İsrailin Təbiət və Humanitar Elmlər Akademiyasının icraçı direktoru Meir Zadok, Veyzman İnstitutunun professoru Rut Arnon AMEA-nın Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının qonağı olublar.
Görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə rəhbərlik etdiyi qurumun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında məlumat verib.
Qonaqlar institutun Bitki ehtiyatları şöbəsində aparılan elmi-tədqiqat işləri ilə tanış olub, Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin toplanması, hazırlanması, saxlanma şəraiti və Avropa Məlumat Bazasına daxil edilməsi üzrə aparılan müasir istiqamətli işlərlə xüsusi maraqlanıblar. Azərbaycanda yayılan dərman bitkilərinin növlərinə dair hazırlanmış elektron-məlumat bazasında dərman bitkilərinin növ tərkibində və dinamikasındakı dəyişiklikləri təhlil etməyə və ümumiləşdirməyə imkan verən 26 müxtəlif parametr qonaqların xüsusi marağına səbəb olub.
M.Zadok Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının müasir vəziyyətini, əməkdaşlığın perspektivlərini yüksək dəyərləndirib, kadr və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.