Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.11.2026 10:08
  • A-
  • A
  • A+

NASCO29-da Azıx mağarasında tədqiqatlar barədə məruzələr dinlənilib

NASCO29-da Azıx mağarasında tədqiqatlar barədə məruzələr dinlənilib

AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, Azərbaycan–Almaniya Azıx Beynəlxalq Paleolit Tədqiqatları Qrupunun rəhbəri və Qarabağ Universitetinin Azıx Arxeoloji Araşdırma və Analiz Laboratoriyalar Mərkəzinin direktoru Əjdər Babazadə, institutun doktorantları və Mərkəzin tədqiqatçıları Şəhriyar Səməndərov və Turan Eldarov 30–31 oktyabr 2026-cı il tarixlərində Naxçıvan Dövlət Universitetində keçirilən NASCO29 – Doktorantların və Gənc Tədqiqatçıların 29-cu Respublika Elmi Konfransında iştirak ediblər.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş konfransda Azıx mağarasında son illərdə aparılan beynəlxalq arxeoloji tədqiqatların əsas istiqamətləri, müasir metodoloji yanaşmalar və müxtəlif elmi istiqamətlər üzrə əldə olunan nəticələr təqdim edilib.

Qeyd edək ki, Azıx mağarasında müasir beynəlxalq tədqiqatlar AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leibniz-Zentrum für Archäologie (LEIZA) elmi qurumu arasında imzalanmış əməkdaşlıq memorandumu əsasında həyata keçirilir. Üç ildir davam edən Azərbaycan–Almaniya Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyası Əjdər Babazadənin rəhbərliyi ilə Azərbaycan və Almaniya tərəflərinin, eləcə də müxtəlif ölkələrdən olan mütəxəssislərin birgə elmi fəaliyyətini əhatə edir. Tədqiqatlarda Azərbaycan, Almaniya, Portuqaliya, Böyük Britaniya, Danimarka, ABŞ, Türkiyə, Yunanıstan, Fransa, Polşa, Slovakiya və Norveçdən olan mütəxəssislər, həmçinin Qarabağ Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Oksford, Tübingen, Vrotslav, Virciniya və Alqarve universitetlərinin tədqiqatçıları və tələbələri iştirak edirlər.

Azərbaycan–Almaniya Azıx Beynəlxalq Paleolit Tədqiqatları Qrupunun rəhbəri Əjdər Babazadənin məruzəsində Azıx mağarasının və bütövlükdə Qarabağ mağaralarının insan təkamülü, Avrasiyada erkən homininlərin yayılması, Pleystosen dövründə Qafqazda, xüsusilə Qarabağ ərazisində məskunlaşma və erkən miqrasiya prosesləri, eləcə də texnoloji və koqnitiv təkamülün öyrənilməsindəki elmi əhəmiyyəti diqqətə çatdırılıb. Məruzədə bu fundamental problemlərin araşdırılması üçün arxeoloji materialların rəqəmsal arxeologiya metodlarının, o cümlədən coğrafi informasiya sistemlərinin (GIS) tətbiqi, paleoekoloji, arxeobotanik və paleogenetik tədqiqatların nəticələrindən istifadə, habelə arxeometrik, texnoloji, tipoloji, traseoloji, makro- və mikroskopik analizlərin aparılması yolu ilə kompleks şəkildə öyrənilməsinin əhəmiyyəti vurğulanıb. Bu yanaşmalar Qarabağ mağaralarının qədim insan məskunlaşmasının, erkən miqrasiya yollarının, texnoloji davranışların və insan–ətraf mühit münasibətlərinin öyrənilməsindəki yerini daha geniş elmi kontekstdə müəyyənləşdirməyə imkan verir.

Qarabağ Universitetinin tərkibində fəaliyyət göstərən Azıx Arxeoloji Araşdırma və Analiz Laboratoriyalar Mərkəzi beynəlxalq Azıx tədqiqatlarının elmi nəticələrinin inkişaf etdirilməsi, müasir arxeoloji metodların tətbiqi, Qarabağın Paleolit irsinin kompleks və müqayisəli şəkildə öyrənilməsi, eləcə də tələbə və gənc tədqiqatçıların praktiki elmi fəaliyyətə cəlb edilməsi baxımından mühüm rol oynayır. AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə Qarabağ Universiteti arasında formalaşan bu elmi əməkdaşlıq Azərbaycanın arxeoloji irsinin müasir metodlarla araşdırılmasına, beynəlxalq elmi əlaqələrin genişləndirilməsinə və yeni elmi kadrların hazırlanmasına töhfə verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: