Əlyazmalar İnstitutunun əməkdaşları AMEA-nın Gəncə Bölməsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illiyi münasibətilə keçirilmiş “Azərbaycan və dünya nizamişünaslığının aktual problemləri” adlı II Beynəlxalq elmi konfransda iştirak ediblər.
Azərbaycan, Türkiyə, Özbəkistan, İran, Livan, Hindistan, Litva, Pakistan və Kalmıkiyanın aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim və mütəxəssislərin qatıldığı konfransda institutun rəqəmsal inkişaf üzrə direktor müavini fil.ü.f.d., dosent Xatirə Yusifova, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Tünzalə Seyfullayeva, Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşları – şöbə müdiri fil.ü.f.d. Rəna İskəndərli, böyük elmi işçilər – Könül Sadıqova və Xoşqədəm Mirzəyeva, elmi işçi Vəsilə Hüseynova, baş mütəxəssis Aysel Feyzullayeva, Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Leyla Kərimova, həmin şöbənin böyük elmi işçisi Tahirə Əliyeva, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Sevda Muradova, Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Nəzrin Rzayeva əyani şəkildə iştirak edib, çıxışlarında müvafiq olaraq “Müasir rəqəmsal elmi mühitdə nizamişünaslığın yeni tədqiqat istiqamətləri: Nizaminin yaradıcılığının rəqəmsal humanitar elmlər kontekstində tədqiqi”, “Türk bədii ədəbiyyatında Nizami Gəncəvi təsiri”, “Nizami Gəncəvi “Xəmsə”sinə yazılan nəzirələr və Əmir Xosrov Dəhləvi əsərlərinin Bakı nüsxələri”, “Ədəbiyyatda tarixə baxış: Məmməd Səid Ordubadinin “Qılınc və qələm” əsərində siyasi və mədəni hadisələrin mənbələr əsasında təhlilinə dair”, ““Xülasətül-Xəmsə”nin Bakı nüsxələrinin tərtibi haqqında”, “Nizami və incəsənət”, “Toponimlər etnokulturoloji fakt kimi (Nizami “Xəmsə”si əsasında)”, “Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri ilə Əbubəkr İbn Xosrov əl-Ustadın “Munisnamə” əsərinin müqayisəli tədqiqi”, ““Leyli və Məcnun” haqqında rəvayətin ilk mənbələri (akademik İ.Y.Kraçkovskinin tədqiqatları əsasında)”, “Nizami Gəncəvi: söz xəzinəsinin incisi”, “Nizami Gəncəvi yaradıcılığında qadın obrazının bədii xüsusiyyətləri” adlı məruzələrini təqdim ediblər. Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Konfransda, həmçinin AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov, AMEA-nın Gəncə Bölməsinin elmi işlər və rəqəmsal inkişaf üzrə sədr müavini fil.ü.f.d., dosent Əlimuxtar Muxtarov, Elektron xidmətlər şöbəsinin müdiri Fərhad Mirzəyev, Litvanın Vilnüs şəhərindən yazar, şair, araşdırmaçı, dilçi və tərcüməçi Tahirə Günəş, Əlyazmalar İnstitutunun Həmkarlar təşkilatının sədri fil.ü.f.d. Samirə Əliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova, Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının baş mütəxəssisi Elvin Hənifəoğlu və bir sıra mötəbər qonaqlar iştirak ediblər.
Konfrans çərçivəsində əməkdaşlarımız Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət edib, müstəqil dövlətimizin banisinin heykəli önünə güllər düzərək, onun əziz xatirəsini yad ediblər. Daha sonra AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunun qarşısında bu elm ocağında aparılan elmi tədqiqatlardan, o cümlədən nizamişünaslığa aid nailiyyətlərdən bəhs edən sərgi ilə tanış olublar. Tədbirdə iştirakçıların diqqətinə AMEA-nın Gəncə Bölməsi tərəfindən hazırlanmış kiçik film təqdim olunub ki, filmdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin konfrans iştirakçılarına təbriki də yer alıb.
Konfransın sonunda əməkdaşlarımız dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini və Nizami Gəncəvi Muzeyini ziyarət ediblər, tədbir iştirakçılarının xatirə fotosu çəkilib.
Qeyd etmək lazımdır ki, beynəlxalq konfransa qəbul olunmuş 251 məqalə ümumi həcmi 1250 səhifə olmaqla 4 cilddə nəşr olunub ki, bu cildlərdə konfransda əyani iştirak edən əməkdaşlarımızla yanaşı İnstitutun Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin böyük elmi işçiləri: Əsmət Məhərrəmovanın, Günel Şakirlinin, Rəxşəndə Kərimovanın, Günel Quliyevanın, həmin şöbənin baş mütəxəssisi Pəri Mustafazadənin, Kitabxana müdiri Briliant Hacıyevanın, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Yeganə Rəhnullanın və tərcüməçi Nuranə Çələbiyevanın da məqalələri yer alıb. Məqalələrdə klassik ədəbi irsin öyrənilməsində “Digital Humanities” yanaşmasından, Seyid Əzim Şirvani poeziyasında Nizami Gəncəvi ənənələrindən, dahi şairin “Xəmsə”sinin miniatürlərində musiqi alətlərinin tədqiqi və təsvirindən, onun “Sirlər xəzinəsi” poemasında ilahiyyatla bağlı dəyərlərin təhlilindən və bir sıra aktual məsələlərdən bəhs olunur.
Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyasının və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən mötəbər elmi forum AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin, Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin və Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.