Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

20.06.2016 14:49
  • A-
  • A
  • A+

Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun “Kasıbların bankiri” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı olub

Nobel Sülh Mükafatı Laureatı Məhəmməd Yunusun “Kasıbların bankiri” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı olub

İyunun 20-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) Nobel Sülh Mükafatı Laureatı professor Məhəmməd Yunusun “Kasıbların bankiri” (The banker of the poor) kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib.

Xatırladaq ki, Nobel Sülh Mükafatı Laureatının Azərbaycana səfəri Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü, ADA və İqtisad universitetlərinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə BAMF-ın sədri Umud Mirzəyev 2006-cı ildə Məhəmməd Yunus və onun rəhbərlik etdiyi Qramen Bankının Nobel Sülh Mükafatına layiq görüldüyünü xatırladıb. Bildirilib ki, məşhur alim “Wharton” Biznes Məktəbinin “Son 25 ilin ən nüfuzlu biznes adamları” siyahısında 25-ci yerdədir. Daim yenilik axtardığına və səmərəli sahibkarlıq fəaliyyətinə görə “Fortune” jurnalı Məhəmməd Yunusu 2012-ci ilin mart ayında “Dövrümüzün 12 dahi sahibkarları” siyahısında 12-ci yerə layiq görüb. “AsiaWeek” (Honk Konq) təşkilatı isə onu iyirmi dahi asiyalıdan biri kimi seçib. Professor Məhəmməd Yunus 20 ölkədən olan universitetdə 55 fəxri dərəcəyə, həmçinin 26 ölkənin 112 mükafatı, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülüb. O, ABŞ Prezidentinin Azadlıq medalını və ABŞ Konqresinin qızıl medalını almış yeddi şəxsdən biridir.

Diqqətə çatdırılıb ki, Qramen Bankının və dünyanın 41 ölkəsində fəaliyyət göstərən 50-dən çox iqtisadi qurumun təsisçisi Məhəmməd Yunusun müəllifi olduğu “Kasıbların bankiri” kitabının Azərbaycan dilinə tərcümə edilməsi vacib hadisədir. Əsər insana verilən yüksək dəyər, onun uğrunda aparılan mübarizə toplusudur. Kitabda uğura yalnız gərgin əmək, zəhmətsevərlik, yüksək bilik və təcrübə ilə nail olmağın mümkünlüyü qeyd olunur.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli artıq bir neçə ildir Azərbaycanda Nobel mükafatçıları ilə görüşün ənənə halını aldığını söyləyib. Bildirib ki, Məhəmməd Yunus ilə görüş və onun kitabının təqdimatı bu ənənənin davamıdır.

Akademik İ.Həbibbəyli qeyd edib ki, Nobel mükafatçıları ilə görüşlər dünyanın ən mühüm nailiyyətlərinin Azərbaycana gətirilməsi və ölkəmizin beynəlxalq aləmdə tanıdılması kimi ali məqsədə xidmət edir.

Bildirilib ki, “Kasıbların bankiri” kitabı yoxsulluqdan xilas olmaqda, cəmiyyətin çətinlikdən xoşbəxt gələcəyə doğru inkişafında insan amilinin maliyyə amilindən üstün olması fikrini formalaşdırır. Bu kitab insan iradəsinin manifestidir. Dərin insanlıq sevgisi, özünəinam, maarifçilik, böyük ümidlər “Kasıbların bankiri” kitabından çıxarılan əsas nəticələrdir.

Kitabının Azərbaycan dilinə tərcüməsindən məmnunluğunu bildirən Məhəmməd Yunus Azərbaycanda yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində atılan addımları yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycanda sosial-iqtisadi inkişaf proseslərində sosial amilin daim diqqətdə saxlanılması, biznes mühitində sosial məsuliyyətin güclənməsi yönündə müsbət meyillər təqdirəlayiqdir.

Sonda Məhəmməd Yunusa BAMF-ın ali mükafatı təqdim edilib. Bildirilib ki, bu ali mükafat indiyədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyova təqdim olunub. Həmin mükafat dünya miqyasında vətəndaş cəmiyyətinin inkişafına töhfə verən, beynəlxalq səviyyədə sosial və iqtisadi sahələrdə nailiyyətlər əldə edən, dünya elminin inkişafında əvəzsiz rol oynayan və münaqişələrin həllində sülhü təbliğ edən ictimai xadimlərə təqdim olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: