AMEA Nizami adına Ədəbiyyat İnstitutunda Macarıstan Elmlər Akademiyası (EA) Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georq Xazai və Türkiyə Qafqaz Universitetlər Birliyinin sədri, professor Ramazan Qorxmazla görüş keçirilib.
Görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli akademiyanın humanitar elmlər sahəsində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrində görülən işlərdən söz açıb, ölkə rəhbərliyi tərəfindən elmə göstərilən qayğını xüsusi vurğulayıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, son illər Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunmuşdur: “Ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasətinin göstəricisidir ki, Azərbaycan elmi dünyaya inteqrasiya olunur, qarşılıqlı beynəlxalq münasibətlər nəticəsində elm inkişaf edir”.
Akademiya rəhbərliyinin prioritet vəzifələr sırasında beynəlxalq elmi əlaqələrə böyük önəm verdiyini söyləyən akademik rəhbərlik etdiyi qurumda uzun illər yaranmış boşluğun aradan qaldırılmasına xüsusi diqqət yetirildiyini bildirib.
Ədəbiyyat İnstitutunun yaranma tarixi, inkişaf yolu, elmi istiqamətləri barədə qonaqlara məlumat verən akademik bu əlaqələrin ədəbiyyat elmi sahəsində ölkələrimiz arasındakı əməkdaşlıqda səmərə verəcəyini qeyd edib. Akademik Naxçıvan Muxtar Respublikasında keçirilmiş Türk Dünya Gənclər Qurultayından sonra görülən işlərdən, Türkiyə və Macarıstanda elmi sferadakı görüşlərindən danışaraq ölkələrimiz arasında elmi əməkdaşlığın bundan sonra davam etdirilməsinin vacibliyini vurğulayıb, böyük Azərbaycan mütəfəkkirlərinin, o cümlədən Cəlil Məmmədquluzadənin əsərlərinin macar dilinə tərcüməsi və digər məsələlərdən ətraflı bəhs edib.
Macarıstan EA Türkoloji Araşdırmalar İnstitutunun direktoru, akademik Georq Xazai və Türkiyə Qafqaz Universitetlər Birliyinin sədri, professor Ramazan Qorxmaz Türkiyə, eləcə də Macarıstanla qurulmuş elmi əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətindən danışaraq yeni istiqamətlərdə fəaliyyət sahələrinin qurulmasının vacib olduğunu diqqətə çatdırıblar.
Sonda AMEA Ədəbiyyat İnstitutu və Türkiyə Qafqaz Universitetlər Birliyi arasında anlaşma memorandumu imzalanıb. Əməkdaşlıq sazişini akademik İsa Həbibbəyli və professor Ramazan Qorxmaz imzalayıblar.
Qeyd edək ki, bu sənəd son üç ay ərzində Ədəbiyyat İnstitutunun bağladığı sayca dördüncü beynəlxalq müqavilədir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.