Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.10.2016 16:49
  • A-
  • A
  • A+

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Dövlət Müstəqilliyi Gününə həsr olunan elmi sessiya keçirilib

Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Dövlət Müstəqilliyi Gününə həsr olunan elmi sessiya keçirilib

Oktyabrın 18-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illik yubileyi münasibətilə “Müstəqillik illərində Azərbaycan mədəniyyətinin tədqiqi, təbliği, təqdimi, qorunması və beynəlxalq əlaqələrinin inkişafı” mövzusunda elmi sessiya keçirilib.

Tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edən muzeyin direktoru, akademik Rafael Hüseynov müstəqilliyin bərpasından sonra Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan danışıb. Bildirib ki, bu gün Azərbaycan dünya dövlətləri sırasında özünə layiqli yer tutub. Bu inkişaf və tərəqqi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Müstəqillik Gününün bəhrələridir.

Akademik R.Hüseynov müstəqilliyin ilk illərində Azərbaycanın dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşdiyini xatırladıb. Qeyd edib ki, xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz məhvolma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edilib. Həmçinin ictimai-siyasi sabitlik bərqərar olub və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradılıb.

Bildirilib ki, müstəqillik illərində Azərbaycanda yeni bir gənc nəsil formalaşıb. Bu nəsil müstəqil Azərbaycanın dəyərləri əsasında formalaşmış gənclərdən ibarətdir. Həmin gənclər məhz müstəqil Azərbaycan Respublikasında dünyaya göz açıb və müstəqil dövlətin vətəndaşları kimi formalaşıblar.

Daha sonra fil.e.d., professor Kamil Allahyarovun "Müstəqillik dövründə Novruz bayramı" və fil.e.d. Şəfəq Əlibəylinin "Müstəqillik dövrü və ana dilimiz" mövzusunda məruzələri dinlənilib.

Tədbirdə digər çıxış edənlər müstəqilliyimizin müxtəlif dövrlərində həyata keçirilən tədbirlərdən, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəqilliyimizin qorunmasında və inkişaf etdirilməsində misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin daimi və əbədi olacağına inamlarını ifadə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: