Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2016 14:09
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın oxucuların istifadəsinə verilməsinin bir illiyi münasibətilə hesabat konfransı keçirilib

Mərkəzi Elmi Kitabxananın oxucuların istifadəsinə verilməsinin bir illiyi münasibətilə hesabat konfransı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) oxucuların istifadəsinə verilməsinin bir illiyi münasibətilə hesabat konfransı keçirilib.

Tədbiri giriş nitqi ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın inkişaf mərhələsində olduğunu söyləyərək, Kitabxananın yeni binasının istifadəyə verilməsini dövlət başçımızın elmə, təhsilə, mədəniyyətə göstərdiyi diqqətin bariz nümunəsi olduğunu bildirib.

Akademik İ.Həbibbəyli MEK-də həyata keçirilən Milli rəqəmsal yaddaş, “Vahid İdarəetmə sistemi”, “Vikipediya”, “Paralel sorğu”, “Açıq Kitabxana” və digər layihələrin uğurla icra edildiyini qeyd edərək, ümummilli lider Heydər Əliyev irsinə aid olan ədəbiyyatın rəqəmsallaşdırılmasını, elektron kataloqa və videotəqdimat formatına salınmasını xüsusi vurğulayıb. O, bu qurum ilə AMEA institutlarının kitabxanalarının əməkdaşlığının vacibliyini qeyd edib.

MEK-də həyata keçirilən layihələrdən və tədbirlərdən söz açan akademik hazırda müasir standartlara cavab verən kitabxananın hər cür zəruri avadanlıqlarla təchiz olunduğunu deyib. AMEA-nın vitse-prezidenti kitabxananın mərkəzi islahatlar rolunu oynadığını söyləyərək, il ərzində oxuculara göstərdikləri peşəkar xidmətə görə minnətdarlığını bildirib, kollektivə uğurlar arzulayıb.

Sonra çıxış edən kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova il ərzində görülən işlər və əldə olunan nəticələr barədə hesabat məruzəsi ilə çıxış edib. O, 2015-ci ilin sentyabr ayında MEK-in açılışı zamanı qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini bildirib: “Cəmi 7 aya kitabxana fondları əsas binadan yeni binaya köçürüldü və 3 aya istifadəçilərin xidmətinə hazırlandı. Şöbələr yenidən qurularaq bir sıra layihələr həyata keçirildi. Həmçinin kitabxananın saytı istifadəyə verildi”.

L.İmanova 2016-2019-cu illər üçün 5 strateji hədəf müəyyən edildiyini bildirərərək, bunların Vahid İdarəetmə sisteminin tam hazırlanıb istifadəyə verilməsi, Milli rəqəmsal yaddaş bazasının işlək vəziyyyətə gətirilməsi, peşəkar heyətin formalaşması, beynəlxalq əməkdaşlığın və ictimaiyyətlə əlaqələrin qurulması, informasiya təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi olduğunu söyləyib. 

Sonda kitabxananın fəaliyyətini əks etdirən film nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: