platformalar ölkəmizin yalnız müxtəlif mədəniyyətlərin və dinlərin dinc yanaşı yaşadığı məkan kimi deyil, həm də beynəlxalq dialoqun, qarşılıqlı anlaşmanın və etimadın təşviqinə töhfə verən dövlət kimi nüfuzunu gücləndirir. Onun fikrincə, azərbaycançılıq məfkurəsi bu dəyərlərin qorunmasında və gələcək nəsillərə ötürülməsində mühüm mənəvi-siyasi əhəmiyyət daşıyır.