AMEA Rəyasət Heyətində AMEA-nın Nizamnamə Komissiyasının iclası keçirilib.
Komissiyanın sədri AMEA-nın vitse-prezidenti, akademikİsa Həbibbəylinin sədrliyi ilə keçirilən iclasda akademiyanın Nizamnaməsinin yenidən işlənilməsinin zəruriliyi qeyd edilərək bu sahədəki dünya təcrübəsindən geniş söhbət açılıb. Polşa, Bolqarıstan, Rusiya, Qazaxıstan, Belarus və Ukrayna Elmlər Akademiyalarının Nizamnamə təcrübələrinin öyrənildiyi vurğulanıb.
18 sentyabr 2013-cü il tarixdə AMEA Nizamnaməsinin yenidən hazırlanması haqqında qərar qəbul edildiyini söyləyən İ.Həbibbəyli bildirib ki, bununla bağlı Nizamnamə Komissiyası və İşçi qrupu yaradılmış, komissiyanın yeni tərkibi təsdiq edilmişdir.
İ.Həbibbəylinin sözlərinə görə, əsas məqsəd Nizamnamənin müstəqil Azərbaycanın dövlətçilik prinsiplərinə, elm sahəsində, xüsusən AMEA-da gedən islahatlara hüquqi təminat verə biləcək yekun bir sənədə çevrilməsini təmin etməkdir.
İclasda AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim ƏliquliyevAzərbaycanda elmin inkişafına dövlət başçısının xüsusi diqqət və qayğısından söz açaraq Nizamnamənin yenidən işlənərək təkmilləşdirilməsini zəruri edən tələblərdən danışıb. Bildirib ki, müasir texnoparkların, innovasiya mərkəzlərinin yaranması akademiyanın biliklər iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsinə böyük təkan verəcək. AMEA-nın bütün qurumlarının Nizamnamənin yenilənməsi prosesində yaxından iştirak etdiyini vurğulayan alim, elmin maliyələşdirilməsi ilə bağlı yeni təkliflərin hazırlanmasının vacibliyini önə çəkib.
İclasda çıxış edən komissiya üzvləri – akademiklər Asəf Nadirov, Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Pərviz Məmmədov, riyaziyyat üzrə fəlsəfə doktoruƏminağa Sadıqov, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov və başqaları Nizamnamənin əsaslı şəkildə təkmilləşdirilməsi ətrafında fikir və təkliflərini irəli sürüblər.
İclasda elmin maliyələşdirilməsi, akademiyanın “Mərkəzi İcra Hakimiyyəti Orqanı” statusu alması, ümummilli lider Heydər Əliyevin “Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adının verilməsi haqqında” 15 may 2001-ci il tarixli Fərmanına əsasən 15 may tarixinin ölkədə “Elm günü” kimi təsis olunması, magistr sisteminin yaradılması və s. məsələlər müzakirə edilib.
Bundan əlavə, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin ayrılaraq Humanitar Elmlər Bölməsi və İctimai, o cümlədən informasiya cəmiyyətinin tələblərinə müvafiq olaraq İnformasiya Elmləri Bölməsinin yaradılması təklif olunub. Həmçinin, akademiyada seçkilərin 5 ildən bir keçirilməsi, elmlər doktorlarına “Fəxri doktor” adının verilməsi və digər məsələlərlə bağlı çıxışlar edilib.
Qeyd edək ki, AMEA Rəyasət Heyəti yeni layihəni müzakirə etdikdən sonra məsələ illik ümumi yığıncağın müzakirəsinə çıxarılacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.