Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

17.11.2026 10:20
  • A-
  • A
  • A+

Maştağa qəsəbəsinin tarixi-mədəni irsinə həsr olunmuş “Ağalbəbə türbələri” monoqrafiyası nəşr edilib

Maştağa qəsəbəsinin tarixi-mədəni irsinə həsr olunmuş “Ağalbəbə türbələri” monoqrafiyası nəşr edilib

AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əlibaba Babayevin “Ağalbəbə türbələri (Seyid İbad Ağa türbəsi)” adlı monoqrafiyası işıq üzü görüb.

Kitab 2026-cı ildə Bakıda “AFPoliqrAF” nəşriyyatında çap olunub. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan nəşr 72 səhifədən ibarətdir.

Monoqrafiyada Maştağa qəsəbəsinin tarixi-mədəni irsinin mühüm nümunələrindən olan Ağalbəbə türbələr kompleksi, orta əsr qəbirüstü abidələri və yerli əhalinin yaddaşında qorunan ziyarət ənənələri haqqında məlumatlar təqdim edilir. Türbələr, daş kitabələr, qəbirüstü abidələrin bədii tərtibatı və bu məkanlarla bağlı şəxslərin həyatına dair materiallar əsərin əsas mövzularını təşkil edir.

Kitab iki əsas bölmədən ibarətdir. “Ağalbəbə türbələri və orta əsr qəbirüstü abidələri” adlı birinci bölmədə kompleksin tarixi, abidələrin memarlıq xüsusiyyətləri və epiqrafik materialları nəzərdən keçirilir. Qəbirüstü sənduqələrdəki həndəsi və nəbati ornamentlərə, ərəb qrafikalı kitabələrə, həmçinin Seyid Kamilin adı ilə bağlı türbəyə diqqət yetirilir. Nəşrdə tarixi məlumatlarla yanaşı, yerli əhali arasında yaşayan rəvayətlər də təqdim olunur.

İkinci bölmə “Seyid İbad ağa türbəsi və onun haqqında xatirələr” adlanır. Burada 1900–1972-ci illərdə yaşamış Seyid İbad ağanın həyatı, xeyriyyəçilik fəaliyyəti və Maştağanın ictimai-mənəvi həyatındakı yeri haqqında məlumatlar toplanıb. Bölmənin mühüm hissəsini müəllifin XX əsrin 90-cı illərində informatorlardan qeydə aldığı xatirələr təşkil edir. Bu materiallarda Seyid İbad ağanın ehtiyacı olan insanlara, xəstələrə və valideyn qayğısından məhrum uşaqlara göstərdiyi yardım barədə söhbət açılır.

Nəşrdə Seyid İbad ağanın xatirəsinin yaşadılması, onun evinin qorunması və xeyriyyəçilik ənənələrinin davam etdirilməsi məsələlərinə də yer ayrılır. Kitaba ingilis dilində xülasə və mövzu ilə bağlı mətnlər, istifadə edilmiş ədəbiyyat siyahısı və illüstrasiyalar daxil edilib.

Monoqrafiyanın elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Tahir Şahbazov, redaktoru filoloq Ağənəcəf Qədirov, rəyçiləri tarix elmləri doktoru Xeyirbəy Qasımov və tarix üzrə fəlsəfə doktoru Dürdanə Yusifovadır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Müəllif Əlibaba Babayev Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Abşeron, Bərdə, Salyan, Ağdam, Xınalıq, Qəbələ və Şamaxıda aparılmış arxeoloji ekspedisiyalarda iştirak edib. O, 1998-ci ildə “Bərdə şəhərinin dulus məmulatı III–XVII əsrlər” mövzusunda dissertasiya müdafiə edib, 4 kitabın və 50-dən çox elmi məqalənin müəllifidir.

Yeni nəşr Maştağanın tarixi abidələri, yerli yaddaşı və mənəvi irsi haqqında məlumatların toplanması və oxuculara çatdırılması baxımından əhəmiyyət daşıyır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: