Oktyabrın 18-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında bu elm müəssisəsi və Hüseyn Cavidin Ev Muzeyinin birgə təşkilatçılığı ilə, Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə və böyük şair, dramaturq Hüseyn Cavidin anadan olmasının 134 illiyinə həsr edilən “Hüseyn Cavid və müasir gənclik” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq dövlət müstəqilliyimizin 25-ci ildönümü ilə əlaqədar AMEA-da çoxsaylı tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb. O, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yollarından, xüsusilə elm, təhsil və mədəniyyət sahələrində qazanılan nailiyyətlərdən danışıb.
Böyük şair və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığından bəhs edən akademik İ.Həbibbəyli dahi sənətkara həsr olunan bugünkü tədbiri mühüm istiqlal hadisəsi kimi dəyərləndirib. O, dramaturqun ədəbi irsinin toplanması, qorunması, tədqiq və təbliğ edilməsi sahəsində Hüseyn Cavidin Ev Muzeyinin rolunu xüsusi vurğulayıb. Bildirib ki, Cavid Azərbaycanda düşüncənin, zövqün, ədəbi inkişafın yüksəlişinə güclü təkan vermiş nadir simadır.
AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli böyük şair Hüseyn Cavidin və cavidlər ailəsinin irsinin əhəmiyyətindən bəhs edib. Akademik ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ədibin nəşinin Vətənə gətirilməsi, Cavidin məzarı üzərində möhtəşəm məqbərənin ucaldılması və ilk dəfə olaraq ölkədə təntənəli şəkildə yubileyinin keçirilməsi haqqında ətraflı məlumat verib. Vurğulanıb ki, ilk dəfə 1982-ci ildə ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı nəticəsində dahi mütəfəkkirin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Bu tədbir böyük ədiblə bağlı keçirilən ən möhtəşəm və yaddaqalan yubiley mərasimi olmuşdur. Qeyd edilib ki, həmin dövrdə Cavidin ev-muzeyi yaradılmış və əsərlərinin dörd cildi nəşr edilmişdir.
T.Kərimli bildirib ki, Cavidin irsi bütün dövrlərdə yaşayacaq, insanların ruhunu təmizləyəcək və onlara saflıq, ülvilik aşılayacaqdır.
Tədbirdə Hüseyn Cavidin Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı və başqaları Azərbaycan ədəbiyyatının parlaq simalarından olan ədibin ömür yoluna nəzər salıb, Cavid şəxsiyyəti haqqında söhbət açıblar.
Sonra mövzu ilə bağlı məruzələr dinlənilib.
Məruzəçilər “Ana”, “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Səyavuş”, “Xəyyam”, “Azər” və digər ölməz əsərlərin müəllifi olan böyük şair Hüseyn Cavidin ədəbi irsi ilə bağlı fikirlərini bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.