AMEA Rəyasət Heyətində dövlət müstəqilliyinin bərpa olunmasının 25 illiyinə həsr edilən “Müstəqillik yollarında: Heydər Əliyevdən İlham Əliyevə” mövzusunda elmi konfrans və “Müstəqillik yollarında - 25” kitabının təqdimatı keçirilib.
Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra elmin inkişafına göstərilən xüsusi diqqətdən, son illərdə ölkə həyatının bütün istiqamətlərində, o cümlədən elm sahəsində qazanılan uğurlardan danışıb.
“Zaman, müasir inkişaf və elm” mövzusunda çıxış edən akademik bildirib ki, ulu öndər Heydər Əliyevin dövlətçilik təlimində elm amili daim aparıcı mövqeyə malik olub. Ölkəmizdə müasir cəmiyyət quruculuğunun sonrakı mərhələlərində də elmin inkişafına xüsusi diqqət yetirilib. Beləliklə, zaman, müasir inkişaf və elm bir-birini üzvi surətdə tamamlayıb.
A.Əlizadə vurğulayıb ki, Azərbaycan elmi görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə rəhbərliyinin hər iki dövründə böyük inkişaf yolu keçib. Heydər Əliyev epoxasının Azərbaycan Elmlər Akademiyası Sovetlər İttifaqında tanınmış mühüm elmi qurumlardan birinə çevrilib.
Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə elmin inkişafına göstərilən xüsusi diqqətdən, AMEA-nın fəaliyyəti üçün yaranmış təhlükənin aradan qaldırılmasından söz açan akademik deyib: “Müstəqillik illərində ölkənin sosial-iqtisadi, mədəni-mənəvi tərəqqisinə adekvat olaraq inkişaf edən sahələrdən biri də elmi fəaliyyət sahəsidir. Son 25 ildə bütün sferalarda olduğu kimi, milli sərvətimizin tərkib hissəsi olan elmi potensialın qorunması, inkişaf etdirilməsi dövlət siyasətinin vacib istiqamətlərindən birini təşkil edib. Bu illər ərzində istər elmin maddi-texniki bazasının gücləndirilməsi, istər infrastrukturunun müasir tələblər səviyyəsində təşkili, istərsə də prioritetlərinin dünya elminin inkişaf tendensiyaları və ölkənin tələblərinə uyğunlaşdırılması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilib”.
Akademik A.Əlizadə bildirib ki, elmin cəmiyyətdə mövqeyinin möhkəmləndirilməsi və müstəqil dövlət quruculuğunda, ölkənin sosial-iqtisadi inkişafında daha yaxından iştirakının təmin edilməsi məqsədilə ümummilli lider Heydər Əliyev 2001-ci il 15 may tarixli Fərmanı ilə ölkənin əsas intellektual potensialının cəmləşdiyi Elmlər Akademiyasına “Azərbaycan Milli Elmlər Akademiyası” statusunu verib. Bu status vaxtilə sovet elm sisteminin tərkib hissəsi kimi formalaşmış və inkişaf etmiş Azərbaycan elminin müstəqillik mərhələsinin tələblərinə uyğun olaraq milli əsaslar üzərində yenidən təşkilində müstəsna rol oynayıb.
“Müstəqillik yollarında - 25” kitabının əhəmiyyətindən danışan akademik A.Əlizadə qeyd edib ki, nəşrdə Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpa olunmasının 25 ili ərzində cəmiyyət həyatının əsas sahələri üzrə keçilmiş məsuliyyətli və şərəfli yoldan, qazanılan mühüm nailiyyətlərdən bəhs edilir. Prezident İlham Əliyevin “Hesab edirəm vaxt gəlib çatıb ki, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsər də yaradılsın. Gələn il biz müstəqilliyimizin 25 illiyini qeyd edəcəyik. Hesab edirəm ki, o vaxta qədər əgər belə sanballı əsər yaradılarsa, bayramımıza çox gözəl töhfə olar” sözlərini xatırladan akademik dövlətimizin başçısının tövsiyəsi ilə hazırlanan bu kitabı Azərbaycan alimlərinin əlamətdar yubileyə mühüm töhfəsi kimi dəyərləndirib.
Bildirilib ki, “Müstəqillik yollarında-25” məqalələr toplusu üç fəsildən – “Müstəqil Azərbaycan dövlətinin müqəddəratı: itirilmə təhlükəsindən – sabitliyə, quruculuğa və inkişafa”, “Azərbaycan Respublikası müasirləşmə və modernləşmə yollarında (2003-2016)”, “Mənəvi mühitin müasir siması” fəsillərindən ibarətdir. Kitabda tanınmış elm adamlarının Azərbaycanda dövlət müstəqilliyinin bərpasının ilk dövrlərində ölkədəki ictimai-siyasi vəziyyət, demokratik-hüquqi dövlət quruculuğu prosesi, müstəqillik illərində multikulturalizm və tolerantlıq, xarici siyasət sahəsində qazanılan uğurlar və perspektivlər, müstəqil dövlətçiliyin Azərbaycan modeli, iqtisadi böhrandan sabitliyə aparan yollar və digər məsələlərə həsr olunan məqalələri yer alıb.
