Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.11.2016 10:23
  • A-
  • A
  • A+

Türk dünyasının alimləri mükafatlandırılıblar

Türk dünyasının alimləri mükafatlandırılıblar

Məlum olduğu kimi, noyabrın 14-də AMEA-nın Rəyasət Heyəti,  Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyyət və Turizim Nazrliyi, Nəsimi adına Dilçilik İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “Türkoloji Elmi-Mədəni Hərəkatda Ortaq Dəyərlər və Yeni Çağırışlar” mövzusunda beynəlxalq konfrans işinə başlayıb.

Konfrans çərçivəsində Nizami adına Ədəbiyyat İnstitutunda “Türk xalqlarının ortaq dərslikləri” mövzusunda “Ortaq türk tarixi”, “Ortaq türk ədəbiyyatı”, “Ortaq türk coğrafiyası” dərslikləri ilə bağlı təkliflərin müzakirəsi keçirilib. AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, , akademik İsa Həbibbəyli tədbiri giriş sözü ilə açaraq müzakirənin məqsəd və əhəmiyyətini izah edib. Qeyd edib ki, beynəlxalq konfrans ölkə Prezidenti cənab İlham Əliyevin "I Türkoloji Qurultayın 90 illiyinin qeyd olunması haqqında" 2015-ci il 18 fevral Sərəncamına əsasən keçirilir və “Türk xalqlarının ortaq dərslikləri” mövzusunda aparılan müzakirə də 1926-cı ildə keçirilmiş I Türkoloji Qurultayın ideal və məqsədlərini bu gün həyata keçirir. Türk xalqlarının ortaq dərsliklərinin hazırlanmasının mühüm məsələlərdən biri olduğunu qeyd edən akademik İsa Həbibbəyli mövzu ilə bağlı fikir və təkliflərini söyləyib.

Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli çıxış edərək bildirib ki, Akademiyanın “Türk xalqlarının ortaq dərslikləri” layihəsi Qazaxıstan Respiblikasının prezidenti N.Nazarbayevin dəstəyi ilə baş tutub.

Daha sonra  AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Türkiyənin Hacettepe Universiteti Ədəbiyyat fakültəsi Türk Dili və Ədəbiyyatı Bölümü Başqanı Şükrü Haluk Akalın, professorlar Əhməd Bican Ərcilasun, Ramazan Qorxmaz, Fikrət Türkmən, Osman Fikri Sərtqaya və b. çıxış ediblər.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova “Türkdilli ölkələrin Əməkdaşlıq Şurasına daxil olan Elmlər Akademiyalarının və Beynəlxalq Türk Akademiyasının Kitabxanalarının Assosiasiyası”nın yaradılması layihəsi haqqında məlumat verib.

Tədbirdə professor Darxan Kıdırəli Ədəbiyyat İnstitutunun, professor Əhməd Bican Ərcilasun isə Dilçilik İnstitutunun fəxri doktoru adına layiq görülüblər.

Ortaq türk dəyərlərinin təbliğində xidmətlərinə görə Əhməd Bican Ərcilasun, Osman Fikri Sərtqaya və Fikrət Türkmən Beynəlxalq Türk Akademiyasının medalı ilə təltif olunublar.

Beynəlxalq konfrans noyabrın 15-də işini davam etdirəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: