Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

25.10.2016 15:08
  • A-
  • A
  • A+

Görkəmli özbək alimi Şuxrat Salamovun kitablarının təqdimatı olub

Görkəmli özbək alimi Şuxrat Salamovun kitablarının təqdimatı olub

Oktyabrın 25-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında AMEA Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurasında özbək tarixçi-publisisti və görkəmli alimi Şuxrat Salamovla görüş keçirilib.

Kitabxananın direktoru Mail Əhmədov çıxış edərək özbək alimin müəllifi olduğu kitabların məziyyətlərindən bəhs edib. Bildirib ki, mühüm elmi və siyasi əhəmiyyət kəsb edən bu kitabların təqdimatının keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyinin qeyd edildiyi vaxta təsadüf edir. M.Əhmədov özbək tədqiqatçının “Türküstan və Cənubi Qafqaz XlX-XX əsrlərdə, Daşnaklar: Fərqanədən Qarabağadək” kitabı üzərində işləyərkən dəfələrlə Prezident Kitabxanasında olduğunu diqqətə çatdırıb.

Tədbirdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin dərin tarixi köklərə malik olmasından danışıb. Vurğulayıb ki, təqdim olunan kitabların əsas mövzusu erməni daşnaklarının bütövlükdə türk xalqlarına qarşı yönəlmiş soyqırımlarını aşkara çıxarmaqdır. Azərbaycan xalqına qarşı erməni daşnakları tərəfindən zaman-zaman soyqırımların törədildiyi sənədlər əsasında sübut olunub.

Sonra Ş.Salamov “Daşnaksütyun Azərbaycanda və Türküstanda soyqırımların təşkilatçısı kimi” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, erməni millətçiləri Azərbaycan torpaqlarında, Gürcüstanda, Özbəkistanda müxtəlif zamanlarda ağır cinayətlər, qırğınlar, terror aktları törədib, soyqırımları həyata keçiriblər. Bolşevik terroru nəticəsində Türküstanda milyonlarla insan öldürülüb. Dinc əhalinin vəhşicəsinə qırılması əsl terror, etnik təmizləmə və soyqırımdır.

Daha sonra özbək tədqiqatçının “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” və “Qarabağ: ideyalar müharibəsi” kitablarının təqdimatı olub.

Təqdimatda bildirilib ki, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə” kitabında böyük regional dövlətlərin öz geosiyasi məqsədlərinə çatması üçün erməni amilindən istifadə etməsi, Türküstanda, həm də Cənubi Qafqazda, Kiçik Asiyada türk etnosuna qarşı aparılan soyqırımı siyasəti tarixi faktlarla sübut olunur. Ermənilərin türk xalqlarına qarşı törətdikləri cinayətlərdən və soyqırımı siyasətindən bəhs edən bu qiymətli əsər Orta Asiyada bu mövzuda yazılan ilk tədqiqat işidir.

Müəllifin sözlərinə görə, bu kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunur, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları irəli sürməsi tutarlı faktlarla ifşa edilir, tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan adlı dövlətin yaradıldığı bildirilir.

Qeyd olunub ki, “Qarabağ: ideyalar müharibəsi” kitabında isə erməni daşnaklarının öz havadarlarının köməyi ilə insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar yer alıb. Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır.

Sonda Ş.Salamova Tarix İnstitutunun fəxri doktoru  adı verilməsi haqqında institutun Elmi Şurasının qərarı səsləndirilib və alimə fəxri doktor diplomu təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: