İyunun 17-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Konstitusiya Məhkəməsinin birgə təşkilatçılığı ilə “İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi” mövzusunda elmi konfrans keçirilib.
18 İyun – İnsan Hüquqları Gününə həsr olunan tədbirdə Konstitusiya Məhkəməsinin, İnsan Hüquqları üzrə Müvəkkil Aparatının, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Vergilər Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması sahəsində dönüşün ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra yarandığını söyləyib. O, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi və qorunması istiqamətində atılan addımlardan, ümummilli lider Heydər Əliyevin xidmətlərindən söz açıb, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Bildirilib ki, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə iyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günü kimi qeyd edilir. Ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılıb.
Akademik İ.Həbibbəyli qeyd edib ki, müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Konstitusiyada əksini tapmış bu strateji məqsəd ilk növbədə hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib.
Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova bildirib ki, Azərbaycan dövlətçiliyinin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklər üçün geniş yol açılıb, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına, onların müdafiə mexanizmlərinə xüsusi yer verilib. Prezident İlham Əliyevin həyata keçirtdiyi siyasi-sosial kursun prioritet istiqamətinin məhz insan hüquqlarının müdafiəsi olduğunu deyən S.Salmanova diqqətə çatdırıb ki, dünyada müşahidə edilən inteqrasiya prosesləri fonunda demokratik inkişaf yolu tutmuş hər bir dövlət qarşısında insan hüquq və azadlıqlarının təmin edilməsi, onların tam həcmdə həyata keçirilməsi vəzifəsi durur.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, yarandığı gündən Bilik Fondu bir sıra sahələr üzrə, eyni zamanda əhalinin hüquqi maarifləndirməsi ilə bağlı bir sıra işlər görüb. 2016-cı ildə Bilik Fondu tərəfindən 16 yerli, regional, beynəlxalq konfrans keçirilib və onlardan dördü hüquq məsələlərinə həsr olunub. Qurum tərəfindən ölkənin müxtəlif rayonlarda yaradılan Bilik evlərində təşkil edilən mühazirələrin əksəriyyəti hüquqi məsələlərə həsr olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova vurğulayıb ki, ailə, qadın və uşaq mövzusu, onların hüquqlarının müdafiəsi bu gün cəmiyyətimizin ən aktual məsələlərindəndir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra insan haqlarının müdafiəsi dövlət siyasətinin ən vacib elementlərindən birinə çevrilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Prezident İlham Əliyevin təşəbbüsü ilə 2006-cı ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təsis edilməsi müzakirə etdiyimiz mövzunun ölkəmizdə hər zaman diqqət mərkəzində olmasından xəbər verir. Azərbaycanda həyata keçirilən ailə institutu siyasəti bir çox digər dövlətlərə nümunədir. Beynəlxalq təşkilatların ölkəmizdə müvafiq istiqamətdə mövcud təcrübəni araşdırması artıq ailə anlayışına Azərbaycanda nə dərəcədə önəm verilməsindən xəbər verir.
Konfransda “Azərbaycanda insan hüquqlarının təminatı hüququ müstəvidə”, “Azərbaycan Respublikasının Konstitusiyasında insan hüquqlarının müdafiəsi məsələsi və beynəlxalq standartlar”, “Konstitusiya nəzarəti insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərindən biri kimi”, “Milli qanunvericilik sistemində uşaq və qadın hüquqlarının müdafiəsinin inkişafı: nailiyyətlər və qarşıda duran vəzifələr” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.