AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru Yusif Şükürlü, elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fərhad Əzizov, biologiya üzrə fəlsəfə doktoru Qüdürət Bəkirov və elmi işçilər Yevgeniya Bəkirova, Aygün İsmayılova, Coşqun Məmmədov sentyabr ayının 28-30-da Gürcüstanda elmi ezamiyyətdə olublar.
Məqsəd Tbilisi şəhərində keçirilən “Kənd təsərrüfatının davamlı inkişafı naminə ekoloji təmiz məhsullar istehsalının müasir texnologiyaları” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək idi.
Tədbir Gürcüstanın Kənd Təsərrüfatı Akademiyasının təşkilatçılığı və Şota Rustaveli adına Milli Elm Fondunun maliyyə dəstəyi ilə baş tutub.
Beynəlxalq tədbirdə azərbaycanlı alimlər “İpəkçilikdə flüoresent maddələrin tətbiqi ilə rəngli baramanın alınması”, “Azərbaycanın Şəki-Zaqatala bölgəsinin yerli armud (Pyrus communis L.) sortlarının tozcuqlarının tədqiqi”, “Azərbaycanın Şəki-Zaqatala zonasında yetişdirilən Amarant (Amaranthus L.) bitkisinin biomorfoloji xüsusiyyətləri” və “Azərbaycanın şimal-qərb bölgəsində kənd təsərrüfatının davamlı inkişafında ekoloji təmiz əkinçiliyin əhalinin məşğuliyyətində rolu və əhəmiyyəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.