“Şərq-Qərb” nəşriyyatında işıq üzü görmüş, 628 səhifədən ibarət “Müstəqillik yollarında” məqalələr toplusunun məsul redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
Akademik A.Əlizadə vurğulayıb ki, “Müstəqillik yollarında-25” kitabı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ümumi redaktorluğu ilə nəşr edilib. Kitab akademik Ramiz Mehdiyevin “Dövlət müstəqilliyi: Heydər Əliyev fenomeni və müasir dövr” adlı məqaləsi ilə açılır. Milli dövlət quruculuğu və bu prosesdə “milli siyasi lider” amilinin həlledici rolundan bəhs edən məqalədə XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi səciyyələndirilir. Müəllif yazır ki, tarixin bu dövründə baş verən hadisələr dahi şəxsiyyət Heydər Əliyevi yenidən siyasi səhnəyə gətirdi. Dünya siyasi tarixində baş verən hadisələrin mürəkkəbliyi, bir quruluşa malik dövlətlərin məhvi, digərlərinin yaranması baxımından XX əsrin sonları heç bir dövrlə müqayisə edilə bilməz. Azərbaycan mövcud olduğu coğrafiya, zəngin təbiəti, Şərq və Qərb arasında ortaq-sintez sivilizasiya missiyası ilə tarix boyu diqqət mərkəzində olub və belə bir dövlətin lideri olmaq xüsusilə çətindir.
Akademik Ramiz Mehdiyev məqaləsində qeyd edir ki, Heydər Əliyevin siyasi xidmətlərini dəyərləndirmək üçün, ilk növbədə, onun hakimiyyətə gəlişi zamanı mövcud olan dəyişiklik və inqilab dalğasının nə qədər güclü mənbələrdən yönəldildiyini yada salmaq kifayətdir. Xarici və daxili siyasi milli gündəlikdə duran məsələlərin mürəkkəbliyi, antiazərbaycançı qüvvələrin son dərəcə fəallaşması səhv etmək imkanlarını tükəndirmişdi.
Tədbirdə “Müstəqil dövlətçiliyin Azərbaycan modeli” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın sürətli inkişafında və dünya ölkələri sırasında nüfuzlu mövqe tutmasında ümummilli lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışıb. Bildirilib ki, Azərbaycan Respublikasında müstəqil dövlətçiliyin inkişaf modelinin formalaşdırılması görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Ulu Öndər Azərbaycanda müstəqil dövlət quruculuğunun baş memarı kimi ölkəmizin tarixi salnaməsinə zəngin və parlaq səhifələr yazıb. Akademik İ.Həbibbəyli Azərbaycanın müasir tarixinin 35 ilə yaxın böyük bir dövründə Ulu Öndərin keçdiyi çətin və şərəfli yolun, göstərdiyi tarixi xidmətlərin, əldə etdiyi mühüm nəticələrin müasir inkişafın Azərbaycan modelinin əsasını təşkil etdiyini diqqətə çatdırıb.
İ.Həbibbəyli qeyd edib ki, Prezident İlham Əliyev ölkəmizdə müstəqil dövlətçiliyin təməl prinsiplərindən biri olmuş azərbaycançılıq təliminin daha da inkişaf etdirilməsinə böyük töhfələr verir. Ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunmasının ənənə halını alması, dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi cəmiyyətdə azərbaycançılıq şüurunu və məfkurəsini dərinləşdirir.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttinin ölkəmizdə ardıcıllıqla davam etdirildiyini söyləyən AMEA-nın vitse-prezidenti müstəqil dövlətçiliyin Azərbaycan modelinin müasir inkişafın əsas hədəflərini özündə əks etdirdiyini və daha işıqlı sabahlara çatmaq üçün real təminat verdiyini vurğulayıb.
Sonra konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin "Müstəqillik illərində multikulturalizm və tolerantlıq" mövzusunda məruzəsi dinlənilib. Akademik bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi ölkəmizdə əsrlərdən bəri formalaşmış multikulturalizm və tolerantlığın sonrakı inkişafı üçün əlverişli şərait yaradıb. Ümummilli lider Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanın əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik (multikultural) ənənəsini bərpa edərək onu keyfiyyətcə yeni mərhələyə yüksəldib.
Akademik K.Abdullayev Azərbaycanın multikultural ənənəsinin dövlət tərəfindən qorunması istiqamətində həyata keçirilən işlər sırasında Ümummilli Liderin göstərişi ilə bu məsələnin hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasını xüsusi vurğulayıb. Dövlət müşaviri deyib: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən multikulturalizm siyasəti xalqımızın həyat tərzinə çevrilərək Azərbaycanın multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsini bir sıra ölkələr üçün örnək kimi təqdim edir”.
Daha sonra tədbirdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun “Azərbaycanda dövlət müstəqilliyinin başlanğıc dövrü: çaşqınlıqdan inama və inkişafa doğru”, Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadənin “Müstəqil dövlətçiliyin siyasi-ideoloji əsaslarının formalaşdırılması prosesləri: Azərbaycançılıq”, AMEA-nın müxbir üzvü Əli Nuriyevin “İqtisadi böhrandan sabitliyə, müstəqil dövlət quruculuğuna, islahatlara və inkişafa”, Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının “Müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin əsasları və müasir dövr”, AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “Demoqrafik proseslərdə dəyişmələr və məşğulluq problemlərinin həlli”, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun “Əhali coğrafiyasının reallıqları: inkişaf dinamikası, məskunlaşma, resurslar və perspektivlər”, Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun “Azərbaycan Respublikasında dövlət dili siyasətinin möhkəmləndirilməsi” və Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Milli mədəniyyətin inkişafında yeni mərhələ” mövzularında məruzələri dinlənilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.